Rusiyanın Dəməşqdəki səfiri Aleksandr Efimov Suriya ilə Türkiyə arasında əlaqələrin inkişafı üçün yol xəritəsinin hazırlanması ilə bağlı araşdırmalardan danışıb. Efimov “Bu iki tərəfin mövqeyi hələ də bir-birindən uzaqdır. 12 il ərzində məhv olanı bir neçə həftə və ya ay ərzində düzəltmək çətindir. Bu istiqamətdə qarşıda bizi çox iş gözləyir”, - deyə bildirib.
Hafta.az-ın Suriyanın “Əl-Vətən” qəzetinə istinadən yazdığına görə, səfir Efimov dördtərəfli görüşlərdə indiyə qədər əldə edilən müsbət nəticələrə diqqət çəkib. O, yolun nə qədər uzun olsa da, həmişə ilk addımdan başladığını və bunun çox vaxt ən çətin və ən vacib addım olduğunu qeyd edib.
Efimov Suriya ilə Türkiyə arasında 10 illik durğunluqdan sonra təmasların özlüyündə uğurlu olduğunu və bunun bütün Yaxın Şərqdəki atmosferə müsbət təsir göstərdiyini, həmçinin Suriya ilə ərəb ölkələri arasında əlaqələrin yenidən qurulmasına müsbət təsir etdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin bu kontekstdə müsbət amil olacağına inandığını deyən Efimov, seçki təzyiqləri aradan qaldırıldıqdan sonra Türkiyə rəhbərliyinin xarici siyasətin bu aspektinə daha çox diqqət yetirəcəyini proqnozlaşdırıb.
Mayın 10-da Moskvada keçirilən Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşünü müsbət dəyərləndirən Rusiya mənbələri Suriya ilə Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması üçün 4 ölkənin müdafiə nazirlikləri ilə koordinasiyalı şəkildə yol xəritəsinin hazırlanması ilə bağlı razılığın əldə edildiyini bildirib.