İndi isə 700 minlik YAP-da bəzilərinin başı yalnız özlərinə, var-dövlət yığmağa qarışıb.
Hakim Yeni Azərbaycan Partiyasında islahatların vacibliyi barədə son vaxtlar həm bəzi partiya funksionerlərinin fikirləri, eyni zamanda, cəmiyyət tərəfindən də çağırışlar eşidilməkdədir.
Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat Maksim Musayev “Həftə içi” qəzetinə müsahibəsində daha çox tənqidə üstünlük verib.
- Maksim müəllim, son illər və aylarda, demək olar ki, hamısı YAP üzvü olan bir sıra yüksək və orta vəzifə sahibləri, o cümlədən nazirlər, icra başçılarının işlərində, xalqla, vətəndaşla davranışlarında yol verdikləri nəinki xəta və nöqsanlara, ağır cinayətlərə, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə hallarına görə tutduqları postlardan azad olunması, bəzilərinin hətta həbs olunması hakim partiyada islahat və kadr yenilənmələrinin vacibliyini gündəmə gətirib. Yəqin ki, artıq YAP lideri olaraq Respublika Prezidenti İlham Əliyev də iş qrafikinin çox məhdud olmasına rəğmən bu haqda düşünməkdədir....
- Bilirsiniz, son onilliklərdə ölkədə həm aşağılarda, həm də yuxarılarda çox qəribə bir tendensiya yaranıb. Haradasa bir az çətin bir problem yaranan kimi, hamı cənab Prezidentə üz tutur. Hakim partiyaya – YAP rəhbərliyinə bir müraciət edən yoxdur ki, onlar da xalqın problemləri ilə maraqlansınlar. Məgər cənab Prezidentin vaxtı, imkanı var ki, hər rayonda hansısa icra başçısının, digər rəhbər məmurun nə işlə məşğul olduğunu, kimdən nə verib-aldığını bilsin? Bunları partiyanın mərkəzi aparatı və rayon şöbələri bilməlidir. YAP-ın İcra Katibliyi, Siyasi Şurası, İdarə Heyəti, nəzarət qrupları var... Bunlar işləməli və YAP sədrinə hesabat verməlidir. Axı, siz dediyiniz kimi, demək olar ki, bütün icra başçıları, nazirlər, digər yüksək vəzifəli məmurların hamısı YAP üzvləridir. Bunların işlərinə partiya tərəfindən nəzarət olunmalı, nöqsanları, günahları müəyyən edilməli, cinayətə meyil edənlər bundan çəkindirilməli, yeri gələndə partiya cəzaları tətbiq edilməlidir. Heç Prezident Administrasiyasının şöbələri də bütün problemləri həll etməyi çatdıra bilməz... Gərək partiyanın da şöbələri işləsin. Administrasiyanın əsas əməkdaşlarının sayı, uzağı, 150-200 nəfər olar, amma partiyanın 700 minədək üzvü var. Siyasi Şuradan, İdarə Heyətindən tutmuş hər bir sıravi üzvədək partiya fəallaşmalıdır. Təəssüf ki, bunlar Prezidentə heç bir köməklik göstərmirlər...
Üzümü partiyanın aparıcı şəxslərinə tuturam. Sizlərin hazırda özünüzün, rayon şöbələrinin qərargahlarının kabinetlərinə girirsən, adam heyran qalır. Mən Kremldə də olmuşam, orada da belə yüksəksəviyyəli dəm-dəsgah görməmişəm. Prezident, dövlət sizin üçün hər cür şərait yaradıb, zəhmət çəkin, işləyin də. Yoxsa başqa şeylərdi sizin məqsədiniz? Bu minvalla ölkəmizin o ağır günlərində minbir əziyyətlə yaradılmış partiyanı pis vəziyyətdə qoyursunuz axı. Ona görə də dözmək olmur bunlara. Kimsə yaxşı iş görməyib qürrələnəndə adama çox pis təsir edir. Budurmu sizin gördüyünüz işin nəticəsi? Yaxşı iş olanda qürrələnirsiniz, bir balaca pis işlə rastlaşanda, niyə belə olmasının səbəbini soruşanda cavab verirsiniz ki, cənab Prezidentin tapşırığını gözləyirdik. Məgər əliəyri, tamahkar partiya üzvünə doğru yol göstərmək üçün cənab Prezidentin birbaşa göstərişinə, tapşırığına ehtiyac var?!
Biz indi Konstitusiyanın tələblərinə əsasən YAP-ın demokratik quruluşa töhfələr verməsindən danışmalıyıq. Ancaq gerçəklik odur ki, çoxsaylı YAP-çı məmur ordusu cərgələrində baş verənlər bu haqda bəhs etməyi çətinləşdirir. Qanunların aliliyinin ölkədə təmin edilməsində partiyamızın rolu yalnız tənqidəlayiqdir. İqtidar partiyası qanun keşiyində duran partiya olmalı və öz üzvlərinə qanunçuluqda nümunə olmalıdır. Təəssüf ki, qanun pozuntusu olan dövlət və hökumət qurumlarında aparıcı vəzifələrin əksəriyyətində YAP üzvlərinin olması heç kəsə sirr deyil. İşdəki, vəzifədəki nöqsanlara görə YAP-dan kənarlaşdırma isə, demək olar ki, yoxdur.
YAP-ın yeni qurultayı təşkil olunmalı, qurultaya nümayəndələr seçilməli, həmin nümayəndələrin, ən azı, 60-70 faizi gənclər olmalıdır
KİV-də yalnız 2-3 aparıcı YAP-çı çıxış edir. Onlar da eyni fikiləri söyləməklə tamaşaçılarda bezginlik yaradırlar.
Sanki gənc nəslə paxıllıq edilir. İstedadlı gəncləri küncə sıxanlar var. Demokratik idarətemə sahəsində partiyanın rolundan danışmaq qeyri-mümkündür. Müxalifət müxtəlif formada tənqidlər edəndə bəzən YAP-çılar bunun qarşısında aciz qalırlar. Niyə? Ona görə ki, bəzilərinin başı yalnız özlərinə, var-dövlət yığmağa qarışıb. Partiyadaxili nəzarət sistemi də yox dərəcəsindədir. Hər YAP üzvünün tapşırılmış sahəyə cavabdehliyi nəzarətdən uzaq olduğundan hər bir şəxs öz istədiyini edir, dövlətin cibi ilə öz cibinə fərq görmür. Bu da təbii ki, respublikadakı ictimai-siyasi duruma mənfi təsir göstərir.
- YAP-dakı islahatlar, sizcə, konkret nələrdən ibarət olmalıdır?
- YAP-da hazırda islahatlar aparmaq çox çətin məsələdir. Partiya vaxtilə “durğunluq dövrü” adlandırılan Brejnev dövründəndən pis bir durğunluq keçirir... YAP-ın yeni qurultayı təşkil olunmalı, qurultaya nümayəndələr seçilməli, həmin nümayəndələrin, ən azı, 60-70 faizi gənclər olmalıdır. Həmin gənclərin əksəriyyəti milliruhlu, vətənpərvər, dövlətçiliyi sevən, konstitusiyamıza, qanunlarımıza hörmət edən, əlitəmiz, dilitəmiz, rüşvət və korrupsiyadan qorxan, çəkinən adamlar olmalıdır. Qurultay əgər normal Siyasi Şura seçə bilərsə və Siyasi Şura da öz növbəsində, İdarə Heyəti seçərsə, onlar hansı formada yeni iş metodu ilə işləmək gərək olduğunu müəyyən edər. Amma əgər mərhum Heydər Əliyev başda olmaqla YAP qurucularının müəyyən etdiyi strateji yoldan, qarşıya qoyulan ali məqsədlərdən, verilən tövsiyələrdən kənara çıxılacaqsa, heç bir islahatdan söhbət gedə bilməz. YAP, nəhayət, özü-özünü saflaşdırmağa doğru getməlidir.
YAP-ın rəhbərliyində və yerli təşkilatlarında tənqid və özünütənqid, demək olar ki, yaddan çıxıbdır. Partiyanın banisi Heydər Əliyevində bu sahədəki tövsiyələri unudulubdur. YAP-çılar sanki tənqiddən qorxurlar, tənqid adı eşidəndə titrəyirlər.
Hazırda respublika üzrə bələdiyyələrdə yaranmış qeyri-müstəqil idarə üsulunun müəllifi elə rəhbərlikdəki YAP üzvləridir. Bələdiyyələr bu və ya başqa yolla yerli icra hakmiyyətlərinə, konkret olaraq icra başçılarına tabe etdiriliblər. Konstitusiyamızın 4-cü bölməsinin 9-cu fəslini kobudcasına pozan məhz vəzifələrdəki YAP üzvləridir. İcra hakimiyyətləri qanunsuz olaraq bələdiyyə başçılarının iclasa çağırıb tapşırıqlar verir. Onları danlayır və hətta bəzən təhqir də edirlər. Bu, yerli özünüidarəetməyə hörmətsizlikdir və antikonstitusyon bir davranışdır. Onları edənlər də yerli icra hakimiyyətlərində əyləşən, konstitusiyadan, qanunlardan xəbərsiz bisavadlardır. Onları dövlətçiliyimizə xəyanətkarlar da adlandıra bilərik. Mən parlamentdə bələdiyyələr haqqında 19 qanun maddəsinin qəbulunda bilavasitə iştirak etmişəm və bəzilərinin də müəllifiyəm. Orada belə anti-demokraik davranışlar haqda heç nə yazılmayıb.
YAP rəhbərliyində, İdarə Heyətində bir silkələnmə, təmizlənmə aparılmalı, tövbə etməli olanlar tövbə edib rəhbərlikdən kənarlaşdırılmalıdır.
- Bəs Heydər Əliyev və YAP-ın sizin kimi fəal qurucuları partiyanı gələcəkdə necə görmək istəyirdi?
- Biz inanmırdıq ki, partiyamıza antipartiya mövqeli qruplar soxulacaq. Onlar başqa partiyalardan gələrək maskalanıb YAP-da mövqe tutacaqlar. Partiyanı yaradanlara qarşı sərt repressiyalar təşkil edəcəklər. Partiyaya soxulan həmin mövqesiz qruplar da yalnız öz mənafelərini güdəcəklər. Məhz şəxsi mənafelərini güdüb yalnız vəzifə, varlanma barədə düşünüb xalqı unudanların sayəsində ölkədə, rayon icra hakmiyyətlərində bu qədər rüşvətxorluq, özbaşınalıq baş alıb gedir.
YAP rəhbərliyində, İdarə Heyətində bir silkələnmə, təmizlənmə aparılmalı, tövbə etməli olanlar tövbə edib rəhbərlikdən kənarlaşdırılmalıdır.
Dərindən düşünəndə Heydər Əliyevin, onun silahdaşları olan bizlərin çəkdiyi əziyyətə insanın heyfi gəlir. Biz 1992-1993-cü illərdə heç bir ciddi maliyyə bazası-filan olmadan cəmi-cümlətanı 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olduq. Cəmi 7 ay ərzində Heydər Əliyevin Naxçıvandan gəlib hakimiyyətə yiyələnməsinə şərait yaratdıq.
- İndiyədək heç olubmu ki, kimisə işində yol verdiyi nöqsanlara görə partiyadan azad etsinlər?
- Xeyr. Bayaq dediyim kimi, belə bir hal eşitməmişəm. Kimisə nöqsanlarına görə tənqid etsinlər. Kiməsə islah olunmaq üçün vaxt versinlər. Digərini müəyyən formada cəzalanadırsınlar. Məsələn, töhmət versinlər... Məni son 20 ildə partiyanın iclaslarına dəvət etmirlər. Bilirlər ki, mən tribunaya çıxıb partiyada baş verən neqativ halları çılpaqlığıyla açıb göstərəcəyəm...
- Sizin tənqidlərinizlə razılaşmayanlardan biri də YAP icraçı katibinin müavini Siyavuş Novruzov idi. İndi onun özü məlum toy əhvalatına görə YAP rəhbərliyindən tamamilə kənarlaşdırılmaq üzrədir. Bu haqda nə deyə bilərsiniz?
- Bu barədə heç nə demək istəmirəm. O, artıq özü-özünü ifşa edib...
- Maksim müəllim, YAP İdarə Heyətini, Siyasi Şuranı fəaliyyətsizlikdə ittiham edirsiniz... Axı mərkəzdə, rayonlarda hansısa korrupsiya, rüşvətxorluq halları aşkarlananda rəhbər YAP üzvləri dərhal buna qarşı çıxışlar edir. Deyirlər ki, haradadır prokurorluq, digər dövlət qurumları, niyə vaxtında tədbir görmürlər bu rüşvətxorlar haqda?!
- Bilirsiniz, onların özünə sual etmək lazımdır ki, bəs siz haradasınız, niyə üzvləriniz haqda vaxtında tədbir görmürsünüz? İkincisi də imkan verirsiniz ki, prokurorluq, digər orqanlar qaydasında işləsin? Bir sözlə, partiya rəhbərliyi məsuliyyətdən yaxasını heç cür kənara çəkməməli, heç olmasa, bundan sonra təcili tədbirlər görməlidir...
Eyni zamanda mən bugünədək işsiz qalan YAP-ın ilk Siyasi Şurasının üzvlərindən, təcrübəli, qocaman sıravi üzvlərindən də inciyirəm. Onlar da öz qəti etirazlarını bildirməlidirlər qurulması üçün əzab-əziyyət çəkdikləri partiyanın üzdəniraq üzvlərinin bəhs etdiyimiz yaramaz əməllərinə qarşı.
Bu məsələyə heç kəs laqeyd qalmamalıdır. Hakim partiyanın bugünkü durumu xalqımızın, dövlətimizin, bizim nəvələrimizin, nəticələrimizin gələcəyini müəyyən edən bir amildir...