“18 mindən çox insan sağaldılaraq evlərinə buraxılıb” – Baş konsul

13:25 21.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində yayılan yeni növ koronavirusun (Covid-19) indiyədək yaşamına son qoyduğu insanların sayı, son məlumata görə 2238-ə çatıb. Çin Milli Səhiyyə Komissiyasının açıqlamasına görə, ölkədə kəskinləşən “Covid-19” daşıyıcılarının sayı 11633-nün vəziyyəti ciddi olmaqla 75465-ə yüksəlib. Buna baxmayaraq, xoş xəbərlər də alınmaqdadır. Rəsmi məlumata əsasən artıq 18264 nəfər müalicə edilərək evinə buraxılıb. Başqa bir xəbərdə isə deyilir ki, Çində “Covid-19”a yoluxduğu şübhəsi ilə karantində saxlanılanların sayı 5206-ya, ümumi müşahidə altına alınanların sayı isə 120302-yə geriləyib. Yəni ilk gündən vəziyyəti ağır olanlar arasında vəfat edənlər olsa da, ümumilikdə epidemiyanın yayılma sürəti və mənfi təsirləri azalmaqdadır. Çinin İstanbuldakı Baş konsolu Cui Vey, Türkiyə mediasına verdiyi müsahibədə epidemiya ilə bağlı çox məqamlara aydınlıq gətirib. Dünyanın ictimaiyyətinin diqqətində olan bu məsələnin Azərbaycan oxucuları üçün də vacibliyini nəzərə alaraq tərcüməsini təqdim edirik.

- Məndəki son məlumata əsasən, virusa yoluxduğuna dair dəqiq diaqnoz qoyulmuşların sayı 57805, sağalıb evlərinə buraxılanların sayı 18 mindən yuxarıdır. Təəssüf ki, vəfat edənlərin sayı 2200-ü ötüb. Müxtəlif mənbələrdən verilən fərqli rəqəmlər var ki, bunlar hər saat, hər dəqiqə yenilənir. Ancaq hər günün sonunda - axşam Çin Səhiyyə Nazirliyi son məlumatları media və ictimaiyyətə açıqlayır.

- Elm adamları epidemiyanı dayandırmaq üçün vaksin hazırlamaq yönümündə iş aparırlar. Ümumdünya Səhiyyə Təşkilatı da bu müstəvidə açıqlama verib. Tutaq ki, vaksin tapıldı, müalicə nə qədər vax alacaq sizcə?

- Bayaq da dedim ki, 18 mindən çox insan sağaldılaraq evlərinə buraxılıb. Onlar heç də evlərində oturub, isti su içərək sağalmayıblar. Xəstəxanalarda, həkimlərin ciddi səyləri nəticəsində müalicə olunublar. Epidemiyanın yayıldığı ilk gündən başladığımız mübarizənin kökündə məhz vaksinin tapılması məqsədi dayanıb. İlk gündən müalicə paralel şəkildə iki istiqamətdə olub. Həm yoluxmuş insanlar mümkün şəkildə müalicə olunublar, həm də vaksinin tapılması yönümüdə araşdırmalar aparılıb.

- Epidemiyanın baş qaldırdığı ilk gündən sosial şəbəkələrdə insanların küçədə yeriyərkən qəfil yıxılması, necə can verdiklərinə dair görüntülər yayılıb. Bu məsələyə siz necə yanaşırsınız?

- Təbii ki, çox pis baxıram və ölkəmiz də bu cür hallara qarşıdır. Şəxsən mən iki həftə əvvəl fəaliyyət göstərdiyim İstanbulda əhaliyə açıq məktub yazaraq bildirdim ki, koronavirusun özü o qədər də qorxulu deyil, əsl qorxulu olan bu məsələni öz aləmində bilərəkdən və ya bilməyərəkdən şişirdərək təşvişə, həyacana səbəb olmaqdır. Biz yeni koronavirusla qarşılaşdıq,  amma özümüzü itirmədik, cəmi 7 gün ərzində onun gen xüsusiyyətini təsbit edə bildik. Elə həmin gün də nəticəni Ümumdünya Səhiyyə Təşkilatına və dünya ölkələri ilə paylaşdıq. Nəzərə alaq ki, Uxan şəhərində 14 milyon insan yaşayır. Amma biz oranı karantin bölgəsi elan etdik. Bu səbəbdən də virus Çinin digər bölgələrinə və xarici ölkələrə o qədər də geniş yayılmadı. Biz vaxt itirmədən virusa yoluxanları aşkarlamaq üçün səylərimizi davam etdirdik. İki xəstəxananı sıfırdan başlayaraq tikib yaratdıq və ümumilikdə 206 min yataqlı xəstəxana şəbəkəsini koronavirusla mübarizə üçün işə saldıq.

- Epidemiya yayılarkən Çində, xüsusilə Uxanda bölgəsində xarici ölkə vətəndaşları da olub. Onlara münasibət necədir?

- Biz Çin dövləti olaraq koronavirusla mübarizə aparırıq və bu müstəvidə insanları haralı olmalarına görə fərqləndirmirik. Necə ki, öz vətəndaşlarımızı sağaltmağa çalışırıq, eynilə ölkəmizdə olan və bu virusa yoluxmuş əcnəbilərin də məsuliyyətini daşıyırıq. Biz heç bir dövləti buradakı vətəndaşlarını aparmağa çağırmamışıq. Çünki biz heç bir halda milli ayrıseçkilik qoymadan hər bir xəstəni müalicə etməkdəyik. Amma əlbəttə ki, hansısa hökumət öz vətəndaşlarını aparmaq istəyirsə, biz onlara bu işdə yardım edirik.

- Sosial şəbəkələrdə ilk gündən yayılan bir məlumata diqqət edək. Onlar iddia etdilər ki, virus qidadan yayılıb. Bu qida isə yarasa şorbasıdır…

- Koronavirusun yaranma səbəbinin yarasa olub-olmadığını açıq və qəti cavablayacaq bir cavabım var - yarasadan hazırlanan yemək Çin mətbəxinə yaddır! Siz heç vaxt Çin süfrəsində yarasadan bişirilmiş yemək görə bilməzsiniz. Hesab edirəm ki, bəzi qüvvələr bu məsələni ortaya atmaqla Çinin imicini zədələmək, epidemiyaya qarşı həyata keçirdiyimiz səyləri ləkələmək məqsədi güdürlər. Hər kəsə aydındır ki, Uxan şəhərində yerləşən dəniz məhsulları satılan bir bazarın virusun yayıldığı mənbə olaraq dəqiqləşib. Məlum olub ki, həmin bazarda hansısa vəhşi heyvan satılıb və koronavirus da məhz o canlıdan yayılıb. Hər halda ən doğru mənbə kimi məhz bu ehtimalın üzərində dayanılır.

- Yeri gəlmişkən, Çində vəhşi heyvanların əti yeyilir?

- Vəhşi heyvan əti ümumilikdə Çin mətbəxində qida kimi istifadə edilmir. Şəxsın mən heç vaxt hansısa vəhşi heyvanın ətini yeməmişəm. Bu günlərdə konsulluqda işləyən əməkdaşlarla söhbət zamanı onlardan da soruşdum, heç biri belə ət yemədiyini dedi. Amma bilirsiniz ki, Çin çox böyük dövlətdir. Hansısa ucqar yerlərdə, xüsusilə də dağlıq və meşəlik bölgələrdə yaşayan yerli insanlar ənənəvi mətbəxlərində bu heyvanların ətindən yararlanırlar.

- Koronavirusun yayılmasının insana təsirindən əlavə, iqtisadi ziyanları da ortadadır. Dünyanın ikinci nəhəng iqtisadi gücü olan Çində istehsala və ixraca ciddi təsirlərin olduğu bildirilməkdədir. Bu müstəvidə nələr deyərdiniz?

- Bir neçə gün əvvəl Çin Xalq Respublikasının Sədri Si Cinpin iclas keçirərək koronavirusla bağlı məsələləri müzakirə etdi, ortaya çıxan nəticələri dəyərləndirdi və sonda bir qərar verildi. Qərarda deyilir ki, Çin dövləti 2020-ci il üçün nəzərdə tutulan hədəfləri dəyişməyəcək və mütləq o hədəflərə çatacaq. Qeyd edim ki, epidemiyanın ciddi təsir göstərmədiyi əksər bölgələrimizdə artıq istehsal tam qüvvəsilə başlayıb və necə deyərlər, həyat axarına düşüb…

Oxunma sayı 68