Əfqanıstan İslam Əmirliyinin rəhbəri Hibətullah Axundzadənin ölkənin şimal əyalətlərinə on dörd günlük səfəri başa çatıb.
Hafta.az-ın yazdığına görə, Cüzcan vilayətində rəsmilər və din alimləri ilə görüşən Hibətullah Axundzadə İslam Əmirliyinin ABŞ və müttəfiqlərinə qarşı şəriətin tətbiqi uğrunda iyirmi ildir apardığı müharibəni “Fərzül-Ayn” adlandırıb və bu müharibənin əfqanlara deyil, Amerikaya qarşı olduğunu bildirib.
İslam Əmirliyinin lideri açıqlamasında belə deyib: "Hədəfimiz qəsbçilər, qəddar kafirlər, Amerika və onların ortaqları idi. Məqsədimiz əfqanları öldürmək deyildi. Biz onlara dəfələrlə dedik ki, ABŞ-dan uzaqlaşsınlar”.
Hibəullah Axundzadə Əfqanıstanın şimal bölgələrinə səfəri zamanı 11 əyalətdə olub, ölkə vətəndaşları arasında birlik və qardaşlığın olduğunu vurğulayıb.
Hibətullah Axundzadə həmçinin deyib: "Düşmən Əfqanıstana sülh və əmin-amanlığın gəlməsini istəmir. Onlar istəyirlər ki, Əfqanıstan həmişə münaqişə və parçalanma içərisində, onların təsiri altında qalsın. Siz əfqanlar dindar və cəsur insanlarsınız. Biz milli birlik üçün əməli addımlar atmalıyıq" .
İslam Əmirliyinin rəhbəri Cüzcandakı çıxışının bir hissəsində deyib ki, Əfqanıstan xalqı ölkədə İslam quruluşunu istəyir və bu gün 20 illik müharibədən sonra İslam Əmirliyinin yenidən qurulması ilə şəriət hökmləri qüvvəyə minib.