2024-cü ilin ən güclü pasportları açıqlanıb (SİYAHI)

10:43 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni reytinqdə 2024-cü il üçün dünyanın ən güclü pasportları açıqlanıb və ilk dəfə olaraq 6 ölkə birinci yeri bölüşüb.

Hafta.az-ın yazdığına görə, hər il nəşr olunan Henley Pasport İndeksi ölkələrin səyahət sənədlərini vizasız və ya hava limanı vizası ilə neçə istiqamətə gedə biləcəklərinə görə qiymətləndirir.

Ardıcıl beş ildir zirvədə olan Yaponiyaya Fransa, Almaniya, İtaliya, Sinqapur və İspaniya da qoşulub. Onların hamısı dünya üzrə 227 istiqamətin 194-nə vizasız girişi təmin edir.

Cənubi Koreya 193 istiqamətə vizasız gediş-gəlişlə ikinci yerdə Finlandiya və İsveçi birləşdirdiyi halda, üçüncü yerdə 192 istiqamətlə 4 Avropa ölkəsi - Avstriya, Danimarka, İrlandiya və Niderland qərarlaşıb.

Böyük Britaniya bu il iki pillə irəliləyərək, hər biri 191 ölkəyə çıxış təklif edən Belçika, Lüksemburq, Norveç və Portuqaliya ilə birlikdə 4-cü pillədə yer tutub.

İlk 5-liyi 190 ölkəyə vizasız giriş imkanı verən Yunanıstan, Malta və İsveçrə tamamlayır.

Əvvəlcədən viza tələb olunmadan 188 istiqamətə giriş imkanı verən ABŞ 7-ci yerini qoruyub.

Spektrin digər ucunda Əfqanıstan ən zəif pasportu təklif edir, səyahətdən əvvəl viza tələb etmədən yalnız 28 istiqamətə giriş imkanı verir.

Əfqanıstanı Suriya, İraq, Pakistan və Yəmən izləyir.

İndeks dərc olunduqdan sonra ən güclü və ən zəif pasportlar arasında fərq xeyli artıb.

Henley & Partners şirkətinin prezidenti və pasport indeksi konsepsiyasının ixtiraçısı Dr. Kristian H. Kaelin deyib: “Səyahətçilərin vizasız gedə biləcəyi istiqamətlərin orta sayı təxminən iki dəfə artaraq 2006-cı ildəki 58-dən 2024-cü ildə 111-ə çatıb. Lakin biz yeni ilə başlayarkən, yüksək reytinqli ölkələr siyahının ən aşağısında yer alan və cəmi 28 ölkəyə vizasız giriş təklif edən Əfqanıstandan heyrətamiz 166 daha çox istiqamətə vizasız səyahət təklif edir”.

İndeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) rəsmi məlumatlarından istifadə etməklə yaradılıb.

2024-cü ilin ən güclü 10 pasportu:

1. Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur, İspaniya (194 istiqamətə),

2. Finlandiya, Cənubi Koreya, İsveç (193 istiqamətə),

3. Avstriya, Danimarka, İrlandiya, Hollandiya (192 istiqamətə),

4. Belçika, Lüksemburq, Norveç, Portuqaliya, Böyük Britaniya (191 istiqamətə),

5. Yunanıstan, Malta, İsveçrə (190 istiqamətə),

6. Avstraliya, Çexiya, Yeni Zelandiya, Polşa (189 istiqamətə)

7. Kanada, Macarıstan, ABŞ (188 istiqamətə)

8. Estoniya, Litva (187 istiqamətə)

9. Latviya, Slovakiya, Sloveniya (186 istiqamətə)

10. İslandiya (185 istiqamətə)

2024-cü ilin ən zəif 10 pasportu:

1. Əfqanıstan (28 istiqamətə)

2. Suriya (29 istiqamətə)

3. İraq (31 istiqamətə)

4. Pakistan (34 istiqamətə)

5. Yəmən (35 istiqamətə)

6. Somali (36 istiqamətə)

7. Liviya, Nepal, Fələstin əraziləri (40 istiqamətə)

8. Banqladeş, Şimali Koreya (42 istiqamətə)

9. Eritreya, Şri Lanka (43 istiqamətə)

10. İran, Livan, Nigeriya, Sudan (45 istiqamətə).