Türkiyənin vitse-prezident Cevdət Yılmaz, gələn ilin ortalarından başlayaraq illik bazda inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını gözlədiklərini və 2026-cı ildə təkrəqəmli inflyasiyaya çatmağı hədəflədiklərini bildirib.
Hafta.az-ın yazdığına görə, Yılmaz, 2023-cü ilin noyabr ayında inflyasiyanın əvvəlki aya görə 3,28 faiz, keçən ilin eyni ayına görə isə 61,98 faiz artdığını deyib.
Yılmaz, inflyasiya ilə mübarizədə həyata keçirilən pul və fiskal siyasətlərin iyul ayından etibarən aylıq enişi dəstəklədiyini vurğulayıb. Baza inflyasiya göstəricilərindəki azalmanın daha bariz olduğuna diqqət çəkən vitse-prezident, iyulda 9,6 faiz olan baza inflyasiyanın artımının noyabrda 1,96 faizə gerilədiyini bildirib. Noyabrda illik baza inflyasiyası 69,89 səviyyəsində sabit qalıb.
Yılmaz, inflyasiya ilə mübarizənin qətiyyətlə davam etdiyini və noyabr ayı inflyasiya səviyyəsinin Orta Müddətli Proqramda il sonu hədəfləri ilə uyğunlaşdığını bildirib. O, həmçinin inflyasiyanın azalması ilə sabit artım və daimi sosial rifaha doğru güclü şəkildə irəliləyəcəklərini bildirib.