26 ölkədən 150-yə yaxın nümayəndə İstanbulda toplaşdı

14:28 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 6–15-də Türkiyənin İstanbul şəhərində yerləşən İbn Haldun Universitetində "Türk dünyasının gələcəyi" mövzusunda III Türk Dünyası Yay Forumu keçirilib.

Hafta.az xəbər verir ki, İbn Haldun Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumun tərəfdaşları Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi (YTB) olub.

Ənənəvi beynəlxalq akademik platformaya çevrilən forumda bu il 26 ölkədən 150-yə yaxın alim, tədqiqatçı, ekspert və dövlət rəsmisi iştirak edib. Türk dünyası ölkələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Rusiya, Çin və bir sıra Avropa dövlətlərindən nümayəndələr tədbirə qatılıblar.

Forumun iyulun 6-da keçirilən açılış mərasimində Türk dünyasında akademik əməkdaşlığın genişləndirilməsinin və gənc tədqiqatçıların beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

Forum çərçivəsində müxtəlif mövzularda iclaslar təşkil olunub. "Siyasət, idarəçilik və təhlükəsizlik" mövzusuna həsr olunan iclasda Hatay Mustafa Kamal Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Nazrin Əlizadə "Türkiyə–Azərbaycan ictimai diplomatiya qarşılıqlı fəaliyyətinin müqayisəli təhlili" adlı elmi araşdırmasını alimlər, diplomatiya üzrə mütəxəssislər və Türk Dövlətləri Təşkilatının nümayəndələrindən ibarət geniş auditoriyaya təqdim edib.

Forum iyulun 14-də keçirilən bağlanış mərasimi ilə başa çatıb. Bağlanış iclasında Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktor müavini Ayşe Uzer regionda mövcud geosiyasi vəziyyət və Cənubi Qafqazda gedən proseslər barədə çıxış edib.

Forum çərçivəsində iştirakçılar İstanbulda yerləşən Türk Dövlətləri Təşkilatının Katibliyini və TRT World televiziya kanalını ziyarət ediblər.