Xəbər verildiyi kimi, bu gün – 17 fevral Qaradağlı faciəsinin 30-cu qara “yubileyi”dir.
Xocavənd rayonunun Qaradağlı kəndi 1988-ci ildən bəri - 4 il erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, faşist xislətli erməni terrorçuları dinc soydaşlarımıza qarşı soyqırımı həyata keçirib.
Bəs hazırda hələ də Xocavənd rayonunun Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olan hissəsində qalmaqla ermənilərin qanunsuz olaraq məskunlaşdığı Qaradağlı kəndində mövcud durum necədir?
Hafta.az-ın apardığı kiçik araşdırmadan bəlli olub ki, ermənilərin “Varanda” adlandırdığı Qaradağlının hazırda Xankəndindəki separatçı-terrorçu rejim rəhbərliyi tərəfindən təyin olunmuş qanunsuz “icma başçısı” Alina Sevlikyan adlı bir erməni qadındır. O, 2021-ci ilin oktyabrında “Azat artsax” nəşrinə açıqlamasında Azərbaycanın 44 günlük müzəffər savaşından sonra kəndə daha 11 erməninin köçdüyünü bildirib...
Lakin açıqlamadan bəlli olur ki, haylar kənddə miskin durumda yaşayırlar. Kənd “icması”, məktəb və tibb məntəqəsi cəmi 4 otaqlı bir həyət evində yerləşib. Məktəbdə cəmi 13 uşaq oxuyur...
A.Sevlikyanın sözlərinə görə, Qaradağlıda 130 fərdi evin tikintisi üçün layihə hazırlanıb. Və guya bu yaxınlarda icra edilməyə başlanacaq.
Son məlumatlara görə, kənddə ümumilikdə 100-ə yaxın hay məskunlaşıb.
Zəruri arayış:
Qaradağlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənddir.
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
1988-ci ildə Dağlıq Qarabağda erməni separatçıları baş qaldırdığı andan Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlandı.
Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübaizəyə qalxdı, 800-ə yaxın sakindən 77 nəfəri ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin 3 kilometrliyindəki fermada 6 sakin – 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 oğlan, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
Kəndin Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 15-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi.
Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı, 118 sakindən 54-ü, 14 əsgərdən 12-si əzab və işgəncələrlə öldürüldü. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid oldu, 42 ailə başçısını itirdi, 140-a yaxın uşaq yetim qaldı. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.
Kəndin işğalından sonra qaradağlılar Qaradağlısız yaşamağa məcburdur. Kənd sakinləri Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmışdır.
10 noyabr üçtərəfli razılaşmasına görə, Qaradağlı kəndi Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalıb. Və təəssüf ki, hazırkı fotolarından göründüyü kimi, Qaradağlıda hələ də 30 il öncə 800 soydaşımızın didərgin düşməsinə, onlarla insanımızın qətlinə bais olmuş separatçı-terrorçu rejimin əski parçası dalğalanır...