Moskva və Kiyev heyətlərinin Türkiyədə görüşməsindən bir gün əvvəl Rusiyadan əks olunan görüntülər dünya gündəminə damğasını vurdu. Ukrayna bazar günü gizli şəkildə Rusiya ərazisinə keçirdiyi pilotsuz təyyarələrlə Şərqi Sibirdən Rusiyanın qərbinə qədər müxtəlif hava bazalarına hücumlar həyata keçirdi. Sosial mediada yayımlanan görüntülərlə yanaşı müxtəlif iddialar da səsləndirildi.
Hafta.az-ın yazdığına görə, Moskva hücumların heç bir insan tələfatına səbəb olmadığını və bəzi həmlələrin zərər görmədən dəf olunduğunu iddia edib.
Bu arada, müharibəni yaxından izləyən ruslardan Ukraynaya sərt cavab çağırışı edilib.
II Dünya Müharibəsində Yaponiyanın “Pearl Harbora” hücumu ilə artan gərginliyin ABŞ-ın nüvə zərbəsi ilə nəticələndiyini xatırladan döyüşçü-bloqçu Roman Alexin, "ABŞ-ın Pearl Harbora reaksiyası qədər sərt reaksiya gözləyirik" deyib.
İndi isə sosial mediada yalan iddiaların yaratdığı dumanı dağıtacaq məlumatları 5 sualın cavabında təqdim edirik:
Nə baş verdi?
Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi hava bazalarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Norveç sərhədi yaxınlığındakı Murmansk və Şərqi Sibirdə İrkutskda bəzi təyyarələrin alovlandığı güman edilsə də, digər üç bölgədəki hücumların dəf edildiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyi də “terror aktlarında iştirak edən şəxslərin bəzilərinin saxlanıldığını” açıqlayıb.
Ukrayna hücumlarda 117 pilotsuz təyyarədən istifadə edildiyini, onlarla Rusiya təyyarəsinin zədələndiyini iddia edib.
“New York Times” onlarla hərbi təyyarənin zədələndiyini təsdiqləyərək, onların demək olar ki, hamısının strateji bombardmançı olduğunu bildirib.
Ukraynalılar nə düşünürlər?
Bildirilir ki, “Hörümçək toru” əməliyyatı çərçivəsində Rusiyanın müxtəlif bölgələrində hərbi bazaların yaxınlığında yerləşdirilən pilotsuz təyyarələr eyni vaxtda işə salınıb.
"Tamamilə parlaq nəticə. Bu, tək Ukraynanın əldə etdiyi nəticədir. Hazırlıqdan səmərəli icraya qədər plan bir il, altı ay və doqquz gün çəkdi. Bu, bizim ən uzunmüddətli əməliyyatımızdır", - Ukrayna prezidenti Vladimir Zelenski bazar günü sosial şəbəkədə bildirib.
47 yaşlı lider həmçinin iddia edib ki, əməliyyatı hazırlayan şəxslər vaxtında Rusiya ərazisindən çıxıblar.
Məlumata görə, uzaqdan idarə olunan qapaqlı taxta konteynerlərin içərisinə gizlədilən pilotsuz təyyarələrin yük maşınlarına yükləndiyi və dronların işə başlamasından sonra konteynerlərin öz-özünə məhv edildiyi bildirilib. İddia olunurdu ki, bu, yük maşınlarının nə daşıdıqları barədə heç bir təsəvvürün olmaması deməkdir.
Təsdiqlənmiş videolarda yük maşınları ilə daşınan modul evlərə bənzəyən konteynerlərdən çıxan və İrkutskdakı Belaya hava bazasına hücum edən pilotsuz təyyarələr, daha sonra isə konteynerlərin alovlandığı göstərilir.
Peyk görüntüləri də Rusiyanın bəyanatını təsdiqləyir: İvanovo, Ryazan və Amur vilayətlərindəki bazalardakı təyyarələrin zədələndiyinə dair iddiaları təsdiqləyən heç bir fotoşəkil yoxdur.
Rus qırıcılarına çox zərər dəyib?
Ukrayna 41 təyyarənin vurulduğunu, strateji qanadlı raket daşıyan təyyarələrinin üçdə birinin isə məhv edildiyini iddia edir. Həmçinin bildirilib ki, “Rusiyanın əsas hava limanlarında strateji qanadlı raket daşıyıcılarının 34 faizi vurulub”.
Rusiyalı müharibə bloggerləri Ukraynanın rəqəmlərinin şişirdildiyinə inanırlar. “New York Times”ın Umbra-dan əldə etdiyi radar görüntüləri Belaya hava bazasında yeddi strateji bombardmançı təyyarənin vurulduğunu göstərir. Onlardan dördünün Tupolev Tu-22M, üçünün isə Tupolev Tu-95 olduğu bildirilir.
Murmanskdakı Olenya aviabazasının görüntüləri də orada ən azı üç Tu-95-in vurulduğunu göstərir.
ABŞ və Avropa təhlükəsizlik rəsmiləri ciddi ziyan görən Rusiya təyyarələrinin sayının 20-yə çata biləcəyini bildirir.İddia edilir ki, 6 Tu-95 və 4 Tu-22M, həmçinin A-50 döyüş təyyarələri vurulub.
Qərbin hesablamalarına görə, son hücumlardan əvvəl Rusiyada aktiv Tu-95-lərin sayı 60-dan çox olub.
Hücumların əhəmiyyəti nədir?
ABŞ-ın Avropa Komandanlığının keçmiş komandiri, general Ben Hodges Rusiyanın qanadlı raket imkanlarına ciddi zərbə vurulduğunu müdafiə edib.
"Ruslar partlayıcı yüklü yük maşınlarının ölkənin dərinliklərinə necə girdiyini anlamağa çalışacaqlar" deyən Hodges, Moskvanın hücumdan şoka düşdüyünü də sözlərinə əlavə edib.
Belaya aviabazasına hücum 2022-ci ilin fevralında münaqişə başlayandan bəri ilk dəfədir ki, Sibir ərazisi Ukrayna tərəfindən pilotsuz təyyarələr tərəfindən vurulub.
Olenya həm də nüvə silahı daşıya bilən təyyarələrə ev sahibliyi edən strateji hava bazasıdır.
Həmçinin bu əməliyyatın cəbhə xəttindəki Ukrayna əsgərlərinə mənəvi güc verəcəyi ehtimalı yüksəkdir.
Ukrayna nə qazanmağa ümid edirdi?
Ukraynanın daha böyük bir ordu ilə apardığı müharibədə mənimsədiyi yeni taktika böyük şok yaradıb. “Hörümçək toru” əməliyyatı ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri öhdəsindən gəlib.
Bazar ertəsi Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda sülh danışıqları apararkən açıqlama verən Zelenski deyib ki, bu əməliyyat Rusiyanın da ciddi ziyan çəkə biləcəyini göstərib. "Bu, onları diplomatiyaya sövq edəcək" deyib.
Lakin ekspertlər hesab edir ki, müharibədə üstünlüyə malik olduqlarına inanan Rusiya lideri Vladimir Putinin əməliyyatla fikrini dəyişməsi çətindir.