Hər il avqustun 23-də qeyd edilən Avropa Stalinizm və Nasizm Qurbanlarını Anma Günüdə totalitar Stalinist, Kommunist, Nasist və Faşist rejimlərinin qurbanları yad olunur. Bu gün həm də Qara Lent Günü kimi tanınır.
Hafta.az-ın yazdığına görə, avqustun 23-ü tarixinin seçilməsi təsadüfi deyil. Çünki məhz bu gün - 1939-cu il avqustun 23-də Şərqi Avropanın Almaniya ilə SSRİ arasında bölünməsini əsas tutan bədnam Molotov-Ribbentrop Paktı imzalanıb.

Bir az bu müqavilənin tarixinə nəzər salaq:
1939-cu il avqustun 23-də faşist Almaniyası ilə SSRİ arasında bir-birilərinə hücum etməmək barədə tarixdə məşhur olan Molotov-Ribbentrop paktı imzalanıb. Moskvada düzənlənən imzalama mərasimində müqaviləyə Almaniyanın xarici işlər naziri İoahim fon Ribbentrop və SSRİ xarici işlər naziri Vyaçeslav Molotov qol çəkib.
Sazişə əsasən ölkələr nəinki bir-biirnə hücum etməyəcək, hətta üçüncü ölkə tərəfindən hər hansı birinə qarşı hücum olsaydı, hücum edənə istənilən formada dəstək də verilməyəcəkdi. Belə demək mümkündürsə, bu əsl ittifaq sazişi idi. Təbii ki, iki rəqib qütb arasında belə bir sazişin imzalanması dərin şübhələrə yol açırdı.

Əizli saziş əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiya torpaqları SSRİ ilə Almaniya arasında təsir dairələrinə bölünürdü. Çox keçmədi ki, sazişin reallıqlarını bütün Avropa hiss etməyə başladı. Belə ki, cəmi bir həftə sonra – sentyabrın 1-də Almaniya Polşanı işğal etdi. Buna cavab olaraq SSRİ rəhbərliyi də 17 sentyabrda Polşanın işğal edilməsinə əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər yaradıldı. Qış müharibəsindən sonra 1940-cı ilin mart ayında SSRİ Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini ilhaq etdi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) da Sovet İttifaqı tərəfindən ilhaq olundu. Sovet İttifaqı Polşanı işğal etməsininə haqq qazandırmaq üçün bu ölkədəki etnik belaruslar və ukraynalılar barədə “narahat olduqlarını” bildirmişdi. Stalinin 1940-cı ildə Bukovinanı işğal etməsi, onun Berlin-Roma-Tokio oxu ilə razılaşdırılmış nüfuz dairələrini pozması demək idi.
1939-cu ildə SSRİ-nin tutduğu Polşa torpaqları II Dünya müharibəsinin sonuna qədər Sovet İttifaqında qalıb və hazırda, Ukrayna və Belarus ərazisinin bir hissəsidir. Keçmiş Polşa ərazisi Vilno isə hazırda Litvanın ərazisidir və paytaxt Vilnüs orada yerləşir. Yalnız Belostok bölgəsi və Qalisiyanın kiçik bir hissəsi olan San çayının şərqi Przemisl ətrafı Polşaya qaytarıldı. SSRİ tərəfindən 1939-1940-cı illərdə ilhaq edilmiş digər ərazilər - Finlandiyanın Qərbi Kareliya, Petsamo, Estoniyanın Eston İnqiriyasl və Petseri, Latviyanın Abren bölgələri hətta, 1991-ci ildə SSRİ-nin süqutundan sonra da Rusiyanın ərazisi olaraq qalır. Rumıniyadan ilhaq edilmiş ərazilər də müasir Moldova yaradılıb, digər bölgələr isə Ukraynaya verilib. Yəni indiki Moldova, eləcə də, Ukrayna ərazisinin bir hissəsi olan Bessarabiyanın şimal torpaqları, Şimali Bukovina və Hertza, eyni zamanda Odessa vilayətinə birləşdirilmiş Cənubi Bessarabiya Rumıniyanın tarixi əraziləridir.

Saziş 1941-ci il iyunun 22-də, faşist Almaniyası SSRİ-yə hücum edərkən qüvvədən düşüb. Beləcə, Lebensraumun ideoloji hədəflərindən biri həyata keçirilib. Müharibədən sonra fon Ribbentrop müharibə cinayətlərində ittihamlanaraq edam olunub. Molotov SSRİ-nin süqutundan 5 il əvvəl - 1986-cı ildə 96 yaşında vəfat edib. İkinci Dünya müharibəsinin sona çatmasından az sonra faşist arxivlərində paktın surətləri aşkarlanıb və nəşr edilib. Hansı ki, SSRİ 1989-cu ilə qədər belə bir paktın olmasını rədd edirdi. Lakin 1989-cu ildə Moskva tarixi saziş həqiqəti ilə barışdı...
Qeyd edək ki, tarixən dünyada milyonlarla insan kommunist və faşist rejimlərinin qurbanı olub. Tarixin ən pis liderlərindən ikisi Adolf Hitler və İosif Stalindir. Hitler 1933-cü ildə Almaniyanın kansleri olub və onun rejimi 1945-ci ilədək davam edib. Onun rəhbərliyi altında nasistlər yəhudilərə qarşı soyqırım törədiblər. Lakin əziyyət çəkən təkcə yəhudilər deyildi, həmçinin əlillər, hərbi əsirlər, konsentrasiya düşərgəsi dustaqları və digər etnik qruplar idi. Hitlerin qurbanlarının 1 milyondan çoxu 18 yaşından kiçik olub.
İosif Stalin isə 1924-cü ildə Sovet İttifaqına rəhbərliyi öz üzərinə götürüb. O, 1953-cü ildə ölümünə qədər ölkənin siyasi lideri idi. Onun siyasəti Stalinizm kimi tanındı. Sovet Qırmızı Ordusu 1945-ci ildə Stalinin rəhbərliyi altında Berlini tutdu. Bu hərəkət İkinci Dünya Müharibəsinin sona çatmasına kömək etdi. Lakin onun uzun müddətli rəhbərliyi altında milyonlarla insan həlak oldu. Bu insanların əksəriyyəti etnik təmizləmələrin, edamların, aclıqların və məcburi deportasiyaların qurbanı idi…
Avropa Stalinizm və Nasizm Qurbanlarını Anma Gününün mənşəyi 1980-ci illərə gedib çıxır. Bu müddət ərzində Kanadada yaşayan avropalı qaçqınlar dinc etiraz aksiyaları təşkil ediblər. Bu etirazlar Sovet İttifaqında hakimiyyət orqanları tərəfindən davam etdirilən insan haqları pozuntuları barədə məlumatlılığı artırdı. 1991-ci ildə Sovet bloku dağılandan sonra dünyanın 56 şəhərində Qara Lent Günü nümayişləri keçirilib. 2008-ci ildə Avropa Parlamenti rəsmi olaraq 23 avqust tarixini Stalinizm və Nasizm Qurbanlarının Avropa Anma Günü kimi elan etdi. 2009-cu ildə Kanada parlamenti də eyni addımı atdı. O vaxtdan bəri ABŞ və digər ölkələr avqustun 23-ü Qara Lent Günü kimi tanıyır.