90 xallı komediya iki mövsümdən sonra ləğv edildi

09:55 20.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cak Lorre və Nik Bakay tərəfindən yaradılan komediya seriyası olan “Bookie”, iki mövsümdən sonra Maks tərəfindən ləğv edildi.

Hafta.az-ın yazdığına görə , serialda məşhur komediya ustası Sebastian Maniskalko Los-Ancelesdə idman mərc oyunlarının kriminallaşdırılmasından sonra sağ qalmağa çalışan Danni Kolavitonu canlandırıb. Qeyri-sabit müştərilərlə də məşğul olmaq məcburiyyətində qalan Denninin hekayəsi tamaşaçılara əyləncəli bir perspektiv təqdim edib.

2023-cü ilin noyabrında Varner Bros Discovery-nin rəqəmsal platformasında yayıma başlayan Bookie, 2024-cü ilin dekabrında ikinci mövsümü ilə geri dönüb. Lakin serialın üçüncü mövsümünə yaşıl işıq yandırılmayıb.

"Çak Lorre və Nik Bakay, idman mərcləri dünyasına işıq salan Sebastian Maniskalkonun başçılıq etdiyi gözəl heyətlə birlikdə iki mövsüm ərzində bizə gülüş gətirib. Üçüncü mövsümə davam etməyəcəyimizə baxmayaraq, belə istedadlı komanda ilə işlədiyimiz üçün minnətdarıq", - Maksın sözçüsü “Deadline”a deyib.

Serialın heyətində 51 yaşlı Maniskalko ilə yanaşı, Omar Dorsey, Andrea Anders, Vanessa Ferlito, Corge Qarsia və Maksim Svinton kimi adlar da var idi.

“Bookie”nin ən diqqətəlayiq məqamlarından biri “Two and a Half Men” filminin ulduzu Çarli Şinin özünü ifa etməsi idi. Bu, Şinin uzun illərdən sonra “Two and a Half Men”in yaradıcısı Lorre ilə yenidən qovuşması demək idi.

Dekabrda “Deadline”a verdiyi müsahibədə Bakay, “Bookie”nin ikinci mövsümünə qayıtmasını şərh edib: “Carli ilk mövsümdə bizim üçün əla əlavə idi, ona görə də bu metaforanı bir az da genişləndirmək qərarına gəldik. Mən çox şey vermək istəmirəm... “Bookie” onun ailəsinin ayrılmaz hissəsi olaraq qalacaq”.

İki mövsüm ərzində cəmi 16 seriya davam edən “Bookie”, 30 yanvarda tamaşaçılarla görüşən “A Whale in Pomona” adlı bölümlə finala çıxıb.

Uğurlu stand-up komediyaçısı Maniskalko dekabr da “Variety”ə verdiyi müsahibədə aktyorluq təcrübəsindən danışıb. Amerikalı aktyor çəkiliş meydançasında etdiyi zarafatlara gülməyin onu motivasiya etdiyini belə izah edib: "Bu, etdiyim işin gülməli olduğunu təsdiqləyir. Bir komediyaçı kimi mən gülüş eşitməyi sevirəm. Etdiyim işin gülməli olduğunu bilməyi xoşlayıram. Başqa aktyorlarla səhnələr paylaşmağa və hər gün yeni şeylər öyrənməyə alışıram".

Televiziya yazıçılarından yüksək rəylər alan “Bookie”, “Rotten Tomatoes” icmal saytında 100 baldan 90 bal toplayıb.