İçki şirkətinin sabiq rəhbəri azadlıqdan ömürlük məhrum edilib

15:10 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çin məhkəməsi dünyanın ən böyük içki şirkəti olan “Kweichow Moutai Group”un keçmiş rəhbəri Yuan Renquonu rüşvət əməllərində təqsirli bilinərək azadlıqdan ömürlük məhrum edib.

Hafta.az xəbər verir ki, Quyyan şəhər məhkəməsində Yuan Renquonun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesinin gedişində onun 1994-2018-ci illərdə şirkətdə müxtəlif vəzifələrdə çalışarkən 112,9 milyon yuan (təxminən 17,46 milyon ABŞ dolları) məbləğində nağd pul və əmlakı rüşvət kimi alması sübuta yetirilib. Məhkəmə onun azadlıqdan ömürlük məhrum edilməklə yanaşı, bütün siyasi hüquqlardan məhrum olunması və qanunsuz yolla əldə etdiyi əmlakın müsadirəsi barədə nə qərar qəbul edib.

Yuan Renquo həm də Çin Xalq Siyasi Məşvərət Şurasının Quycou vilayəti üzrə iqtisadi komitəsinin sədr müavini olub. Haqqında cinayət işi başlayandan sonra o, Çin Kommunist Partiyasından da xaric edilib.

Qeyd edək ki, səhmlərinin bir hissəsi dövlətə məxsus olan şirkətlər qrupu “Maotai” brendi ilə spirtli içkilər, habelə qida və qablaşdırma məhsulları istehsal edir. Dünyada ən böyük içki şirkəti olan “Kweichow Moutai Group” Çinin ən böyük bazar dəyəri olan qeyri-texnologiya şirkətidir.

Oxunma sayı 49