İlon Mask Braziliyada radikal sağçıların qəhrəmanı oldu

10:00 23.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Texnologiya milyarderi İlon Mask Braziliyada radikal sağçıların yeni qəhrəmanına çevrilib.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, Mask Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraesə qarşı yazdığı yazılarla radikal sağçı keçmiş prezident Jair Bolsonaro və tərəfdarlarından dəstək alıb.

Dünən Rio-de-Janeyrodakı Kopakabana çimərliyində keçirdiyi mitinqdə Mask haqqında bunları dedikdən sonra Bolsonaro tərəfdarlarından “X”ın CEO-nu alqışlamasını istəyib: “Mask həqiqətən hamımızın azadlığını düşünən insandır. O, demokratiyamızın getdiyi istiqaməti və azadlığımızı nə qədər itirdiyimizi göstərməyə cəsarəti olan biridir".

Bolsonaro tərəfdarlarından olan parlamentarilərdən Qustavo Qayer çıxışında "İlon Mask burada baş verənləri izləyir. Siz burada demokratiya uğrunda mübarizə aparan və azadlıq istəyən insanları görürsünüz" deyib.

2022-ci ildə keçirilən prezident seçkilərinin ikinci turunda solçu Luiz İnasiao Lula da Silva 50,9 faiz səs alaraq ölkə başçısı olub.

Lula 1 yanvar 2023-cü ildə parlamentdə and içdikdən bir həftə sonra Bolsonaro tərəfdarları Prezident Sarayına, Milli Konqresə və Ali Məhkəmə binasına basqın edərək hökuməti devirməyə cəhd edib.

2019-2023-cü illərdə vəzifədə olmuş Bolsonaroya qarşı iyulda elan etdiyi qərarda Ali Məhkəmə keçmiş lideri vəzifəsindən sui-istifadə etdiyinə görə 8 il müddətinə siyasətdən uzaqlaşdırıb.

Bolsonaro isə bazar günü keçirdiyi mitinqdə çevriliş təşkilatçısı olmaq ittihamını rədd edərək tərəfdarlarına "Mübarizə aparmasaq, quzular kimi kəsimxanaya gedəcəyik" deyib.

Keçən il Ali Məhkəmənin hakimi de Moraes dezinformasiyanın qarşısını almaq üçün “X”dan Bolsonaronun bəzi tərəfdarlarının hesablarını bağlamağı xahiş edib. Mask bu il aprelin 6-da verdiyi açıqlamada de Moraesin "Konstitusiyanı pozduğunu və Braziliya xalqına xəyanət etdiyini" deyərək hesabları yenidən aktivləşdirəcəyini bildirib. Mask həmçinin Ali Məhkəmənin hakimini istefaya çağırıb.

Bunun üzərinə aprelin 8-də Ali Məhkəmənin verdiyi açıqlamada, dezinformasiya səbəbiylə Maska qarşı istintaq başladıldığı açıqlandı.

Ali Məhkəmə ilə mübahisəsi Maskı braziliyada radikal sağçıların yeni qəhrəmanına çevirsə də, prezident Lula çərşənbə günü verdiyi açıqlamada texnologiya milyarderinin adını çəkmədən onu ölkənin daxili işlərinə qarışmaqda ittihamlayıb.

Oxunma sayı 233