Mərkəzi Bankın proqnozuna görə, bu il Azərbaycanda inflyasiya 8 faiz ətrafında gözlənilir. Qurumun bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, hazırda ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın tədricən azalması davam edir: “Bu proses qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən azalması, əksər ölkələrdə pul siyasətinin sərtləşdirilməsi, dünya əmtəə qiymətlərinin sabitləşməsi, hətta bəzi kateqoriyalar üzrə aşağı düşməsinin təsiri fonunda baş verir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə dünya ərzaq qiymətləri indeksi 2023-cü ilin fevralında 0.6 faiz azalma ilə 2022-ci ilin mart ayında çatdığı pik səviyyədən 18,7 faiz bəndi aşağı düşmüş, illik əsasda 8.1 faiz azalmışdır. Beləliklə, ötən ilin aprelindən başlayaraq artıq 11 ay ardıcıl dünya ərzaq qiymətləri aşağı düşməkdədir. Bütün bunlar ölkə daxilində inflyasiyanın faktiki və gözlənilən dinamikasına müəyyən zaman intervalı ilə təsir göstərir. Eyni zamanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici xərc amillərini neytrallaşdırır”.
Mərkəzi Bankdan bildirilib ki, 2022-ci ildəki 8.4 faizlik möhkəmlənməninin ardınca 2023-cü ilin ilk 2 ayında manatın nominal effektiv məzənnəsi 2.2 faiz möhkəmlənib: “Mərkəzi Bank tərəfindən monetar şəraitin adekvat tənzimlənməsi də inflyasiyanın daxili tələb amillərini məhdudlaşdırır. Qeyd olunan amillərin təsiri altında 2023-cü ilin fevralında illik inflyasiya 14.1 faiz təşkil etmişdir ki, bu da son bir ildə müşahidə edilən pik səviyyə (2022-ci ilin sentyabrında 15.6 faiz) ilə müqayisədə 1.5 faiz bəndi azdır. Daxili bazarda inflyasiyanın pikdən azalma dinamikliyini müşahidə etsək də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də yüksək olaraq qalır və cari ilin fevralında 15.7 faiz təşkil etmişdir. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8 faiz ətrafında olacağı proqnozu dəyişməz qalır.
Maraqlıdır, Azərbaycan Mərkəzi Bankının 2023-cü il üzrə inflyasiya proqnozu nə qədər realdır?
Məsələyə münasibət açıqlayan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, 2022-ci ildəki inflyasiya Azərbaycanda son 20 ildə rəsmi qeydə alınan ən yüksək göstəricilərdən biridir: “Bunun da səbəbləri məlumdur. Postpandemiya dövrünün çətinlikləri, Ukraynada başlayan müharibə nəticəsində qlobal bazarlarda enerjidaşıyıcılarından başlayaraq bütün əmtəələr üzrə qiymətlərin kəskin bahalaşmasına səbəb oldu. Bu proses Azərbaycana da təsirini göstərdi. Qlobal bazarlarda inflyasiya yalnız 2022-ci ilin son rübündə azalmağa başladı. Azərbaycanda isə illik 15 faizə yaxın ümumi inflyasiya, 20 faizdən yuxarı ərzaq inflyasiyası qeydə alındı. Real inflyasiya bundan daha yuxarı oldu. 2023-cü ildə Azərbaycanda inflyasiyanın səviyyəsi qlobal bazarlara bağlı olaraq dəyişəcək. Ciddi bir siyasi-hərbi böhran yaranmazsa, bu il enerjidaşıyıcılarının qiymətinin xeyli azalması gözlənilir. Bu isə ərzaq və digər bazarlarda da qiymətlərin düşməsinə səbəb olacaq. Nəticədə, Azərbaycanda da ilin ikinci yarısından inflyasiyanın azalması gözləniləndir. Bu azalmanın ikiqat olub-olmayacağını söyləmək mümkün deyil. Burada hökumətin tənzimlənən qiymətlərə dair artırıcı qərarları da ciddi rola malikdir. Əgər benzin, enerji, su, qaz qiymətləri artırılmasa, inflyasiya azalacaq. Azərbaycan hökuməti diqqətini ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəltməlidir. Əsas ərzaq məhsullarının istehsalı təhlükəsizlik səviyyəsinə çatdırılmalı, bu mümkün olmadıqda, idxal vergi və rüsumları sıfırlanmaqla bahalaşma cilovlanmalıdır”.
Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov da deyib ki, 2022-ci ildə inflyasiya bütün dünyada ciddi problemə çevrilmişdi: “Yüksək inkişaf etmiş ölkələrdə son 40 ildə görünməyən səviyyədə inflyasiya qeydə alındı. Dünyada idxal etməyən ölkə yoxdur: bütün ölkələr hansısa məhsulu satır, digərini alır və sair. Azərbaycan üçün əsas hədəf idxaldan asılılığı aradan qaldırmaq, yerli istehsalın genişləndirilməsidir. Xüsusilə də ərzaq təminatında idxaldan asılılığın aradan qaldırılması zəruridir. 2023-cü ildə qiymət artımlarının 2022-ci ilə nisbətən azalacağı gözlənilir. Nəzərə alsaq ki, Mərkəzi Bank 2023-cü ildə təxminən 8 faiz inflyasiya proqnozlaşdırıb, hansı ki 2022-ci ildə bu göstərici 14 faizə yaxın olub. Ümumilikdə, 2023-cü ildə bu rəqəmin 10 faiz ətrafında dəyişəcəyi gözlənilir. Eyni zamanda, 2022-cü ildə rəsmi statistikada ərzaq məhsullarında 20 faizə yaxın qiymət artımları qeydə alındı. 2023-cü ildə isə bu göstəricinin 2022-ci illə müqayisədə daha aşağı olacağı proqnoz edilir. Təbii ki, bu prosesə idxal inflyasiyası və regional dəyişikliklər birbaşa təsir edəcək. Bu baxımdan Mərkəzi Bank öz alətləri vasitəsilə və bütövlükdə pul-kredit siyasəti çərçivəsində inflyasiyanı tənzimləməyə çalışır. Nəzərə alsaq ki, Mərkəzi Bankın bu istiqamətdə əsas funksiyası tələbi optimallaşdırmaqdır. İdxal inflyasiyası və digər faktorlar istehlak bazarına təsir göstərir”.