İran-İsrail qarşıdurması anlaşılmış oyun idi - Ərəstun Oruclu

20:37 18.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az üçün budəfəki söhbətində son İran-İsrail hərbi qarşıdurması, həmin qarşıdurmanın nə vaxtsa genişmiqyaslı savaşa çevriləcəyi halda bunun Azərbaycan üçün təhdid və təhlükələri, Rusiyanın artıq Şərqi Avropanın NATO üzvü olan ölkələri üçün də birbaşa təhlükə kəsb etdiyi ağır bir zamanda ABŞ Konqresi tərəfindən Ukraynaya yardımın bu dərəcədə ləngidilməsində subyektiv amillərin rolundan və s. bəhs etdi. 2024-cü ilin sonunadək Cənubi Qafqazdakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyi haqda təxmin etdiyi proqnozları səsləndirdi.

– İran və İsrail arasında aprelin 13-dən 14-nə keçən gecəki bir neçə saatlıq silahlı qarşıdurmanın nə vaxtsa genişmiqyaslı savaşa çevrilməsi hələ də mövcuddur. Bunun Azərbaycan üçün təhdid və təhlükələri nələrdən ibarət ola bilər?

– ABŞ rəhbərliyi birmənalı şəkildə bildirdi ki, İsrailin Qəzzada apardığı əməliyyatlar zamanı dinc əhaliyə qarşı qətliamı ilə razı olmasa da, İsrail dövlətinə qarşı təhlükə yaranacağı halda, o, öz müttəfiqlik öhdəliklərini yerinə yetirəcək və Təl-Əvivin yanında olacaq. ABŞ-nin Yaxın Şərqdə müharibəyə cəlb olunacağı halda isə, əlbəttə ki, Rusiya da orada mövqe tutmağa can atacaq. Rusiyanın Yaxın Şərqə çıxmaq üçün keçəcəyi coğrafiya Cənubi Qafqazdır, özəlliklə də Azərbaycandır. Yəni İranla İsrail arasında geniş müharibə baş verəcəyi halda, Azərbaycan üçün yarana biləcək təhlükələrdən birincisi budur.

 İkincisi, Azərbaycan İsraillə sıx, bəzən də kökləri və səbəbləri görünməyən dərin əlaqələrə malikdir. Bu amil İran tərəfindən təhdidlərə səbəb ola bilər.

Üçüncüsü, Azərbaycan İsrailin müttəfiqi və tərəfdaşı kimi, Rusiya tərəfindən hansısa təhdidlərə və bir sıra hallarda hərbi təhdidlərə məruz qala bilər.

Dördüncüsü, İsrail tərəfindən İran ərazisinə raketlər, dronlar, aviasiya bombardmanları və s. vasitəsilə kütləvi hücum olarsa, Azərbaycan humanitar böhranla üzləşə bilər.  İran əhalisinin savaşdan xilas olmaq üçün qaçacağı bir neçə ölkə var ki, onlardan biri də Azərbaycandır. Mən deyərdim ki, bu mənada ölkəmiz birincilər sırasındadır. Unutmayaq ki, İran bizim 30 milyondan çox soydaşımızın yaşadığı bir ölkədir. Bu baxımdan da genişmiqyaslı İran-İsrail savaşının Azərbaycana ciddi təhdidləri ola bilər...

Təbii ki, başqa təhdidlər də var. İstənilən müharibənin müəyyən, iqtisadi, ekoloji çıxarışları olur ki, ölkəmiz də bunlara məruz qala bilər. Nəhayət, biz bilmirik ki, İsrail Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilər, yoxsa yox... Əgər belə bir şey olarsa, Azərbaycan İran tərəfindən birbaşa hücuma məruz qala bilər. Hələlik, genişmiqyaslı İran-İsrail savaşı baş verəcəyi halda Azərbaycana qarşı yönələ biləcək təhdid və təhlükələr bunlardan ibarətdir...

- İran–İsrail qarşıdurması ilə bağlı Azərbaycan hansı mövqeni tutmalıdır ki, milli maraqlarımıza zərbə dəyməsin?

– Azərbaycanda, çox zaman olduğu kimi, bu konfliktlə bağlı da ictimai rəy parçalanır. Bir hissə, əsasən şiə dindarlardan ibarət olan kəsim İranın mövqeyini müdafiə edir və İranı qalib kimi göstərməyə çalışır. İsrailin mövqeyini dəstəkləyən digər tərəf isə bu ölkənin uğurunu qeyd edir. Əslində isə əvvəlki çıxışlarımda da qeyd etdiyim kimi, belə məsələlərdə Azərbaycanın dövlət olaraq hansısa tərəf tutması yanlış olardı. İranla İsrail arasında aprelin 13-dən 14-nə keçən gecəki son hadisələr də bitdikdən sonra bu fikri birmənalı şəkildə demək olar. Gördük ki, bir anlaşılmış oyun baş verdi. Buna hərbi qarşıdurma, müharibə və ya müharibəyə cəhd demək doğru olmaz. Son insidentin bütün iştirakçıları: həm İran, həm İsrail, həm də onların arasında de-fakto vasitəçilik edən ABŞ öz maraqlarını güddü. Əgər İranla İsrail arasında gedən oyunda üç tərəf iştirak edirsə və onların hər biri öz maraqlarını qoruyub həyata keçirməkdədirsə, Azərbaycanın marağı yalnız bundan ibarət olmalıdır ki, onun dövlət sərhədlərində, yerləşdiyi coğrafiyada sabitlik olsun. Bizim marağımızdadır ki, biz bu oyunlara qatılmayaq. Həm də ona görə ki, belə səhnələşdirilmiş oyunlar həmişə həmin oyunları anlamadan, onların dərinliyini anlamadan onlara qatılanların məğlubiyyəti ilə nəticələnir. Ümumiyyətlə, hesab edirəm, İranla İsrail bir-biri üçün çox əlverişli müştəridir. Odur ki, onların oyunlarına istənilən şəkildə qatılmaq, hətta deyək ki, istənilən şəkildə tərəflərdən birinə siyasi, diplomatik və s. dəstək ifadə etmək kökündən yanlış olardı...

–    Son İran-İsrail hərbi qarşıdurması anlaşılmış oyundur. Bəs bu oyunun mahiyyəti nədən ibarətdir və tərəflər, o cümlədən vasitəçilik edən ABŞ bundan nə qazandılar?

–  Əlbəttə, bu o demək deyil ki, Tehranla Təl-Əviv arasında müəyyən bir danışıq olubdu ki, mən bunu edəcəm – sən də buna belə cavab verəcəksən. İsrailə İranın Dəməşqdəki konsulluğunu vurmaq ona görə lazım idi ki, bölgədəki gərginliyi artırsın və Tehranı hansısa qarşılıqlı addım atmağa məcbur etsin (çünki bu günədək Tehran Təl-Əvivə qarşı yalnız öz proksilərindən istifadə edib) və elə bir situasiya yaratsın ki, İsrailə qarşı təhlükə və ya təhlükənin özü yaransın ki, Netanyahu hökumətini Qəzzadakı vəziyyətə görə tənqid edən Qərb dövlətləri, ilk növbədə, ABŞ mövqeyini dəyişib İsraili qorumağa məcbur olsun. Belə də oldu. Tehranda da bunu başa düşürdülər. Ağ evdən isə iki xəbərdarlıq olmuşdu: bir – İranın konsulluğunun vurulmasının ABŞ-yə heç bir aidiyyəti yoxdur; iki – İran İsrailə qarşı genişmiqyaslı hərbi addımlar atarsa,  Amerika İsraili qoruyacaqdır. Bunu nəzərə alaraq Tehranda bəhs etdiyim son raket atəşləri, daha dəqiq desək, atəşfəşanlığı ilə kifayətlənməyə qərar verdilər. Bunun özü bir anlaşılmış oyundur. Şübhəsiz, bu, belədir. Bəs bu “oyun”dan kim nə qazandı? İsrail istədiyini əldə etdi: göstərdi ki, İrandan ona hücum var. Tehran istədiyini əldə etdi; sübut etdi ki, onun öz ərazisindən İsraili birbaşa vurmaq imkanları var. Düşünmürəm ki, İran bu hücumda ən müasir silahlarından istifadə etdi. Əsla elə deyil. Müharibədə, hərbi qarşıdurmada heç bir dövlət ilk növbədə ən müasir silahlarından istifadə etməklə qarşı tərəfə onları öyrənməyə imkan vermir. ABŞ isə ona nail oldu ki, bölgədə söz sahibi özünün olduğunu göstərdi. Bölgədə gərginlik var və gərginlik varsa, deməli, Pentaqon öz hərbi potensialını artırmalıdır. Bax, hesab edirəm ki, tərəflər bunları qazandı...

İsrailin, ilk növbədə, qazancı o oldu ki, Qəzza mövzusunu arxa plana keçirməyə nail oldu. Bu, çətin və ağır mövzudur. Bilirik ki, Qəzzada törədilən cinayətlərə görə İsrail hökuməti Cənubi Afrika Respublikasının müraciəti əsasında artıq beynəlxalq cinayət məhkəməsinə cəlb olunub. İndi dünən İsraili  tənqid edən ölkələr, ilk növbədə də ABŞ, Britaniya və Fransa, artıq İsraili müdafiə edən müttəfiq rolunda çıxış edirlər. İranın da bir əlavə qazancını qeyd edim; Tehran öz əhalisinə göstərdi ki, onun ordusu İsraili və ümumiyyətlə, İrandan 1000-1500 km məsafədə olan və bu ölkə ilə heç bir quru sərhədi olmayan ölkələri, yaxud düşmənlərini vurmaq imkanına malikdir. Bu da Tehranda kütlələr tərəfindən bir toy-bayram kimi qəbul edildi. İran rejiminə də elə bu lazım idi...

– Məşhur Britaniya nəşri “The Guardian”ın analitik köşə yazılarının birində isə qeyd edilir ki, İran İsrailə hücum etməklə Netanyahunun tələsinə düşüb.  Tehranın hərəkətləri Netanyahuya dünyanın diqqətini İsrailin Qəzza zolağındakı hərəkətlərindən və HƏMAS-ı məğlub edə bilməməsindən yayındırmaq üçün unikal imkan yaradıb və s. Bu fikirlərə necə baxırsınız?

- “The Guardian”ın qeyd etdiyiniz təhlili yetərincə əsaslıdır. Öncə dediyim kimi, İsrail İranı son addımı atmağa faktiki olaraq məcbur etdi. Elə bu da müəyyən mənada tələyə salmaqdır.  İsrail illərdir ki, İranın istər hərbçilərini, istər digər rəsmilərini, nüvə fiziklərini və s. yalnız Suriyada deyil, elə İranın öz ərazisində də qətlə yetirir və bu cür əməllərinə davam edir. Dediyim kimi, İranın bütün bunlara yalnız hədə-qorxu ilə reaksiya verməsi onu qane etmirdi, məhz ona görə də hədəf kimi seçilən obyekt bu dəfə diplomatik missiyanın binası olmuşdu ki, artıq Tehran buna birbaşa cavabla reaksiya verməyə bilməzdi. Netanyahu bununla diqqətin Qəzzadan uzaqlaşdırılmasına nail oldu. Nəticədə, İsrail üçün ön plana faktiki olaraq İran təhlükəsi çıxdı. Bu da İsrailin bugünkü hökumətinə çox vacib lazım idi. Bununla Netanyahu həm də HƏMAS-ın 7 oktyabr əməliyyatı zamanı düçar olduğu uğursuzluğu və “Hizbullah”la üz-üzə gəlməkdən çəkinməsi ilə bağlı öz cəmiyyətinə izah edə bilmədiyi şeyləri indi İrandan gələn təhlükələrlə izah edəcək – İran isə artıq nə HƏMAS-dır, nə də “Hizbullah”...

– İranın İsrailə raket zərbələri, deyəsən,  artıq az qalıb bir il ola ki, Ukraynaya  hərbi və maliyyə yardımını ləngidən ABŞ Konqresini də bir balaca silkələyib. Aprelin 15-də Nümayəndələr Palatasının spikeri Mayk Conson xarici yardımı Nümayəndələr Palatası vasitəsilə köçürmək planını açıqlayıb; Ukrayna, İsrail, Tayvana və digər milli təhlükəsizlik prioritetlərinə kömək etmək üçün dörd ayrı qanun layihəsi təqdim edib. Sizcə, Ukraynaya yardımın bu dərəcədə ləngidilməsində subyektiv amillərin rolu çoxdurmu?

– ABŞ-nin üç ölkəyə: Ukrayna, İsrail, Tayvana yardım layihəsinə gəldikdə, əlbəttə, Bayden administrasiyası o layihəni bilərəkdən belə təqdim etmişdi. Ona görə ki, respublikaçıların İsrailə yardıma etiraz edə bilməyəcəklərini bilirdi. Ukraynaya yardıma isə mütləq etiraz edəcəklər. Ukraynanın uğursuzluğu onların marağındadır: qarşıdan gələn seçkilərdə Trampın uğur qazanması üçün. Tayvan - Çin məsələsi də bir qədər mübahisəli idi. Bax, belə bir paket təqdim olunanda respublikaçılar, birbaşa Trampın adamı olan spiker Mayk Conson da buna maneə yaratdı. Amma İranın İsrailə hücumu məsələni aktuallaşdırdı. Ona görə də respublikaçılar vəziyyətdən belə bir çıxış yolu tapdılar ki, məsələni ayrı-ayrı qanun layihələri şəklində müzakirə etsinlər, çünki İsrailə “yox” deyə bilmirlər. Bu halda ABŞ-də mövqelərini itirəcəklər, güclü İsrail lobbiçilərinin təzyiqi ilə üzləşəcəklər və bu da seçkiqabağı respublikaçılara lazım deyil. Onsuz da Trampın şansları durmadan azalmaqdadır.  Düşdüyü məhkəmə, intim qalmaqallara görə... Bu səbəblərdən respublikaçılar belə addım atdılar. İndi isə sanki vəziyyətdən bir çıxış yolu tapdılar. İsrailə yardımla bağlı layihə, əlbəttə, tezliklə təsdiqlənəcək. Buna zərrə qədər şübhəm yoxdur. Ukraynaya yardımla bağlı layihə isə uzun-uzadı müzakirə və mübahisələrə səbəb ola, hətta, ola bilsin, yenidən gündəmdən çıxarıla bilər.Bütün bunların arxasında ABŞ-nin daxili siyasəti dayanır, bu siyasətdə demokratlarla republikaçılar arasındakı qarşıdurma  və Nümayəndələr Palatasına nəzarət edən trampist respublikaçıların faktiki olaraq sabotajı dayanır. Ağ ev administrasiyası bunu dəf edib Ukraynaya yardımı həyata keçirə bləcəkdimi – bunu söyləmək bir qədər çətindir. Qaldı ki, daxili siyasi mübarizə getdiyi bir məqamda, hakimiyyət uğrunda mübarizədə NATO müttəfiqlərinin taleyi trampistlər üçün önəmli deyil. Unutmayaq ki, Tramp bu gün də iddia edir ki, ABŞ hətta NATO-dan çıxa bilər. Yəni Tramp administrasiyası bir izolyasiyanist siyasət yürüdüb. İndi də söz verir ki, hakimiyyətə gəlsə, bir az da uzağa gedəcək – NATO-dan çıxacaq.

– 2024-cü ilin sonunadək Cənubi Qafqazdakı proseslər, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesinin gələcəyi haqda hansı proqnozları vermək olar?

– Azərbaycanla Ermənistan arasında sülh danışıqları da daxil olmaqla Cənubi Qafqazda bu ilin sonunadək gedəcək proseslərdən pozitiv bir irəliləyiş, müsbət bir nəticə gözləmirəm. Bunun üçün heç bir əsas yoxdur, ona görə ki, artıq Cənubi Qafqaz, təəssüf ki, yeni bir cəbhə xəttinə çevrilib. Bunu biz deyirdik, bu region mütləq bir mübarizə meydanı olacaq. Amma artıq bu proses baş verdi...

Hal-hazırda ciddi bir mübarizə Gürcüstan uğrunda gedir. Ermənistanla bağlı məsələ nəzəri baxımdan həll olunmaq üzrədir. Qərb Ermənistanı faktiki himayəyə götürdü və bu ölkəyə getdikcə dəstəyinni gücləndirir. Bu işin içərisində Avropa Birliyi, NATO,  Amerika Birləşmiş Ştatları, Fransa da ayrıca var. Lakin Gürcüstan uğrunda mübarizə davam edir, bu Cənubi Qafqaz ölkəsi Avropa Birliyinə namizəd kimi qəbul ediləndən sonra, çox güman ki, Rusiyanın təkidi və basqısı ilə həmin o “xarici agentlər” haqqında qanun layihəsi Gürcüstan parlamentinin gündəliyinə daxil edildi. Bununla da faktiki olaraq  ölkədə daxili sabitliyi pozmaq üçün zəmin yaradıldı. Odur ki, Gürcüstan uğrunda mübarizə hələ də davam edəcək və bundan sonra mübarizə Azərbaycana keçəcək; Qərblə Rusiya arasında... “Qərb” dedikdə mən Türkiyəni də qeyd edirəm. Özü də ayrıca qeyd edirəm. Azərbaycan-Türkiyə münasibətlərinin spesifik cəhətlərinə baxmayaraq, Türkiyə də kollektiv Qərbin bir hissəsidir, NATO üzvü olan dövlətdir.  Türkiyə bu məsələlərdə heç bir zaman Rusiya ilə eyni mövqedə olmayacaq. Ona görə də Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcəyi inandırıcı görünmür. Əksinə, düşünürəm, Rusiya maksimal dərəcədə iki ölkə arasındakı vəziyyəti gərginləşdirməyə çalışacaq. O cümlədən də Qərbin Ermənistana yardımının qarşını almağa cəhd edəcək. Gürcüstandakı destablizasiya da məhz bununla bağlıdır.  Ermənistana yaradımların keçdiyi yeganə yol Gürcüstandır. Bu səbəbdən də indi Gürcüstanda bir daxili gərginlik yaradılır. Bu şərtlər çərçivəsində ilin sonunadək qalan cəmi 8 ay ərzində Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində hansısa pozitiv dəyişiklilərin olacağı inandırıcı görünmür.  Əksinə, vəziyyət getdikcə daha da gəginləşə bilər. Biz hətta gözləmədiyimiz, ehtimal etmədiyimiz konfliktlərin də şahidi ola bilərik.

Oxunma sayı 126