İran Türkiyə ilə ortaq azad ticarət zonası yaradır

09:15 10.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Azad və Xüsusi İqtisadi Zonaları Ali Şurasının katibi Hüccətullah Əbdülmələki ölkəsi ilə Türkiyə arasında ortaq azad ticarət zonasının yaradılacağını bəyan edib.

Hafta.az-ın yazdığına görə, Əbdülmələki, paytaxt Tehranda təşkil olunmuş İxrac Sərgisində (IRAN EXPO 2023) keçirdiyi mətbuat konfransında ortaq azad ticarət zonasının yaradılması üçün 18 ölkə ilə görüşdüklərini bildirib.

Bu mövzuda Türkiyə ilə də danışıqlar apardıqlarını bildirən Əbdülmələki “Son bir neçə ayda ekspertlərimiz həmsöhbətləri ilə onlayn danışıqlar aparıblar” deyib. Birgə azad ticarət zonasının yaradılması ilə bağlı anlaşma memorandumunun hazırlandığını qeyd edən Əbdülmələki, sözügedən sazişin bir-iki aya imzalanacağını diqqətə çatdırıb.

Əbdülmələki ötən aylarda Ankara ilə parlament səviyyəsində müsbət görüşlər keçirdiklərini, Türkiyədə iki azad ticarət zonasına da getdiklərini bildirib. Qarşılıqlı təcrübə mübadiləsi yolu ilə yaxşı əməkdaşlıq etməyi hədəflədiklərini ifadə edən Abdulmələki, azad ticarət zonasının yaxşı idarə olunması üçün lazım olan texnologiyanın transferinə diqqət yetirdiklərini deyib. Onun sözlərinə görə, memorandum imzalandıqdan sonra hüquqi, texniki və coğrafi məsələlər həll ediləcək və azad ticarət zonası fəaliyyətə başlayacaq.