İrandakı səfirliklərə qarşı TERROR HÜCUMLARI (ARAŞDIRMA)

11:55 28.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Tehrandakı Səfirliyinin binasına edilən terror hücumu dünya ölkələrini ayağa qaldırıb. Bütün ölkələr birmənalı olaraq terror olayını qınayıb, Azərbaycanla həmrəylik nümayiş etdirib. Xüsusilə də bu kimi terror olaylarından əziyyət çəkmiş dövlətlər. Məsələn, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Azərbaycan səfirliyinə silahlı hücumu kəskin şəkildə pislədiyini, Səudiyyə Krallığının qeyd-şərtsiz Azərbaycan dövləti və xalqı ilə həmrəy olduğunu bildirib. Nazirlik həmçinin diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət edilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Əlbəttə, bu cür həmrəylik bəyanatları insan yaşayan beş qitənin hər birindən səsləndirilir və bu bizi acı olsa da, ruhlandırır, səfirliyimizin timsalında dövlətimizə və xalqımıza edilən hücumda ən azından tək qalmadığımızı isbatlayır.

Qeyd edək ki, İranda xarici səfirliklərə edilən hücumlar təəccüblü deyil. İranın xarici əlaqələri, xüsusən 1979-cu il inqilabından sonra "velayeti fəqih" rejiminin hakimiyyətə gəlməsindən sonra diplomatik korpusun qorunmaması nəticəsində mütəmadi böhranlar yaşanıb. Sadəcə Azərbaycan səfirliyinə edilən hücumdan dolayısı Tehranda yaranan gərginlik, beynəlxalq ictimaiyyətlə münasibətlər kontekstində köhnə yaraları yenidən qanadıb.

Tarixə nəzər salaq: 1829-cu il fevralın 11-də Rusiya işğalına qarşı çıxaraq Tehranda Rusiya səfirliyinə hücum edən iranlıların səfir Aleksandr Qriboyedovu öldürməsindən sonra İranın diplomatik yaddaşı səfirliklərə çoxsaylı hücumların şahidi olub. Bununla belə, son qırx ildə Tehrandakı səfirliklərə hücumlarda böyük sıçrayış baş verib. Sanki hansı ölkədən xoşları gəlməyibsə onun səfirliyinə hücum edib, qan tökmək adi hal alıb. Necə ki, dünən - yanvarın 27-də məhz Holokostun anım günündə, Azərbaycanın İsraildə səfirlik açmasına və ümumiyyətlə, İsraillə dost əlaqələr yaratmasına cavab mənasınd İran siyasətinin məhsulu olaraq Azərbaycan səfirliyinə qarşı terror hücumu təşkil edildi. 

Səfirliklərə və diplomatik mərkəzlərə hücumlar nəticəsində Tehranın üzləşdiyi ən mühüm diplomatik böhranlar aşağıdakılardır:

1. ABŞ səfirliyinə hücum:

Tehrandakı səfirliklərə edilən hücumlardan qalan ağrılı xatirələrdən biri də 1979-cu ilin noyabrında şahın devrilməsindən az sonra radikal meylli Xomeyni tərəfdarlarının Amerika səfirliyinə edilmiş basqındır. Bu hücumda əksəriyyəti diplomat olan 52 amerikalı 444 gün ərzində girov saxlanılıb və 1981-ci il yanvarın 20-də azad ediliblər. Hücumun səbəbkarları o zaman ABŞ-dan girovların azad edilməsi müqabilində İranda mühakimə olunmaq üçün Şah Məhəmməd Rza Pəhləvini təhvil verməsini tələb ediblər. Hansı ki, o vaxt prezident Cimmi Karterin icazəsi ilə keçmiş İran şahı ABŞ xəstəxanalarından birində xərçəng xəstəliyindən müalicə olunurdu. Karterin hakimiyyətinin son iki ilində başlayan böhran Ronald Reyqanın prezidentliyinin ilk günündə Vaşinqtonla Tehran arasında Əlcəzairin vasitəçiliyi ilə imzalanmış razılaşmanın qüvvəyə minməsi ilə sona çatıb.

Diplomatik böhranın təsirləri bu gün də davam edir. İnqilab Keşikçiləri öz təbliğat fəaliyyətləri üçün qərargah kimi Tehranın mərkəzində “casusluq yuvası” adlandırdıqları ABŞ səfirliyindən istifadə edirlər.

2. Danimarka səfirliyinə hücum:

2006-cı il fevralın 7-də İslam dünyasında narahatlığa səbəb olan karikaturaların dərcinə etiraz etmək üçün paytaxt Tehranda Danimarkanın səfirliyi qarşısında toplaşan 300-dən çox nümayişçi səfirliyə daş və molotof kokteyli ilə hücum edib, bəzi nümayişçilər isə səfirliyə divarına dırmaşıb.
“Reuters”in o vaxt hadisə yerində olan operatoru bildirib ki, 20-yə yaxın nümayişçi səfirliyi əhatə edən divara çıxıb, amma polis onları düşürə bilib. Buna baxmayaraq, radikallardan kiminsə binaya daxil olub-olmaması haqda məlumat verilməyib.

“Danimarkaya ölüm” şüarları səsləndirən nümayişçilər Danimarka bayraqlarını cırıblar.

O da bəlli olub ki, bir gün əvvəlki gecə də bir qrup iranlı Danimarkanın Tehrandakı səfirliyinin həyətinə giribmiş.

Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün öncə Stokholmda siyasi partiya sədri tərəfindən Quran kitabı yandırılıb. Amma İran hakimiyyəti İsveçə qarşı qəzəb nümayiş etdirməkdənsə, terrorçunu Azərbaycan səfirliyinə göndərdi. 

3. Böyük Britaniya səfirliyinə hücum:

Tehranın mərkəzindəki Britaniya səfirliyi 2011-ci ilin noyabr ayının sonunda “Bəsic” yaraqlıları, xüsusilə də tələbə qanadı tərəfindən hücuma məruz qalıb. London o zaman bildirib ki, İran rejiminin səssiz razılığı olmadan hücum baş verə bilməzdi. Hücumdan dərhal sonra Avropa İranın bank sektoruna qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna cavab olaraq İran parlamenti Britaniya səfirinin ölkədən çıxarılması və ticarət əlaqələrinin azaldılmasına səs verib.

Hücum zamanı tələbələr Britaniya bayrağını və Kraliça II Elizabetin portretlərini cırıb, səfirlikdəki ofislərə molotov kokteyli atıblar. Hücumun ilk saatlarında səfirliyin 6 əməkdaşı qısa müddətə girov götürülüb və sonradan diplomatik polisin vasitəçiliyi ilə azad ediliblər.

Bu hadisələr fonunda iki ölkə arasında diplomatik əlaqələr mümkün olan ən aşağı səviyyəyə endirilib, İngiltərə İran rəsmilərini ölkədən çıxarıb. İran geniş beynəlxalq qınaqla üzləşib, Almaniya, Fransa, İtaliya və Hollandiya Britaniya hökuməti ilə məsləhətləşmələr aparmaq və həmrəylik nümayiş etdirmək üçün Tehrandan səfirlərini geri çağırıb.
Tehranla London arasındakı münasibətlər dörd il ərzində, nüvə danışıqları xaricində diplomatik danışıqlar başlayanadək pozulmuş vəziyyətdə qalıb. Nüvə sazişinin elanından bir neçə həftə sonra Britaniyanın o zamankı xarici işlər naziri Filip Hammond Tehrana gedən siyasi və ticarət nümayəndə heyətinə başçılıq edib. Orada Hammond iki ölkənin səfirliklərinin yenidən açılması və diplomatik böhranın sona çatması barədə qərarı açıqlayıb. Bundan sonra diplomatik əlaqələr konsulluq səviyyəsindən səfirlik səviyyəsinə yüksəldilib və rəsmi Tehran Britaniya səfirliyinin binasına dəymiş ziyanı ödəyib.

4. Səudiyyə Ərəbistanı səfirliyinə hücum:

2016-cı il yanvarın 2-də İranın ali dini lideri Əli Xameneinin tərəfdarları və “Bəsic” üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Beləliklə, xarici səfirliklərə hücum ssenarisi təkrarlanıb. Hakimiyyətin rəsmi təxribatı kölgəsində baş verən hücum “Ər-Riyadın Tehranın daxili işlərinə müdaxiləsininə" cavab adlandırılıb.

O vaxt İran xəbər agentlikləri Səudiyyə Ərəbistanının Məşhəd və Tehrandakı səfirliyi və konsulluğuna hücumun görüntülərini yayıb. Görüntülərdə mülkün, inzibati sənədlərin, kompüterlərin və telefonların talan edildiyi, səfirliyin binasına yanğınsöndürən bombaların atıldığı əks olunub.

Dövrün prezidenti Həsən Ruhani hücumu tənqid edərək, səfirlik və konsulluqların "İranın qanunları  ilə qorunduğunu" deyib, hücumun ədalətsiz və İranın nüfuzuna qarşı "təcavüzkar və zərərli” bir hərəkət olduğunu bəyan edib. Tehran qısa zamanda təxribatçı mövqeyindən geri çəkilib.

İran Baş Prokurorluğu Səudiyyə Ərəbistanı səfirliyinin binasına daxil olan 50 nəfərin həbs edildiyini və hücumun arxasında kimin dayandığını öyrənmək üçün araşdırmalara başlanıldığını açıqlayıb.

İran xəbər saytlarının məlumatına görə, Xarici İşlər Nazirliyi təhlükəsizlik qüvvələrinin Səudiyyə səfirliyi və konsulluğunun təhlükəsizliyini təmin etməsini tələb etməsinə baxmayaraq, həmin hücumun qarşısı alınmayıb. Hücumdan bir neçə saat əvvəl İnqilab Keşikçiləri Korpusunun xəbər saytları Səudiyyə səfirliyinin ünvanını da əlavə edərək tərəfdarlarını səfirliyin qarşısına toplaşmağa çağırmışdı.

Hücumdan sonra İran diplomatik missiyası Səudiyyə Ərəbistanından qovulub və Tehranla əlaqələr kəsilib. Körfəz ölkələri də Tehrandan səfirlərini geri çağırıblar.

5. Azərbaycan səfirliyinə hücum:

Yuxarıda da qeyd etdiyimiz kimi, dünən (2023-cü il yanvarın 27-də) səhər radələrində avtomat silahla silahlanmış terrorçu avtomobillə Azərbaycanın Tehrandakı binası önünə gəlir və iranlı mühafizəçinin gözləri qarşısında səfirliyin binasına hücum edir. Avtomatdan atəş açan terrorçu səfirliyin bir əməkdaşını qətlə yetirir, digər iki nəfəri isə yaralayır. Səfirliyin başqa bir əməkdaşının igidliyi sayəsində terrorçunu saxlamaq mümkün olur və qatil daha çox diplomatı qətlə yetirə bilmir.

Çox maraqlıdır ki, insan öldürən, iki nəfəri yaralayan, ən əsası isə iki ölkə arasında münasibətləri yerə çırpan bir terrorçuya heçnə olmayıbmış kimi, İran televiziyalarına ssenari əsasında saxta müsahibələr verməsinə şərait yaradılıb. Ardıyla da rəsmi səviyyədə ilkin açıqlama verilib ki, "bu terror yox, sadəcə bir İran kişisinin öz arvadını səfirlikdə axtarması hadisəsidir".

Əlbəttə, bu cür primitiv və heç uşaqları da inandıra bilməyəcək qədər absurd açıqlamaların vaxtı çoxdan keçib. Azərbaycan, eləcə də bu terroru qınayan dünya ictimaiyyəti cinayətkar şəbəkənin ifşasını və cəzalandırılmasını tələb edir.  

Bax, İran reallığı budur, elə "Tehran 43" filmindəki sujetlərdə göründüyü kimi. Bu ölkədə diplomatik ofis açmaq istəyənlər iki dəfə düşünməlidirlər... 

Oxunma sayı 2856