“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu səbəbdən ölkəyə daxil olan valyutaların böyük hissəsi də məhz İtaliyadan daxil olur. Ələlxüsus da bu tərəfdaşlıq özünü enerji əlaqələrində, daha dəqiq desək, enerji sahəsində daha çox göstərir. Belə ki, Azərbaycan qazı artıq iki ildən artıq müddətdir ki, İtaliyaya birbaşa ixrac olunur”. Bu fikirləri hafta.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Ekspert qeyd edib ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə əvvəlki bir ildə 8,6 milyard kubmetr qaz nəql edilsə də, ötən 2022-ci ildə 11,3 milyard kubmetr qaz ixrac olunub. Onun da böyük hissəsi İtaliyaya nəql edilib.
E.Əmirov deyib ki, 2023-cü ildə də bu həcm daha da artırılaraq 11,6 milyard kubmetrə çatdırılması planlaşdırılır: “Qarşıdakı illərdə də hər il 1,2 milyard kubmetrlik artım nəzərdə tutulur ki, 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bunun da böyük hissəsi məhz İtaliyaya fokuslanıb. Eyni zamanda, İtaliyanın Azərbaycana investisiya həcmləri də getdikcə artmaqdadır. Dünən açılışı olan istilik elektrik stansiyasında da məhz avadanlıqların böyük hissəsi İtaliya şirkətlərinə məxsus idi. Bu bir daha iki ölkə arasında olan münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir”.