İlya Repinin dünya rəssamlığının şah əsərlərindən sayılan “İvan Qroznı və oğlu İvan” əsəri uzun müddətdən sonra yenidən sənətsevərlərlə görüşür. Əsər 2018-ci ildə vandalizm hücumundan altı il sonra Moskvadakı Tretyakov Qalereyasında öz yerinə qaytarılıb.
Hafta.az-ın yazdığına görə, Voronej vilayətindən paytaxta gələn İqor Podporin adlı biri sərxoş halda tabloya hücum edərək külli miqdarda ziyan vurub. Bərpa mütəxəssisləri rəsmin bərpası üçün ətraflı araşdırmaya başladılar və bu proses ümumilikdə altı il çəkdi. Təkcə rəsm əsərinin bərpası dörd il uzandı. Bərpa zamanı mütəxəssislər 20-ci əsrin əvvəllərində buraxılmış köhnə bərpa səhvlərini də düzəldiblər və rəsmi 1885-ci ildəki ilkin vəziyyətinə qaytarıblar.
Mədəniyyət naziri Olqa Lyubimova əsərin geri qaytarılmasının vacibliyini vurğulayıb və bu hadisənin ölkə üçün böyük mədəni inkişaf olduğunu bildirib. Yenidən nümayiş etdirilən rəsm əsərin bərpa prosesini və tarixini əks etdirən “İvan Qroznı və oğlu İvan: qayıdış” fokus sərgisinin bir hissəsi kimi nümayiş etdirilir. Bundan əlavə, 1913-cü ildə əsərə edilən ilk hücum və o dövrdəki bərpa işləri də sərgi çərçivəsində ətraflı şəkildə təqdim olunacaq.
İlya Repinin 1885-ci ildə tamamladığı “İvan Qroznı və oğlu İvan” tablosu təkcə bədii dəyəri ilə deyil, həm də tarixi hadisələri, dramatik prosesləri ilə diqqəti cəlb edən şah əsərdir.