ABŞ-la münasibətlərdə yaxınlaşma hiss olunur- Jalə Əliyeva

10:53 27.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar ABŞ–Azərbaycan münasibətlərində müsbətə doğru dəyişikliklər diqqət çəkir. Üçtərəfli Brüssel görüşündən sonra ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi, köməkçisi Ceyms o`Braynın Azərbaycan-Ermənistan arasında sülhlə bağlı açıqlaması, bu yaxınlarda əvvəllər işğaldan azad olunan torpaqlara səfərdən imtina edən ABŞ səfirinin Şuşaya getməsi sanki Vaşinqtonun Azərbaycanla münasibətləri normallaşdırmaq, ziddiyyətləri aradan qaldırmaq istəyini ortaya qoyur. ABŞ Azərbaycanla münasibətləri normallaşdırmaq istəyində nə dərəcədə səmimidir və bu, nə qədər realdır?

Azərbaycan–Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva “Həftə içi”nə müsahibəsində müəyyən məqamlara diqqət çəkib.

- Amerka Birləşmiş Ştatları (ABŞ)Azərbaycanla münasibətlərinin normallaşması istiqamətində hansı addımları atır və bu istiqamətdə vəziyyəti necə dəyərləndirmək olar?

- ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. Heç kimə sirr deyil ki, dünyanın idarə edilməsində ABŞ-ın rolu və təsir mexanizmləri öz qüvvəsindədir. Eyni zamanda, hər zaman dünyada ədalət və demokratik dəyərləri qorumaq əzmində olduğunu bəyan edən Birəşmiş Ştatlar təəssüflər olsun ki, 30 il Azərbaycanda yaradılan münaqişəyə qarşı ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr dövlət kimi heç bir adekvat addım atmadı. ABŞ münaqişənin sülh və ədalətli həlli üçün öz nüfuzundan istifadə etmədi, bitərəfli mövqe tutdu. Təkcə Amerika deyil, bir çox Avropa ölkələri bu günə qədər də eyni mövqedən çıxış edirlər. Hətta torpaqlarımızı işğaldan azad edəndən sonra da ölkəmizə qarşı qərəzli addımlar atıldı və bu ölkənin səfiri işğaldan azad olunan torpaqlara səfər etməkdən boyun qaçırdı. Təbii ki, münasibətlərimizdə zaman-zaman müəyyən narahatlıqlar olub. Ölkə Prezidentinin də söylədiyi kimi, Azərbaycan demokratik, müstəqil bir ölkədir, öz addımlarını müstəqil şəkildə atır və heç bir  dövlət onun daxili işlərinə müdaxilə edə bilməz. Eləcə də BMT-də bu ədalətsizliyin çözülməsi, torpaqların işğaldan azad edilməsi üçün səslərini yüksəldə bilərdilər, amma etmədilər.

Son zamanlar isə yenidən ABŞ ilə münasibətlərimizdə bir isinmə, yaxınlaşma nümayiş olunur. Brüssel görüşündən sonra ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng edib məsələ ilə bağlı izahat verməsi, artıq bu qlobal gücün regionda Azərbaycanın mövqeyini, gücünü görüb onunla hesablaşmalı olduğunu dərk etməsinin bariz nümunəsidir. Ümumiyyətlə, bir məsələni xüsusi qeyd etmək lazımdır: Azərbaycan bütün dünya dövlətləri ilə balanslı siyasət aparır, başqalarına hörmətlə yanaşır və daxili işlərinə qarışmayan siyasət yeridir. Azərbaycan dövləti eyni münasibəti özünə qarşı da tələb edir.

– İki ölkə arasında bu yaxınlasmanı zəruri edən amillər hansılardır?

– Dünyada və regionda cərəyan edən proseslərə əsasən söyləyə bilərik ki, ABŞ-nin son vaxtlar Azərbaycanla yüksələn xətt üzrə nəzərə çarpan münasibətləri ölkəmizin  bölgədə artan nüfuzu, Qərblə-Şərq arasında bir körpü rolunda çıxış etməsi ilə bağlıdır. Bu, Azərbaycanın öz dövlət başçısının timsalında getdikcə möhkəmlənən mövqeyi ilə bağlıdır. Bu gün Birləşmiş Ştatlar, eləcə də digər Azərbaycana qarşı qeyri-stabil, qərəzli münasibət nümayiş etdirən ölkələr birmənalı olaraq anlayırlar ki, Azərbaycanla əlaqələri yaxşılaşdırmaq daha məqsədəuyğundur. Dünyada baş verən coğrafi dəyişikliklərə, bölgənin geosiyasi prizmasından yanaşanda bir çox ölkələr Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda maraqlı olmalıdır. Elə bu günə qədər torpaqlarımızı işğalda saxlayan Ermənistan özü də sülh müqaviləsinin bağlanmasında, münasibətləri tənzimləməkdə maraqlı olmalıdır. Azərbaycan, sözün əsl mənasında, strateji bir ölkədir. Burada Azərbaycanın təbii sərvətləri, resursları, inkişaf səviyyəsi nəzərə alınmalı, onunla hesablaşmalıdırlar.

– Azərbaycanın erməni işğalçıları üzərində qələbəsindən sonra keçmiş ATƏT-in Minsk qrupunda olan dövlətlərdən Azərbaycana qarşı yönələn qərəzli çıxışlar nəyə hesablanırdı?

– Məlumdur ki, keçmiş həmsədr dövlətlər ATƏT-in Minsk qrupunu yenidən canlandırıb həmin qurum üzərindən bölgəyə nüfuz etməyə çalışdılar. Prezidentin də dediyi kimi, bu məsələ artıq tarixin arxivinə qoşub. ATƏT-in Minsk qrupu münaqişə dövründə hadisələrin ən qızğın zamanında Qarabağa turist səfərindən başqa heç nə etmədi. Minsk qrupu illərdən bəri haqqı tapdanan, torpaqları işğal edilən Azərbaycanda qaçqın, köçkün düşən əhalini, yerlə-yeksən edilən abidələrimizi, düşmən tapdağı altında qalan evlərimizin, ocaqlarımızın necə talan edilib dağıdıldığını görməzdən gəldi. Dünyanın başqa nöqtəsində öz maraqlarına cavab verən digər məsələlərdə hər zaman operativ addımlar atdılar. Ermənsitana “dur” deyilmədi. Ölkə Prezidenti Şuşada Mədəniyyətlərarası Dialoq konfransında bir daha çox gözəl şəkildə bəyan etdi ki, Azərbaycan müharibəyə məcbur edildi. Birləşmiş Millətlər Təşkilatının qətnamələrini Azərbaycan özü yerinə yetirməli oldu. Biz özümüz-öz torpaqlarımızda sözümüzü demək məcburiyyətində qalıb, ərazilərimizi azad etdik. Torpaqlar işğaldan azad olunduqdan sonra, ATƏT-in Minsk qrupunda olan dövlətlər yenidən həmin qurumda canlanmaq istəyir. Dırnaqarası fəaliyyətlərini eyni şəkildə bərpa etmək istəyirlərsə, əlbəttə ki, fiaskoya uğrayacaqlar. Bu gün zəfər çalmış güclü Azərbaycan var.

– İşğaldan azad olunan ərazilərə, o cümlədən Şuşaya səfərdən imtina edən ABŞ səfirinin son Şuşa səfəri istiləşən münasibətlərdən xəbər verir?

– Bu, münasibətlərdəki dəyişikliyin göstəricisidir. Bir ölkənin təmsilçisi olan səfirinin azad olunan torpağa getməməsi və yaxud  uzun fasilədən sonra getməsi, artıq heç bir reallığı dəyişdirmir. Həqiqət göz önündədir. Yaxşı olardı ki, bu isti münasibətin təsiri bölgədə Ermənistanla tez bir zamanda sülh müqaviləsinin imzalanmasına yönəlsin.  

– İki dövlət arasında münasibətləri pozan çətinliklərin arxada qaldığını söyləyə bilərikmi?

–    ABŞ–Azərbaycan arasında münasibətlərin normallaşmasını zəruri edən reallıqlar ortadadır. Bir qədər əvvəl də qeyd etdiyim kimi, artıq ABŞ bunu anlayır. Heç şübhəsiz,  Qərbin, Avropanın bölgədə müəyyən maraqları var və bu maraqlardan çıxış edərək bütün vasitələrlə üzərimizdə öz təsirlərini göstərməyə çalışacaqlar. ABŞ bu gün Azərbaycanla həm həqiqi mənada münasibətlərini yaxşılaşdıra, həm də manipulyasiya edə bilər. ABŞ-nin bölgədə iştirak etmək istəməsi həqiqətən də inkişaf məqsədini güdürsə, ikilistandartlı, bitərəfli yanaşmalarından əl çəkməlidir. Ölkəmizi bərabərhüququlu tərəfdaş kimi qəbul etməli, müstəqil siyasətinə hörmət etməlidir. Ən əsası, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə obyektiv yanaşmalıdır. Regionda sülhə, sabitliyə zərər verəcək bəyanatlardan çəkinməlidirlər.

Azərbaycan heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yeritmir. Əgər ABŞ-nin bu yumşalmalarının arxasında bəd niyyət varsa, Prezidentimizin söylədiyi kimi, yenə də qarşılarında müstəqil, güclü Azərbaycanı və onun dostlarını görəcəklər.

Oxunma sayı 127