“Abşeron” yatağı qaz ixracında yeni imkanlar açır - ENERJI

10:38 20.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb. Qeyd edək ki, bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.

Maraqlıdır, görəsən, “Abşeron” yatağında hasilata başlanılması Azərbaycanın qaz ixracına necə təsir göstərəcək?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, “Abşeron” qaz yatağının SOCAR tərəfindən təsdiq olunmuş ehtiyatı 350 milyard kubmetrdir: “Buna görə də, “Abşeron” qaz yatağı “Şahdəniz” yatağından sonra Azərbaycanın ikinci ən böyük qaz yatağı hesab olunur. “Abşeron” qaz yatağı 1960-1970-ci illərdən ixtira olunsa da, hasilatına yeni başlanılır. JOCAP (“Absheron Petroleum” Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir - bu göstəriciyə “Abşeron” yatağının ehtiyatı da daxildir. Hazırda illik qaz ixracımız 21 milyard kubmetr təşkil edir. Yaxın 5 ildə Azərbaycan indiki 21 milyard kubmetr qaz ixracını 30-31 milyard kubmetrə qədər qaldırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək artırılacağı gözlənilir”.

Ekspert həmçinin xatırladıb ki, ötən il Azərbaycanın qaz ixracından gəlirləri kəskin artdı, hətta neftdən gələn gəlirlərlə bərabərləşdi: “Bunun əsas səbəbi qaz ixracımızın əvvəlki illərə görə artması, eyni zamanda, ölkəmizdə qaz qiymətlərinin əlverişli olması idi. Qiymətlər həddən artıq bahalaşmışdı. İndi qaz qiymətləri ötənilki kimi deyil, kəskin ucuzlaşıb. Ancaq buna baxmayaraq, Azərbaycan Cənub Qaz Dəhlizinin və “Şahdəniz” yatağının istismarı ilə əlaqədar bütün hesablamalarını indiki qiymətlərə uyğun apardığına görə rentabelli şəkildə satırıq. Daha çox qaz ixracı daha çox valyuta, tədiyyə balansımızın profisitinin saxlanılması, maliyyə stabilliyi, həmçinin ölkənin neft fondunda əlavə gəlirlərin formalaşması deməkdir”.

Məsələyə münasibət bildirən enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, “Abşeron” yatağından qazın hasilatı mühüm hadisədir: “Təbii ki, ildən ilə neft və maye karbohidrogenlər hasilatı azalan Azərbaycan üçün bu əlamətdar hadisədir. Rusiya-Ukrayna müharibəsi nəticəsində enerji böhranının olması, ticari zəncirin qırılması və s. hadisələr fonunda “Abşeron” yatağında illik 1,5 milyard kubmetr qazın alınması ölkəmiz üçün yaxşı nəticədir. Bağlanmış müqavilənin kommersiya sazişinə görə, birinci mərhələdən hasil edilən bütün təbii qaz Azərbaycanın daxili bazarına yönləndiriləcək. Yəni 30 il müddətində 45 milyard kubmetr (1,5 x 30) daxili bazara yönləndiriləcək. Bu Azərbaycana “Şahdəniz” qaz yatağından özünün daxili istifadəsi üçün aldığı həcmləri azaltmaq imkanı yaradır. Bu, həm də “Şahdəniz” qaz yatağından daxili bazar üçün alınan qaz həcminin xarici bazarlara yönəldilməsi deməkdir. Bununla demək olar ki, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə yeni qaz həcmlərini mərhələli şəkildə Avropa bazarında yeni istehlakçılara çatdırması mif yox, reallıqdır. Bu həm də maksimum 2025-ci ilədək “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı təbii qazın xarici bazarlara çatdırılmasının real olduğunun göstəricisidir. Bu da ildə əlavə 2 milyard kubmetr qaz deməkdir. Bununla Azərbaycan yeni qaz həcmləri əldə etdikcə onun xarici bazarlara çıxarılması imkanları da əldə edəcək. Bunun nəticəsində istər Türkiyə istərsə də Avropa bazarında satış həcmlərini artırmaq imkanı qazanırıq”.

İ.Şaban hesab edib ki, burada iri platforma tikiləcək: “Ən azı “Şahdəniz -1” gücündə qurulacaq bu platforma ilə 8 milyard kubmetrə qədər qaz hasil etmək olacaq. Bu qazı genişləndirilmiş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac etmək mümkün olacaq.

Məlum olduğu kimi, 2007-ci ildən daxili bazarı ödəmək üçün qaz alırıq. Cari il iyulun 1-nə 58 milyard kubmetr qaz alınıb. “Şahdəniz-1” layihəsindən daxili bazara 4-4,5 milyard kubmetr qaz gəlir.  Nəzərə alsaq ki, “Abşeron” yatağından da daxili bazar üçün 1,5 milyard kubmetr qaz əldə olunacaq,  bu zaman “Şahdəniz”dən gələn qazın bir hissəsini “Abşeron” qazı ilə əvəzləyərək, “Şahdəniz”ində ixrac üçün imkanları artacaq.  Bu il ötən illə müqayisədə Avropa bazarında təqribən 500 milyon kubmetr daha çox qaz satmaq planlaşdırılır. Ötən illə müqayisədə Türkiyə bazarında qaz həcmləri 1 milyard artırılacaq. Ölkəmiz mərhələli şəkildə Cənub Qaz Dəhlizini genişləndirməyə çalışır.

Prezident İlham Əliyev bildirmişdi ki, BP ilə birgə  “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı qazın tezliklə bazara çıxarılması üzərində iş gedir. Bu gün Azərbaycan 35 milyard kubmetr əmtəəlik qaz hasil edirsə gələcəkdə bunu 45 bəlkə də 50 milyarda çatdırmaq imkanlarımız olacaq”.