Ağdamım - sınmayan  qalib qalam... 

13:57 10.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

   Güntəkin xanım,  Ağdama getmək istəyərsinizmi? Telefonda eşitdiyim səs məni silkələdi: “Əlbəttə”. “Nə vaxt və harada görüşürük?”. “Səhər saat 03:30- da, AzTV-nin qabağında olun”.

 ...Sanki yuxudan ayılıram. Özümü ələ almağa çalışıram. Yata biləcəyəmmi? Əlbəttə, yox! Yatmaq olmaz, birdən “iraq olsun” gecikərəm...

         31 may 2021-ci il. 28 ildə birinci dəfədir ki, Dördyoldan  Ağdama tərəf irəliləyirəm. Hər tərəfdə dağıntı, kol-kos, vəhşi millətin istehkam qalıqları, minalanmış ərazilər... Hələ ki, heç nə tanış gəlmir, birdən “Bura Uzundərədir”,  – deyə qışqırıram. Bu da körpü, dağılsa da, bir az tanımaq olur buranı. Mən gözləyirəm ki, indi Ətyeməzli, 50 nömrəli məktəb, böyük avtovağzalımızdan, heç olmasa, bir şey görəcəyəm, amma əfsuslar olsun ki, heç nə yoxdur!

        Aha, məscidimiz görünür, şükür Allaha, oradan evimizə gedə bilərik. Məscidin qabağından hara gedəcəyimi bilmirəm. Dəhşətli bir görüntüdür. Küçələr sanki kiçilib, hər tərəf dağılıb, istiqaməti tapa bilmirəm. Vaxtilə Ağdam Şəhər Sovetində işləmiş Zülfü müəllim bizi Mədəniyyət evinin yanına aparacağına söz verir. “Mədəniyyət evini tapsaq,  evimizi də tapacağam”, –  deyə fikirləşirəm. “Hə, bax, bura restorandır, bura bulvardır, bura “beşmərtəbə”, bu da Mədəniyyət evi”, –  Zülfü müəllimin səsi eşidilir.  Donub qalmışam. Əslində, bir neçə daş topası, kol-kosdan başqa heç nə yoxdur. Çox böyük axtarışdan sonra Səmayə xalanın çörək dükanı olan ərazini təxmin edirik. 100 metr də irəliləsək, evimiz olmalıdır burada. Yol nəsə bağlıdır, ərazi minalanmış ola bilər! Təsəvvür edirsinizmi?

         Biri var idi, biri yox idi... Məşədi Abbas küçəsində qarşısında gülçardaqlı ikimərtəbəli evimiz var idi. Fikirləşirdim ki, heç olmasa atamın əkdiyi ağaclardan nəsə qalıb. Heç olmasa bir xatirə,  bir yadigar, bir iz. Heç nə tapa bilmədim.

   Vaxtilə Natavan qızlar bayramına getdiyimiz imarət də dağıdılıb, bir neçə tikili qalıb. Gözəl əsərlərə tamaşa etdiyimiz Ağdam Dram Teatrının  bir neçə divarı qalıb. “Bu binanı Hirosimadakı kimi saxlamaq lazımdır”, – deyə düşünürəm. Şərq üslubunda tikilmiş yapon məbədlərini xatırladan Çay evimiz də mütləq bərpa olunmalıdır, çünki o, Ağdamın simvollarından biri idi.  Həmçinin Çörək Muzeyi də bərpa olunmalıdır.

Xəyallar içərisində dağıdılmış şəhərimə tamaşa edirəm, göz yaşlarımı saxlaya bilmirəm. Bu bulvarda  uşaq vaxtı yay düşərgələrinə gedirdik. “Qarabağ bülbülləri”nin yaradıcısı  Murad Rzayev mənə söz də vermişdi, Cavidin “Qız məktəbində” şerini demişdim. Yamyaşıl bulvarımız tikanlı, qanqallı bir xarabazara  çevrilib.

  “İndi isə Şahbulağa gedəcəyik”, – Ayşən xanımın səsi məni, sanki yuxudan oyadır.  Axır ki, doğma Ağdamımı xatırladan bir yerə gəlib çıxıram. Möhtəşəm qala məni “yıxılmağa” qoymadı. Heç olmasa bura qalıb. Buz kimi suyu ilə, yaşıllığı, gül-çiçəyi ilə sanki yarama məlhəm olur.

   Ağdamımız bərpa olunmağa başlayıb. Doğma  şəhərimdə gələcəkdə həm Avropa, həm də Şərq üslubunda olan binalar göz oxşayacaq, kanallar çəkiləcək,  süni salınmış göldə qayıqlar üzəcək, çox böyük yaşıllıqlar salınacaq, hətta tramvay və velosiped yolu da çəkiləcək. Əlbəttə, bütün bunlar çox gözəl layihələrdi. Bir məsələnin də həllini tapacağına əminəm. Bütün ağdamlılar kimi məni də narahat edən məsələlərdən biri Qarağacı qəbiristanlığı ilə bağlıdır. Bilirik ki, Ağdamın, hətta cansız cəsədlərindən belə qorxan ermənilər qəbiristanlığını da vəhşicəsinə dağıdıblar. Hamımızın orada  doğmaları uyuyur. Bu ərazinin ziyarətgaha  çevrilməsini arzulayıram. Yəqin ki, əlaqədar qurumlar bu məsələni də həll edəcəklər....

  Mərd sərkərdəmiz, Ali Baş Komandanımızın rəhbərliyi ilə Ağdamı tez bir zamanda dirçəldəcəyik. Buna heç şübhəm yoxdur.

  Ağdamla vidalaşıram... Sanki bir canlı ilə söhbət edirəm. Sənin səhralığa çevrilmiş torpağını övladların göz yaşları ilə sulayacaq, yaranı saracaq, torpağını öpəcək. Bizi əfv edəcəksənmi????

Güntəkin Məmmədova, Prezident mükafatçısı

Oxunma sayı 1028