Akkuyu AES-lə bağlı mütəxəssislər nə deyir?

09:30 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nəhayət, Rusiyanın Türkiyədə tikdiyi Akkuyu Atom Elektrik Stansiyasının ilk blokuna nüvə yanacağı doldurulmağa başlandı və bununla da təsis rəsmən nüvə enerji mərkəzi status aldı.

Çoxlarının zəlzələ bölgəsində yerləşən Türkiyədə belə bir stansiyanın tikilməsini risqli adlandırdığı halda, Akkuyu AES-in ölkəyə əhəmiyyəti və ya zərəri nə qədərdir?   

Hafta.az-ın yazdığına görə, İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) rəhbəri Sinan Ülgən enerji siyasətinin uzunmüddətli perspektivdə qiymətləndirilməsi lazım olduğunu və enerji təhlükəsizliyini təmin etmək üçün davamlı olaraq enerji istehsal edən bəzi mənbələrə ehtiyacın davam etdiyini bildirir.

Yenilənə bilən qaynaqlarda hələ də bu davamlılığın təmin olunmadığını söyləyən Ülgən, nüvə yanacağından başqa heç bir idxal girdisinə ehtiyac duymayan və xüsusilə karbohidrogenlər baxımından müstəqil bir istehsal üsulu olan Türkiyənin istehsal portfelinə nüvə enerjisinin də daxil edilməsini tapdığını söyləyir. Onun fikrincə, bu, enerji təchizatının təhlükəsizliyi baxımından olduqca faydalıdır.

Bu arada, Xarici Siyasət Araşdırmaları İnstitutunun Tədqiqat Direktoru Aaron Stein, son aylarda Twitter hesabında etdiyi paylaşımda Akkuyu AES-i belə təyin edir: “Əsasən ruslar (və Rusiyadakı institutlarda təhsil almış türk personalı) tərəfindən idarə olunan Rusiya AES-i Türkiyənin cənubunda bir rus şirkəti tərəfindən türk işçiləri ilə rus yanacağı və Rusiyanın gerigötürmə müddəaları ilə tikilib. “Tik-İşlət-Sahib Ol” modeli ilk dəfə nüvə sənayesində tətbiq edilir. Müvafiq olaraq, Akkuyu AES tikintisi başa çatdıqdan sonra Türkiyəyə verilməyəcək və “Rosatom”un nəzarətində qalacaq”.

Layihənin istismara verilməsi ilə Türkiyə “Rosatom”a enerji üçün 15 il müddətində hər kilovatsaat üçün 12,35 sent ödəyəcək. Bəzi analitiklər bunun dünya orta göstəricisindən 2-3 dəfə yüksək olduğunu düşünürlər.

Bunun Türkiyənin üstünlük verdiyi model olduğunu və operatorun obyekt üçün lazımi sərmayəni yatırması lazım olduğunu söyləyən Ülgən, Rusiyanın bazara satacağı elektrik enerjisi hesabına investisiyasını geri alacağını bildirir.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə Moskvanın dünya ilə əlaqələrində yeni səhifə açıb. Bu prosesdə Türkiyə Rusiyaya tətbiq edilən embarqoya qatılmadı, Ukraynaya pilotsuz uçuş aparatları (PUA) satmağa davam etdi, Rusiya və Ukrayna taxılının Qara dənizdən təhlükəsiz çıxarılması üçün əldə edilən Taxıl Dəhlizi Razılaşmasının mühüm aktyoru oldu. Akkuyu AES də daxil olmaqla, ölkələrin gündəmində olan böyük enerji layihələri ikitərəfli əlaqələr üçün mühüm olaraq qalır.

Rusiyada fəaliyyət göstərən Yeni Türkiyə Araşdırma Mərkəzinin (YETAM) rəhbəri Yuri Mavaşev Akkuyu AES layihəsinin əhəmiyyətini qiymətləndirərək, "Akkuyu bütün dünyaya Rusiyanın silinə və ya tamamilə təcrid oluna bilməyəcəyinin göstəricisidir" deyir və davam edir: “Rusiya bununla da Şərq və Afrika ölkələri üçün faydalı ola biləcəyini, bu regionlar uğrunda Avropa ölkələri və ABŞ-la rəqabətə hazır olduğunu bildirir. Akkuyu gələcəyin sığortası növüdür. Kreml hesab edir ki, Türkiyə enerji baxımından Rusiyanın cibindədir. Rusiya Türkiyənin enerji bazarının düzgün istiqamətdə olduğuna inanır. Ukrayna müharibəsinə baxmayaraq, Rusiyanın bu cür layihələri davam etdirməməsi üçün heç bir səbəb görmürəm”.

Digər tərəfdən Ukraynanın “Rosatom”a qarşı müxtəlif beynəlxalq sanksiyaların tətbiqi tələbinə toxunan Mavaşev deyir ki, Avropa bazarı ilə əlaqələri nəzərə alınmaqla şirkətin gələcəyi qeyri-müəyyəndir.

Anti-Nüvə Platforması (NKP) bu yaxınlarda “Akkuyu-ya nüvə yanacağı gətirilməməlidir” başlığı altında Türkiyə Həkimlər Birliyi və Konfederasiya daxil olmaqla 54 anti-nüvə qurumu və qeyri-hökumət təşkilatının imzası ilə bir mesaj yayımladı və iqtidara namizəd olan bütün siyasi partiyalara xəbərdarlıq edib.