Almaniya prezidenti Frank-Valter Ştaynmayer Tanzaniyaya səfəri zamanı Maji Maji Muzeyində verdiyi açıqlamada "Almanların əcdadlarınıza etdikləri üçün əfv diləyirəm" deyib.
Hafta.az-ın yazdığına görə, Tanzaniya ilə ortaq gələcək qurmaq istədiklərini və keçmişdə baş verənləri öz ölkəsində izah edəcəyini bildirən Ştaynmayer Almaniyanın müstəmləkəçilik dövründə Tanzaniyada törətdiyi cinayətlərdən utandığını dilə gətirib.
Ərəb hökmranlığından sonra 1880-ci ildən 1919-cu ilə qədər Almaniyanın müstəmləkə hakimiyyəti altında qalan Tanzaniya torpaqları Millətlər Liqasının yaradılması ilə İngiltərənin hakimiyyəti altına keçib.
1905-1907-ci illər arasında Alman koloniyasına qarşı Maji Maji üsyanı şiddətlə yatırılıb, müqavimətdə təxminən 200-300 min insanın öldürüldüyü təxmin edilir. Tanzaniya müstəmləkə dövründə həlak olan müqavimət döyüşçülərinin qalıqlarının Almaniyadakı muzeylərdən götürülərək ölkəyə qaytarılması üçün bu ölkə ilə danışıqlara başladıqlarını açıqlamışdı.