Anasından alınan dörd azyaşlının izi ilə... - UŞAQLAR SIĞINACAQDA, ANA ÖVLADLARINI İSTƏYİR

12:24 12.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən ay sosial şəbəkədə Xırdalan şəhərinin “Bombey” adlandırılan məhəlləsində 4 uşağın çox pis şəraitdə, paltarsız yaşamaları ilə bağlı görüntülər yayılmışdı. Məsələni işıqlandıran Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ardınca İcra Hakimiyyətinin nümayəndələri və polislərlə birgə həmin əraziyə baxış keçirərək uşaqları analarından ayıraraq sığınacağa yerləşdirmişdilər. Hafta.az-ın əməkdaşı həmin uşaqların hazırkı vəziyyəti və gələcək taleyinin izi ilə üz tutdu Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə. Burada mərkəzin rəhbəri ilə həmsöhbət olub, vəziyyətin nə yerdə olduğu ilə maraqlandı.

Saxta sənəd iddiası

Kəmalə xanım deyir ki, bu gün həmin ana uşaqları təkrar öz himayəsinə almaq istəyir. Bunun üçün arayış və digər sənədləri də toplamağa başlayıb:

“Ana arayış alıb ki, guya nə narkotik maddə istifadəçisi, nə də spirtli içki düşkünüdür. Hansı ki, o qadın heç ayaqüstə dayana bilmir. Elə öz uşağı o günlərdə qadına deyir ki, “Mama, yenə də içirsən?”. O da cavab verir ki, “Hərdənbir”. Deməli, uşaq özü də hər şeyi bilir. İndi biz durub laboratoriya müdirinin cavabına əsasən bu uşaqları valideynə necə verək?”.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Abşeron Rayon İcra Hakimiyyətində məsələ ilə bağlı iş gedir. Prosesin nə cür yekunlaşacağı isə rəsmi qurumların qərarından asılıdır:

“Respublika Baş Prokurorluğunun açıqlaması da olmuşdu ki, ananı valideyn hüququndan  məhrumetmə məsələsi gündəmdədir. Təbii ki, hər şey onların verəcəyi qərardan asılıdır. Mənim  edə biləcəyim heç bir şey yoxdur”.

K.Ağazadə sığınacağa yerləşdirilmiş 4 uşaq barəsində danışarkən vurğuladı ki, onlar bu müddət ərzində çox dəyişiblər:

“Uşaqlar indi burada reabilitasiya keçirlər. Tədris yaşında olanlar oxumağa meyillidirlər. Üçüncü uşaq bura gətiriləndə dil qüsuru var idi. Bu da yavaş-yavaş aradan qaldırılır. Balaca sözlər deyir, fikrini çatdırmağı bacarır”.

Abşeron Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Hafiz Mikayılov hafta.az-a söylədi ki, məsələ  qurumun diqqətindədir:

“Qadın Maştağada psixoloji yoxlanışdan keçib. Övladlarını almaq üçün səy göstərir. Biz onun yaşadığı evi təmizləyib sahibinə təhvil verdik. Özü isə hazırda beşinci uşağının atasının evində məskunlaşıb. İndi iş baş prokurorluğun nəzarətindədir. Buna görə də mövzu ilə bağlı dəqiq fikir bildirə bilmirəm. Planımız budur ki, uşaqlar anadan alınıb uşaq evinə yerləşdirilsin”.

Baş Prokurorluqdan isə bildirildi ki, artıq məsələ məhkəmənin nəzarətindədir:

“İş bizim nəzarətimizdən çıxıb, məhkəmədədir. Ona görə də bununla bağlı məlumat verə bilməyəcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız cavab isə lap qəribədir.

Belə ki, sən demə, quruma problemlə bağlı heç bir şikayət daxil olmayıb. Məsələnin hansı yerdə olduğundan belə məlumatsızdırlar.

Daha sonra qadının həyat yoldaşı, doğulacaq beşinci uşağının atası Rüfət bəy hafta.az-a danışdı. Söylədi ki, anaları dünən sığınacağa gedib, uşaqlarla görüşüb. Oradan deyilib ki, 1 həftəyə gəlib uşaqları apararsınız:

“Həkim müayinəsi tələb olunurdu, ondan da keçdi. Nəticə də tər-təmiz çıxdı. Sadəcə olaraq İcra Hakimiyyətindən Hafiz Mikayılov arayış yazıb verməlidir”.

Müsahibimizin fikrincə, proses yaxın zamanlarda yekunlaşacaq. Həmçinin o, işlə bağlı vəkil tutmadıqlarını da dilə gətirdi:

“Bizim məhkəməlik işimiz yoxdur. Lazım olan Narkoloji Dispanserdən arayış idi, onu da alıb verdi. Ölüm hadisəsi deyil, cinayət işi deyil ki, biz vəkil tutaq. Kirayə qaldığı evi çəkib paylaşıblar. Burada nə var ki? Azərbaycanın yarısı kirayədə qalır. Qadın iş tapmayıb, sosial yardım düzəldilir. Özünə və hər uşaq üçün ayrıca 175 manat aylıq məvacib ayrılacaq ki, bu da 875 manat edir. Sosial yardımla bağlı bütün məlumatlar Xırdalandan Sumqayıta göndərilib. Onlar da deyiblər ki, “Get bizdən zəng gözlə”. Yəni sosialla bağlı məsələ, demək olar ki, həll edilib. Bir qalıb kartı almaq. Hər ay 875 manat pulu olandan sonra, başqa nəyəsə onun ehtiyacı olmayacaq. Şəhərdə kirayə qiyməti 250 manata olan içidolu bina evləri doludur. Prosesin 1 həftəyə yekunlaşacağını düşünürəm”.  

Həmsöhbətimizin icra rəsmisinin dediyi “Əsas məqsədimiz uşaqların uşaqlar evində yerləşdirilməsi məsələsidir” fikrinə münasibəti bu cür oldu:

“Uşaqların anası var və o, övladlarından imtina etməyib. Sosial yardım da təyin edilir. Başqa bir problem yoxdur. Sadəcə olaraq, Kəmalə xanım özünü reklam etmək məqsədilə haradansa uşaqların videosunu tapıb paylaşıb. Videonu da transformatorda işləyən şəxs çəkib yayıb. Yay vaxtı uşaq çölə paltarsız çıxıb, burada təəccüblü nə var? Çəkib qoyub ora ki, bu uşaqların yiyəsi yoxdur”.

Rüfət bəy söhbət əsnasında beşinci uşağın atası olduğunu, rəsmi sənədlərdə də belə qeydiyyata alınacağını bildirdi. Ana ilə danışmaq istəsək də, bu mümkün olmadı:

“Ana indi Əhalinin Sosial Müdafiəsi Fondunun Nəsimi rayon şöbəsinə gedib. Səbəb isə  2 il əvvəl dünyaya gətirdiyi uşağa görə südpulunu hələ də ala bilməməsidir”.

Sonda isə məsələnin hüquqi tərəfinə dair suallarımızı hüquqşünas Emil Aslanlı cavablandırdı. Vəkil  hazırkı vəziyyətdə qadının uşaqları almasında hüquqi baxımdan heç bir problem görmür:

“Ana öz övladlarını sığınacaqdan geri götürmək istəyirsə, müvafiq icra hakimiyyəti orqanının yeni rəyini almalıdır. Həmçinin onun içki aludəçisi olmadığına dair əlavə ekspertizaların da cavabına ehtiyac yaranır. Ekspertizalar nəticəsində ananın uşaqlarına qayğı göstərmək, onlara baxmaq iqtidarında olması müəyyən edilməlidir. Bunlar müəyyən olunduqdan sonra, müvafiq icra orqanı sərəncamla uşaqların yenidən bioloji anaya qaytarılması ilə bağlı qərar qəbul edə bilər”.

Beləliklə, indi gələcək taleləri həll olunan 4 kiçik azyaşlının analarından alınacağı, yaxud yenidən onun himayəsinə veriləcəyi ilə bağlı qərar yaxın günlərdə açıqlanacaq. İstəyimiz isə qərarın uşaqlar üçün ən doğru olan yanaşma ilə qəbuludur...

Fürsətdən istifadə edib uşaqların saxlandığı Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin fəaliyyəti ilə də maraqlandıq.

Uşaq Sığınacağının bu günü 

Həmsöhbətimiz Kəmalə xanım Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında bizləri maraqlandıran bəzi sualları cavablandırdı. Bildirdi ki, rəsmi olaraq Azərbaycan Uşaqları İctimai Birliyi Ədliyyə Nazirliyində 1993-cü ildə qeydiyyatdan keçib:

“Təşkilat uşaq hüquqlarının müdafiəsi maraqları istiqamətində fəaliyyətini formalaşdırır. Burada məişət zorakılığı və insan alveri qurbanları olan uşaqlara reabilitasiya həyata keçirilir. Birliyimiz bir neçə beynəlxalq təşkilat və quruma üzvdür. Misal olaraq insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını, Qafqaz Uşaq Şəbəkəsini göstərə bilərəm.

 2007-ci ildən etibarən təşkilatın nəzdində günərzi mərkəz də fəaliyyət göstərir. Bu, baxımsız vəziyyətdə olan uşaqların reabilitasiyası və onlara dəstək mərkəzidir. Eyni zamanda zorakılığa və şiddətə məruz qalan uşaqların sığınacaqla təmini də həyata keçirilir. Hazırda təşkilatın daha çox Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi gözə dəyir. Sayı bəlkə də mini ötən müxtəlif layihələrimiz var. Misal olaraq deyə bilərəm ki, yapon səfirliyinin xətti ilə 2013-2014-cü illərdə Hacıqabul rayonunun iki kəndində böyük komplekslər tikib Səhiyyə Nazirliyinə təhvil vermişik”.

Sığınacaqlar daimi deyil

Müsahibimiz bir məqamı da vurğuladı ki, sığınacaqlar daimi deyil. Burada zorakılığa məruz qalmış uşaqların reabilitasiyası təşkil edilir ki, müddəti 1 ay da ola bilər, illərlə də...

“Təbii ki, hər şey zorakılığın formasından asılıdır. Hazırda 11 nəfər uşaq rəsmi olaraq dövlət tərəfindən mənim qəyyumluğuma verilib. O uşaqlar da elə yaşdadırlar ki, onların uşaq müəssisəsinə yerləşdirilməsi yenidən travma almaları deməkdir”.

Kəmalə xanım cəmiyyətimizdə uzun illərdir övladlığa uşaq götürmə ilə bağlı yanlış düşüncənin formalaşdığını da dilə gətirdi:

“İllərdir, insanların beynində belə bir mif formalaşıb ki, kim istəsə pulunu verib övladlığa uşaq götürə bilər. Mənim təcrübəmdə heç vaxt belə şey olmayıb. Əvvəllər proses bir qədər pərakəndə həyata keçirilirdi. İndi bunların hamısı DOST Agentliyinin tərkibindəki Övladlığa Uşaq Götürmə Departamentində həyata keçirilir. Burada övladlığa getmə şansı olan uşaqların və övladlığa uşaq götürmək istəyənlərin bazası yaradılıb”.

Sığınacağa hansı uşaqlar yerləşdirilir?

Sədr hazırda daha çox həssas qrup adlandırdıqları ailələrin uşaqlarının sığınacağa yerləşdirildiyini söylədi. Təəssüf hissi ilə vurğuladığı bir məqam isə həqiqətən ürək dağlayandır:

“Elə uşaq var ki, valideynlərinin psixi problemləri var, yaxud da heç bir ailə dəyəri yoxdur. Təəssüflər olsun ki, sığınacaqlara düşən uşaqların əksəriyyətinin taleyinə baxanda cinsi-fiziki zorakılıq faktları ilə qarşılaşırıq. Ən ağrılı məqam isə ondadır ki, belə halları heç də kənar adamlar etmir... Edənlər elə öz doğmaları olur”.

Dövlət maliyyə dəstəyi vermir

Bu məqamda bir haşiyə çıxmaq istərdik. Sən demə, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi olan xidmətə dövlət tərəfindən heç bir maliyyə dəstəyi edilmirmiş. Bu yalnız xeyriyyəçi insanların sayəsində fəaliyyət göstərir:

“Bütün gördüyümüz işlərin hamısı xeyriyyəçi insanların sayəsində həyata keçirilir. Sığınacaqda xidmət göstərən 8 əməkdaş Beynəlxalq Miqrasiya Təşkilatının İnsan Alverinin Potensial Qurbanlarına reabilitasiyanın həyata keçirilməsi çərçivəsində xidməthaqqı alırlar”.

O zaman belə çıxır ki, təşkilat bəzi hallarda maliyyə çətinlikləri ilə üzləşə bilir. K.Ağazadənin sözlərinə görə, bəzən yox, maliyyə çətinlikləri hər zaman ola bilir:

“İstər icarəhaqqını ödəmək baxımdan olsun, istərsə də kommunal xərcləri. Bununla belə bizim özümüzü uşaqlarla reklam etdiyimizi düşünənlər var. İşimiz göz qabağındadır. Dünən sosial şəbəkədə valideynlərin danışığı zamanı şiddət görən 9 yaşlı qızın görüntülərini paylaşdım. Dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi məsələyə reaksiya verdi. Ardınca da 1 saatın ərzində həmin ata tapılaraq istintaqa cəlb olundu”.

Təhsil və sağlamlıq

Nəzərinizə çatdıraq ki, sığınacaqda uşaqların reabilitasiyası ilə yanaşı, təhsilinə və sağlamlığına da xüsusi diqqət verilir. Belə ki, buraya daxil olan hər bir uşaq ilkin olaraq 20 saylı poliklinikada tibbi müayinələrdən keçirilir. Əgər uşaq məktəb yaşındadırsa, onun məktəbə bərpası, birinci sinfə gedəcəksə, qeydiyyatı birlik tərəfindən təşkil olunur. Mərkəzdə uşaqların hamısı, hətta heç bir sənədi olmayan belə bu gün təhsilə cəlb olunub.

Reabilitasiya mərkəzinin sədri uşaqların cəmiyyətə adaptasiyası mövzusunda danışarkən bildirdi ki, adaptasiya zorakılıq görmüş uşaq üçün heç də asan deyil. Bu zaman yaş faktoru mühüm rol oynayır:

“Vyanada beynəlxalq tədbirlərin birində qaraçılarla işləyən icma rəhbəri var idi.  O, uşaqların cəmiyyətə  adaptasiyasından danışanda söylədi ki, “Əgər bir uşaq küçədə 1 gününü keçirirsə, onun reabilitasiyasına ən azı 1 ay vaxt lazımdır”.

Ən böyük uşaq 15 yaşındadır

Yeri gəlmişkən nəzərinizə çatdırmaq istərdik ki, bu gün sığınacaqdakı ən böyük uşaq 15 yaşındadır. Gələcəkdə bu uşaqların işlə təmin olunması və sağlam gənc olaraq yetişdirilməsi üçün rəhbərlik tərəfindən müxtəlif addımlar atılır:

“Məndə bir neçə qız var ki, onlar buranı öz doğma evləri bilirlər. Ən böyüyü 15 yaşındadır. Düşünürəm ki, həmin uşaqlar 18 yaşlarını da burada qeyd etsinlər. Daha sonra elə edək ki, ixtisaslaşmış bir mütəxəssis kimi ya bizim yanımızda, ya da başqa xidmətlərimizdə çalışmaq şansları formalaşsın”.

Əvvəldə qeyd etdiyimiz kimi, bu gün sığınacağın rəhbəri Kəmlə Ağazadənin qəyyumluğunda 11 nəfər uşaq var. Digər balacaların isə reabilitasiyası bitdikdən sonra, uşaq müəssisələrinə getmə məsələləri var. Bundan başqa, məsuliyyətsizliyə görə uzaqlaşdırılan valideynlərin uşaqlarına qovuşmaq şansı qalmaqdadır. Bu baxımdan müəssisə qəyyumluq yox,  reabilitasiyaya ehtiyacı olan uşaqların qəbuluna üstünlük verir.

2007-ci ildən indiyə qədər Kəmalə xanımın qəyyumluğuna verilən 54 uşaq olub. Onların övladlığa veriləni, ali təhsil alanı, hərbi xidməti bitirib işlə təmin olunanı və xaricə gedəni belə var.

“Mənim atam əsgərdir”

Pandemiyadan öncə sığınacaq öz qapısını ziyarətçilərin üzünə də açırmış. Kəmalə xanım bu barədə danışarkən bildirdi ki,  həddindən artıq çox ziyarətçi qəbul edirdik. Pandemiya ilə əlaqədar olaraq biz bu ziyarətlərin qarşısını almışıq:

“Sığınacaqda qalan uşaqlar bu günə qədər “ana” sözünü çox sıx işlədirlər. Bizim balacalar dil açanda bizi görüb ana deyiblər. Ata deyən isə yox idi. 44 günlük müharibə zamanı təşkilat olaraq cəbhəyə xeyli qatqılarımız oldu. Uşaqlarla bayraqlar  tikib cəbhəyə yolladıq. Hansı ki o bayraqlar haralarda dalğalanmadı? Bizim uşaqlar da əsgər obrazında ata sözünü öyrəndi. İçəri bir əsgər, qazi girəndə ona “Ata” deyə müraciət etdilər. Hər balacanın dilində bir cümlə oldu, “Mənim atam əsgərdir”.

Sonda isə uşaqların oyun otaqlarında olub, onların əyləncələrinə şahidlik etdik. Gələcəyimizə ümid olan uşaqların sabaha sağlamdüşüncəli gənc kimi yetişdirilməsi cəmiyyət olaraq hər birimizin öhdəliyidir.  Üzlərdə təbəssüm yaradan balaca fidanlarla sağollaşıb yolumuza davam edirik...