Argentinada bir şirkət istifadəyə yarasız tullantı avtomobil şinlərindən ayaqqabı istehsal edir.
Hafta.az-ın El Pais-ə istinadən yazdığına görə, 10 il əvvəl qurulan "Xinca"nın reklamında “Ayaqqabılarımız zibildir” ifadəsi işlədilir.
Rəsmi məlumatlara görə, 2021-ci ilədək 15 milyon motorlu nəqliyyat vasitəsinin olduğu bu Cənubi Amerika ölkəsində ildə 130-150 min tullantı təkər istehsal olunur. Bununla belə, təkər istehsalçılarından parçalanması 600 ildən çox vaxt tələb oluna bilən bu materialın təkrar emalı tələb edilmir.
Tullantı təkərlər bu ölkədə bir qayda olaraq qeyri-hökumət təşkilatları və şirkətlər tərəfindən təkrar emal olunur. Bu şirkətlərdən biri olan "Xinca", Mendoza əyalətində Alexandro Margor, Nazareno El Hom və Ezequiel Gatti tərəfindən təsis edilib. Şirkət tullantı təkərləri toplayan təkrar emal müəssisəsi ilə işləyir.
Margor vurğulayıb ki, tullantı təkərlərin əksəriyyəti ölkədə təkrar emal olunur. Afrikada sandalların adətən tullantı təkərlərdən hazırlandığını deyən iş adamı bunların xarici görünüşünün çox da bəyənilmədiyini bildirib: "Zibildən keyfiyyətli məhsul hazırlana biləcəyini göstərməklə bu anlayışı pozmaq istədik. Təkərlərin cəmi 5-7 faizi təkrar emal olunur. Amma biz bilirik ki, ayaqqabı tikmək biznesin yalnız bir hissəsidir. Əgər sata bilmirsinizsə, təkrar emal işləmir. Buna görə də biz sadə, köhnəlməyən, uniseks ayaqqabılar dizayn edirik".
"Xinca" davamlı məhsulların baha olması ilə bağlı təsəvvürü də qırmaq istəyib. Argentinada beynəlxalq markaların ayaqqabıları 20 min pesoya (təxminən 157 manat) satılır. "Xinca"nın ən ucuz ayaqqabıları 6 min pesodur (təxminən 45 manat).
Şirkətin regionda sosial təsiri də var. Çünki istehsalın 90 faizi San Felipe Mendoza həbsxanasındakı emalatxanalarda həyata keçirilir.
"Biz şansı olmayan insanlarla işləmək istəyirdik", - deyib Margor.
"Xinca"nın əməkdaşı Ana Maria Alfaro 14 il həbsdən sonra 2019-cu ildə azadlığa çıxdığını və həbsxanadakı emalatxanalarda öyrəndikləri ilə "Xinca"da işə düzəldiyini bildirib.
Digər tərəfdən, "Xinca"nın səylərinə baxmayaraq, tullantı təkər problemi Argentinada ətraf mühiti çirkləndirməyə davam edir. Çünki şirkətin səy və digər təşəbbüsləri yetərli deyil. "Fundacion Ambiente y Medio" ətraf mühit təşkilatı təkərlərin zibilliyə düşdüyünü və tez-tez yandırıldığını bildirib. Onlar yandırıldıqda kükürd və karbon qazı kimi insan sağlamlığına və ətraf mühitə zərər verən maddələr ortaya çıxır.