Artan buğda idxalı - TƏHLİL

10:10 22.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın hələlik buğdaya olan tələbatını yerli imkanlar hesabına ödəməsi mümkünsüzdür

 

Biz həm bitkiçilik məhsulları, həm də heyvandarlıq məhsulları ilə özümüzü təmin edə bilərik

 

Azərbaycan bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalını artırıb. Belə ki, 2023-cü ilin yanvar-may aylarında ölkəmizə 134 mln. 904 min dollar dəyərində 450 min 152 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 25.6 faiz və ya 94 min 527 ton, məbləğ baxımından isə 8.8 faiz və ya 10 milyon 854,64 min dollar çoxdur. 2022-ci ilin ilk 5 ayında Azərbaycana 124 milyon 49 min dollar dəyərində 355 min 625 ton buğda idxal edilib. Cari ilin yanvar-may aylarında buğdanın idxal qiyməti ötən ilin eyni dövri ilə müqayisədə 14 faiz azalıb.

Yeri gəlmişkən, hazırda ölkədə biçin mövsümüdür. Azərbaycanda əkin sahələrinin 26,5 faizində taxıl biçini yekunlaşıb. Artıq sahələrdən 641423 ton arpa, 213460 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 52,8 faizdə, buğda sahələrinin isə 10 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29.8 sentner, buğda üzrə isə 33,3 sentner təşkil edib.

Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Ümumiyyətlə isə Azərbaycan hökuməti müasir suvarma sisteminə əsaslanan keyfiyyətli buğda istehsalını stimullaşdırmaq üçün 2022-ci ildə bir sıra addımlar atıb. Prezidentin iyulda imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanına əsasən, 5 il müddətində pilot suvarma sistemindən istifadə edərək keyfiyyətli məhsul yetişdirən hüquqi və fiziki şəxslərə dəyirman və Dövlət Taxıl Fonduna təhvil verdikləri məhsula görə susbsidiya ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu sibsidiyanın həcmi hər tona görə 100 manat təşkil edəcək. Eyni zamanda dövlət pivot suvarma sistemlərinin idxalını da subsidiyalaşdırır - dəyərin 60 faizini qarşılayır, qalan 40 faiz üçünsə güzəştli kredit ayırır.

Bəs, görəsən, bu il ölkədə buğda istehsalı nə qədər proqnozlaşdırılır? İdxal olunan buğdanın həcmi nə qədər olacaq? Un və un məmulatlarının qiymətində artım gözlənilirmi?

Məsələni qəzetimizə şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanın hələlik buğdaya olan tələbatını yerli imkanlar hesabına ödəməsi mümkünsüzdür:

“İlk növbədə qeyd etməliyəm ki, ötən illə müqayisədə bu ilin 5 ayında idxalın artırılmasını təqdir edirəm. Çünki onsuz da Azərbaycanın hələlik buğdaya olan tələbatını yerli imkanlar hesabına ödəməsi mümkünsüzdür. Bu gün dünyada bilirsiniz ki, buğda ilə bağlı müəyyən problemlər var, qarşıdurmalar var, müharibələr var və bu mənada idxalın çoxalması, ölkə daxilində  ehtiyatın artırılması təqdirəlayiqdir. Amma bununla yanaşı, ölkə daxilində taxıl istehsalını artırmaq, yerli tələbatın  80- 90 faizə qədər Azərbaycanda keyfiyyətli buğda istehsal etmək mümkündür. Lakin bu hələlik alınmır. Səbəb də idarəetmə formasındakı problemlərdir. Bu gün Azərbaycanda taxıl istehsalını əngəlləyən ən böyük problemlərdən biri su çatışmazlığıdır, ölkədə 160 su anbarı var. 160 su anbarının 90 faizi cəmi 15-20 faiz gücü ilə işləyir. Hələ mən yeni anbarlar tikilməlidir, bunu demirəm. Köhnə anbarlar lillə dolub. Məsələn, Qobustanda Pirsaat su anbarı var. Həmin su anbarının dərinliyi 18 metrdir.  Lakin bu anbarın 11 metri lillə tutulub. Ona görə Qobustanda 50000 hektar taxıl sahəsində bir dənə də sünbül əmələ gəlmir. Hər hektardan 30 sentner buğda götürülsə, bu 150 min ton buğda deməkdir. Bizim buğdaya olan tələbatımız illik cəmi 2 milyon tona yaxındır. Bunun 150 min tona yaxını elə Qobustandan əldə etmək olar. Yəni, Qobustandakı kimi digər su anbarları da təmizlənməlidir. Həm də Azərbaycanda 50-yə qədər əlavə su anbarı tikilməlidir. Yəni, su Azərbaycanda niyə problemdir? Ona görə ki, havalar istiləşir iqlim dəyişikliyi baş verib. Azərbaycanda formalaşan su elə 40 il bundan əvvəlki kimi formalaşır. Sadəcə olaraq o, qar, buz şəklində dağlarda yığılıb qalmır, yağış yağır, sürətlə gəlib keçir. İndi dağlarda yaranan qar, buz əvəzinə anbarlar yaratmalıyıq, suyu anbarda saxlamalıyıq. Bununla da Azərbaycanda su problemini həll etmək olar. Əslində Azərbaycanda su problemi ola bilməz. Ölkənin daxilində Azərbaycanın 30 milyard kubmetrdən artıq su ehtiyatı yaranır”.

İqtisadçı bildirib ki, Azərbaycanda əkinə yararlı torpaqlar da kifayət qədərdir: “Məsələn, İsraildə bizim kənd təsərrüfatına yararlı sahələrin 50 faizə qədər torpaqlar var. Təxminən 950 min hektar, eyni zamanda, əhalisinin sayı da təqribən 10 milyon nəfərdir, su ehtiyatlarının cəmi dörd milyard kubmetrdir. 8 milyard kubmetr də dəniz suyu emal edib şirinləşdirirlər. Ümumilikdə 12 milyard kubmetr su ilə 1 milyon hektara yaxın  ərazidə 10 milyon əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının 90 faizi yerinə yetirilir. İxracatın 20 faizi kənd təsərrüfatının payına düşür.Təsəvvür edin, Azərbaycanda 2 milyon hektara yaxın əkinə yararlı sahə var və 35 milyard kubmetr su ehtiyatı var. Amma biz deyirik ki, bizdə su qıtlığıdır, əkinə yararlı torpaq yoxdur”.

Mütəxəssisin fikrincə, ölkədə seleksiya işlərinin düzgün qurulmaması da məhsuldarlığa mənfi təsir göstərir: “Bizdə bu işlə ciddi məşğul olan yoxdur. Məsələn, Ukraynada, Rusiyada 80 sentner məhsul verən buğdanı gətirib Azərbaycanda birbaşa əkib, ondan 80 sentner məhsul əldə etmək mümkün deyil. Burada torpaq, iqlim və sair məsələlər var. Ona görə də məhz Azərbaycanın yüksək məhsuldarlıqlı toxumu Azərbaycanın sərhədləri daxilində yetişdirilməlidir”.

Bu il ölkədə un və un məmulatlarının qiymətinin necə dəyişəcəyinə gəlincə, A.Nəsirli qeyd edib ki, qiymətlərin stabil qalacağı proqnozlaşdırılır: “Bizdə un və un məmulatlarının qiymət artımı daxili istehsalla bağlı deyil. Bu idxaldan asılı məsələdir. Ümumiyyətlə, hesab edirəm ki, bu il dünyada ərzaq buğdasının qiyməti sabit qalacaq. Baxmayaraq ki, Rusiyanın gələn ay taxıl sazişi razılaşmasını dayandıracağı ilə bağlı təhdidləri var. Birincisi, inanmıram ki, Rusiya o cür addım ata bilər. Rusiyanın bu addımı atmaq üçün həqiqi mənada potensial güc yoxdur, onu istəyən qüvvələrə qarşı dayana bilməz. Hətta uzatmasa belə artıq dünyada yeni alternativ kanallar yaranıb, həmin imkanlardan istifadə edirlər. Məsələn, bu il Hindistanda taxıl zəmilərinin həcmi 30 faiz, Braziliya, Meksikada 25 faiz artıb. Rusiyanın özündə 18 faiz artım var. Yəni, taxıl dəyərə minib deyə onun istehsalına maraq artıb. Ona görə bu il ərzaq buğdası ilə bağlı qıtlıq gözlənilmir. Bundan dolayı da qiymətlər sabit qalacaq”.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, əgər dövlət üzərinə düşən vəzifələri yerinə yetirsə, Azərbaycan özünün bütün ərzaq məhsullarına olan tələbatını ödəyə bilər:

"Ola bilsin ki, biz subtropik, eqzotik məhsullarla özümüzü təmin edə bilməyəcəyik, amma digər əsas kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarından biz özümüzü təmin edəcək gücə sahibik. Bizim torpaq və iqlim şəraitimiz, mövcud olan su və mliyyə resursumuz imkan verir ki, biz bütün əhalinin ərzaq məhsullarına olan tələbatını beynəlxalq normaya uyğun şəkildə tam təmin edək. Biz həm bitkiçilik məhsulları, həm də heyvandarlıq məhsulları ilə özümüzü təmin edə bilərik. Bizim bu sahədə yeganə maneəmiz bəzilərinin öz üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Bu vəzifələr seleksiya işinin təşkili, suvarma suyuna olan tələbatın ödənilməsi, kadr hazırlığı və bu kimi digər məsələlərdir. Bu vəzifələr yerinə yetirilsə, Azərbaycan özünün bütün ərzaq məhsullarına olan tələbatını yüz faiz ödəyə bilər, hətta daha artıq məhsul istehsal edib ixrac edə bilər. Yəni torpaqlarımızın münbitliyi və iqlim şəraiti buna tam imkan verir”.