Artan neft qiymətləri - Müzakirə  

13:42 13.04.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələrinin könüllü olaraq 2023-cü ilin mayından etibarən neft hasilatını azaltmaqla bağlı qəbul etdiyi qərardan sonra dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb.  “Qara qızıl”ın bahalaşması neft ixrac edən ölkələr üçün pozitiv xəbər olsa da,  bunun digər sahələrdə qiymət artımına və inflyasiyanın sürətlənməsinə səbəb olacağı ehtimal edilir.

Maraqlıdır, bu ehtimallar nə dərəcədə əsaslıdır? Neftin bahalaşması digər sahələrdə neçə faiz qiymət artımına səbəb ola bilər? Ümumiyyətlə, bu il neftin qiyməti maksimum hansı həddə olacaq?

Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, neftin bahalaşmasının idxalda və ixracda həm mənfi, həm də müsbət tərəfləri var:

“Neftin bahalaşması ölkəyə valyuta həcminin axınını artırsa da, eyni zamanda, idxal etdiyimiz məhsullarda qiymət artımına gətirib çıxarır. Çünki neft əsas xammal olaraq məhsulların böyük əksəriyyətinin istehsalı zamanı onun maya dəyərində müəyyən həcmdə yer tutur. Məsələn, istər logistika zamanı, istərsə də məhsul istehsalı zamanı sərf edilən enerji sərfiyyatı baxımından və s. bütün hallarda neftin qiymətinin bahalaşması ərzaq məhsullarının bahalaşmasına təsir göstərir. Amma bu təsir ciddi həyəcan yaradacaq şəkildə deyil. Yəni, bu gün neftin qiyməti 50 faiz bahalaşacaqsa, o demək deyil ki, ərzaq məhsullarının da qiyməti 50 faiz bahalaşacaq. Neftin qiyməti 50 faiz aşağı enəcəksə, ərzaq məhsullarının da qiyməti 50 faiz aşağı düşəcək. Məsələn, neftin qiyməti 100 dollara qalxmışdı və 70 dollara qədər ucuzlaşdı, ərzaq məhsulları ucuzlaşdımı? Xeyr. Yenə də qeyd edirəm ki, neft qiymətlərinin dəyişməsi digər məhsullar üzərində müəyyən rol oynayır, amma şişirdildiyi qədər deyil. Bu artım çox kiçik bir nisbətdə olur”.

Bu il neftin qiymətinin maksimum hansı həddə olacağına da toxunan ekspert qeyd edib ki, 2023-cü ildə “qara qızıl”ın əvvəlki illərdə olduğu kimi kəskin ucuzlaşması gözlənilmir: “Biz daha çox 80-100 dollar arasında dinamika izləyə biləcəyik. Amma 100 dollardan da yuxarı qalxması, hətta 120-yə qədər yaxınlaşacağı hallar da istisna deyil.”

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətinin artması Azərbaycan üçün pozitiv xəbərdir:

"Məlumdur ki, Azərbaycan neft və qazdan asılı ölkədir. Ona görə də, istənilən halda neft və qazın qiymətinin artması Azərbaycan üçün pozitiv xəbərdir. Neftin qiymətinin hər bir dollar artımı 400-450 min dollar əlavə gəlir gətirir. Bu, həm də onu göstərir ki, Azərbaycan kifayət qədər neft-qazdan asılı ölkədir. Bundan əlavə, qeyd edim ki, 2023-cü ilin mayından etibarən neft hasilatını azaltmaqla bağlı qərar neftin qiymətini artırmaqla yanaşı, idxal məhsulların qiymətinin artmasına səbəb ola bilər. Neftin qiymətinin artması dünyada qiymətləri də artırır. Logistika xərcləri artır. Azərbaycan idxaldan asılı ölkə olduğu üçün xaricdən gələn məhsulların qiymətində artım müşahidə edilə bilər".