Arzu Nağıyev: “İran-İsrail toqquşması bizim region üçün arzuolunmazdır”

18:19 15.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İranla İsrail arasında olan gərginlik pik nöqtəyə çatıb. İranın Suriyadakı konsulluğunun bombalanması gərginliyi yaradan əsas səbəbdir”.

Bunu hafta.az-a deputat Arzu Nağıyev İran-İsrail toqqusmasının bölgəmizə təsirləri, eləcə də ölkəmiz üçün yarada biləcəyi təhlükə ilə bağlı açıqlamasında bildirib.

Deputat qeyd edib ki, İran daim İsrailə qarşı dayanan dövlətləri, eləcə də “HƏMAS”ı, “Hizbullah”ı dəstəkləyən dövlətlərdən biridir.  Onun sözlərinə görə, İran İsrailə qarşı ballistik raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə etsə də, ciddi nəticə əldə edə bilməyib.  Eyni zamanda ABŞ, Böyük Britaniya İsrailin cavab atəşi açmaması ilə bağlı müraciət edib, müəyyən tövsiyələr verib.

Deputat hesab edir ki, bu qarşıdurmanın nə ilə nəticələnəcəyi bəlli deyil. Əsas məqam odur ki, hadisədən öncə İran təhlükəsizlik baxımından öncə region, eləcə də digər dövlətlərə müraciət edərək hava məkanının bağlanması ilə bağlı müraciət etmişdi.  Buna baxmaraq bir çox ölkələr, hətta ərəb dövlətlərindən İordaniya, Misir hava məkanını açıq saxladı. ABŞ, Böyük Britaniyanın hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxartdı.

A.Nağıyev bildirib ki, region, qonşu dövlətlər təhlükəsizlik baxımından öz işlərini görürlər. Onun sözlərinə görə, Azərbaycan hava məkanı, quru əhəmiyyətli limanlarından digər ölkələrə qarşı heç vaxt istifadə olunmayacaq.

“İsrail və İran arasında olan gərginliyə baxmayaraq Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan müharibələrin əleyhinədir. Xüsusilə də İran-İsrail toqquşması bizim region üçün arzuolunmazdır. Əgər İrana qarşı hücum olarsa, bu qonşu olkədə yaşayan çoxlu sayda azərbaycanlılara qarşı təhlükə doğura bilər. Eyni zamanda dost İsrailin zərər görməsini istəmərik. Əgər qonşu dövlətdə müharibə olarsa bu azərbaycanlıların sərhəddi keçərək bu və ya digər şəkildə Azərbaycana gəlmə ehtimalını artırır”.

A.Nağıyev qeyd edib ki, hələ ki, bölgə üçün  təhlükə yaradacaq belə problem yaşanmır. O, bildirib ki, böyük dövlətlərin İsrailə, İrana müraciəti fonunda bu problem həllini tapıb.

Oxunma sayı 130