Asiyanın ən varlı iş adamı "Campa Cola" ilə bazara qayıdır

10:30 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Asiyanın ən varlı adamı Mukeş Ambani 1970-ci illərdə Pepsi və Coca Cola ilə rəqabət aparan kola markası Campa Cola-nı canlandıracağını açıqlayıb. Qərar içkidən istifadə edərək böyüyən milyonlarla hind sosial media istifadəçisi arasında nostalji dalğası yaradıb.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Ambaniyə məxsus Reliance Group, verdiyi açıqlamada "Campa Cola"nın bu yay Hindistanın milyardlarla dollarlıq sərinləşdirici içki sənayesinə kola, limon və portağal məhsulları ilə girəcəyini söylədi.

Qeyd edək ki, "Campa Cola", amerikalı rəqibi "Coca Cola"nın ölkədə satılmadığı illərdəki boşluğu doldurub və ölkə daxilində ən çox istehlak edilən məhsullardan birinə çevrilib. Bir çox hind sosial media istifadəçisi "Campa Cola" ilə bağlı uşaqlıq xatirələrini paylaşaraq, bəzi markaların "zamansız" olduğunu bildirib.

"Coca Cola" Hindistan bazarına 1950-ci illərdə girsə belə, o vaxtkı Hindistan hökumətinin yeni tənzimləmə ilə kola düsturunu izah etməyi məcbur etməsindən təxminən 20 il sonra bazardan çıxarılıb. "Coca Cola"nın yoxluğunda geniş şöhrət qazanan "Campa Cola" qısa müddətdə ölkədə alkoqolsuz içki sənayesinin pionerinə çevrilib.

1990-cı illərdə o vaxtkı baş nazir Narasimha Raonun ölkəni xarici investisiyalara açmaq qərarı "Campa Cola" üçün sonun başlanğıcı olub. 1993-cü ildə "Coca Cola" geri qayıtdıqdan sonra ölkədə "Pepsi" və "Fanta" da məşhurlaşıb və bu, "Campa Cola"nın zamanla rəflərdən itməsinə səbəb olub.