AŞPA-nın Azərbaycana münasibətində heç nə dəyişməyib - Asim Mollazadə

13:51 27.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Bununla belə, Azərbaycanın tərəfdaşı olan ölkələr AŞPA-ya çağırışlar edərək Bakıya qarşı ikili standarta son qoymağa, ədalətsizliyi ortadan qaldırmağa səsləyirlər.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə ilə bu istiqamətdəki son vəziyyəti dəyərləndirdik.

– Azərbaycan və Avropa Şurası Parlament Assambleyası arasında mövcud vəziyyət necədir? Yanvar ayından bu yana münasibətlərdə dəyişiklik, yumşalma varmı?

– Avropa Şurası Parlament Assambleyası ikitərəfli gərginliyin aradan qaldırılması üçün müvafiq qərarlar qəbul etməlidir. Hələ ki, bu qərarlar alınmayıb və düşünürəm, münasibətlərdə heç bir dəyişiklik baş verməyib.

AŞPA Azərbaycana qarşı qərəzli hərəkətlərə son qoymalı, əsassız iddialarından əl çəkməlidir. Əks halda, durum dəyişməyəcək və bu, AŞPA-nın özünün nüfuzunun getdikcə aşağı düşməsinə səbəb olacaq. Həmçinin, Azərbaycan və digər ölkələrin Avropa Şurası ilə əlaqələrini zəiflədəcək.

– Belə qeydlər var ki, ayrı-ayrı ölkələr AŞPA-ya cağırışlar edib, bu qurumun rəhbərliyini Azərbaycana qarşı sərgilədiyi münasibətə görə tənqid atəşinə tutub. Bu cağırışlar hansısa nəticə verə bilərmi?

– Assambleyada bir sıra korrupsiyaya uğramış nümayəndələrdən başqa, bütün ölkələr Avropa rəhbərliyini Azərbaycana qarşı qərəzli hərəkətlərinə görə qınayır. Onlar anlayırlar ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli hərəkətlər baş verib. Bunların arxasında kimlərin durduğu tam bəlli deyil. Bu, Avropa Şurasını çox zəiflədib və belə davam edərsə, heç bir hörməti qalmayacaq.

Eyni zamanda qeyd edim ki, Avropa Şurasının bir neçə qurumu var. Avropa Parlament Assambleyası həmin qurumlardan biridir. Bütün qurumlarda Azərbaycanı müdafiə etməklə bağlı mövqe sərgilənir. Onlar da Parlament Asambleyasında bir neçə qərəzli, korrupsiyaya uğramış, tamamilə fərqli səbəblərə görə Azərbaycana hücum edən siyasətçilərin olduğunu bilir və bu durumdan narahatdırlar. Anlayırlar ki, onların bu hərəkətləri Avropa Şurasının imicinə zərbədir. Bu vəziyyət həmin ölkələrin nümayəndələri, Avropa siyasətçiləri üçün qəbuledilməzdir. Ona görə də, öz fikirlərini, narahatlıqlarını açıq şəkildə ifadə edirlər.

Hazırda Avropa Parlamentinə seçkilər olmalıdır. Belə vəziyyətdə prosesin necə inkişaf edəcəyini müəyyənləşdirmək də mümkün olmur. Çox böyük səhvlərə yol verilib. Bu, Avropa məkanında olan ölkələrin maraqları üçün də mənfi nəticələrlə müşahidə olunur.

– AŞPA-da Azərbaycan nümayəndə heyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi və ya qurumdakı etimadnaməsinin ləğvi bu quruma, yaxud ölkəmizin qurumdakı təmsilçiliyinə necə təsir etdi?

–    Zərbə məhz Avropa Şurasının binasına dəydi. Avropa Şurasını bir neçə korrupsiyaya uğramış siyasətçilər ələ alıb və öz hərəkətləri ilə bu təşkilatı getdikcə alçaldırlar. Bununla da Avropa Şurasına böyük zərbə endirməkdədirlər. Azərbaycan bu prosesdə heç nə itirmir. Bu durum Azərbaycana, onun AŞPA-dakı təmsilçiliyinə zərbə kimi dəyərləndirilə bilməz. Hücumların əsas səbəbi Azərbaycanın düşmən üzərində çaldığı qələbəsi, güclənməsidir. Bunu həzm edə bilmirlər və qısqanclıqla Azərbaycana qarşı bu cür hücumlar edirlər.

Eləcə də, AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının dondurulması ilə bağlı təşəbbüslə çıxış edən və ölkəmizə qarşı çıxış edərək bir çox səbəblər gətirən Almaniya nümayəndəsi demək olar ki, biabır olub. Onun Azərbaycana qarşı hücumları Avropaya xidmət eləmir. Bu tamamilə fərqli qüvvələrə xidmət edən korupsiyaya uğramış siyasətçidir.  Bu oyunların arxasında kimlərin dayandığı hamıya bəllidir. Bunlar erməni diasporasına xidmət edən, korrupsiya ilə sıx bağlı olan, digər ölkələrə və qüvvələrə xidmət edən siyasətçilərdir. Əslində, Avropa məkanında bütün bunlar şəffaf şəkildə görünür. Ona görə də düşünməliyik ki, ümumiyyətlə, belə bir qurumda olmağa ehtiyac var, yay yox.  Əvvəl düşünürdük ki, bu, Azərbaycanın öz haqqını ifadə edəcəyi bir platformadır. Görünən odur ki, bu məkan korrupsiya ilə bağlı olan siyasətçilər üzündən haqqın, hüququn qorunduğu platforma ola bilmir. Eləcə də, onların dedikləri ilə reallıq arasında çox ciddi ziddiyyətlər var.

– Belə qeydlər var ki, Azərbaycanın AŞPA-dan çıxması ölkəmizin pan-Avropa təşkilatlarından sıxışdırılması üçün president ola bilər…

– Əksinə, Azərbaycanın önəmi bir sıra amilə görə artıb.

 Son vaxtlar Avropa məkanında çox ciddi anti-İslam, anti-türk ab-havası var. Bu, Avropanın özünü belə təhlükəli bir məkana çevirir. Orada Avropanın inkişafına maneə törədən amillər var. Avropanın köhnə tarixi yenidən siyasi formada bərpa olunmağa başlayıb. Hamı Avropanın XX əsrin əvvəllərinə aid tarixini yaxşı bilir və bu təhlükəni gördükləri üçün narahatdırlar. Avropa müharibələr məkanı olub.

– İndi də həmin müharibələri bizim regiona gətirmək istəyirlər…

– Onların bu imkanları məhduddur. Hər halda Avropa siyasi məkanında çox təhlükəli proseslər gedir.  

– Azərbaycanın özünün AŞPA-ya münasibətində  hansı dəyisiklik var?

– Sadəcə olaraq biz narahatıq ki, o qurumda çirkaba batmış siyasətçilər meydanı əllərinə almağa çalışırlar. Sözsüz, bu, həmin qurumun ikilistandartlı, qərəzli, ədalətsiz bir qurum olaraq əhəmiyyətini azaldacaq. Bu ədalətsiz, maraqlara xidmət edən siyasətçilərin əlinə keçərsə, tək Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükədir. 

– ASPA-dan tələbimiz nədir?

– AŞPA-dan heç nə tələb etmirik. Bu qurum özü Azərbaycanla münasibətləri pozub, özü də düzəltməlidir. Qərəzli qərarlarının üstündən xətt çəkib Azərbaycan nümayəndələrini geri çağırmalıdırlar. Hələ ki, bu istiqamətdə heç nə baş vermir. Görünən odur, AŞPA-nın Azərbaycana münasibətində heç nə dəyişilməyib.

 

Oxunma sayı 110