Avropada son üç ildə 51433 uşaq itkin düşdü

10:55 02.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya, Avstriya, İsveçrə, İtaliya və Skandinaviya dövlətlərinin də olduğu 30 ölkədə gündə ortalama 47 uşaq miqrant itkin düşür.

Hafta.az-ın yazdığına görə, bu fikirlər “Lost in Europe” adlı jurnalist araşdırması layihəsinin dərc etdiyi yeni hesabatda deyilir. Məlumata görə, 2021-2023-cü illər arasında Avropada 50 mindən çox müşayiətsiz uşaq miqrant yoxa çıxıb.

“Lost in Europe” tərəfindən dərc edilən hesabatda bu üç il ərzində 51433 uşaq immiqrantdan Avropaya gəldikdən sonra xəbər alınmadığı bildirilir.

Araşdırma Avropanın qaranlıq tərəfini bir daha ortaya qoyub. Avropa ölkələrindən müşaiyətsiz uşaq immiqrant itkiləri ilə bağlı məlumat toplayan "Avropada itkin" tədqiqatçıları, ən çox uşaq itkisinin İtaliyada qeydə alındığını açıqlayıb. Buna görə İtaliyada üç il ərzində 22899 müşayiətsiz uşaq immiqrant itkin olaraq qeyd edilib. Avstriya 20077 itkin uşaqla İtaliyadan sonra ikincidir.

Hesabat müəllifləri bildirirlər ki, itkin düşən uşaqların sayı bundan da çox ola bilər: “Məlumatlar çox vaxt uyğunsuz və natamam olur, Avropanın bir çox ölkələri itkin düşmüş uşaqlarla bağlı məlumatları toplamır”.

Avropa İtkin və Cinsi İstismara Məruz Qalmış Uşaqlar Federasiyasının baş katibi Aagje İeven bu məlumatları "narahatedici" kimi xarakterizə edərək deyib: "Müşayiəti olmayan yetkinlik yaşına çatmayanların itkin düşməsinə dair məlumatların sayının artması yerin altında görünən nəhəng aysberqin kəskin xatırlatmasıdır".

2018-2020-ci illər arasında uşaq itkinlərini araşdıran Avropanın əvvəlki hesabatı 2021-ci ildə dərc edilib. Bu hesabatda 2018, 2019 və 2020-ci illərdə müşayiət olunmayan 18 min uşağın Avropaya gəldikdən sonra yoxa çıxdığı müəyyən edilib. Çərşənbə günü açıqlanan yeni hesabat, növbəti üç il ərzində bu rəqəmin təxminən üç dəfə artdığını göstərir.