“Ay işığında Qalata qülləsi” rekord qiymətə satıldı

09:10 20.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada keçirilən hərracda məşhur rəssam İvan Ayvazovskinin “Ay işığında Qalata qülləsi” adlı əsəri 130 milyon rubla (1 milyon 240 min dollar) satılaraq rekord qırıb. Bu satışla rəssamın bir əsəri Moskva Hərrac Evində Rusiyanın daxili bazarında ən yüksək satış qiymətinə çatdı. Alıcının adı açıqlanmayıb.

Hafta.az-ın yazdığına görə, dəniz və mənzərə rəsmləri ilə tanınan rəssamın 1845-ci ildə tamamladığı bu əsər Ayvazovskinin İstanbulun ən məşhur mənzərələrindən biri hesab olunurdu. Əsər əvvəllər çar I Nikolayın şəxsi kolleksiyasında idi. 2012-ci ildə Sotheby's hərracında bu əsər 1,3 milyon dollara satılıb.

Ayvazovski 1845-ci ildə ilk dəfə İstanbula gələndə şəhərə heyran olub və bu heyranlığını əsərlərində əks etdirib. Rəssamın “Konstantinopol və Bosfor mənzərəsi” adlı digər əsəri isə 2012-ci ildə Sotheby's-də 3,2 milyon funta satılaraq Ayvazovskinin ən bahalı əsəri olub. Moskva Hərrac Evində keçirilən bu hərracda Ayvazovskinin əsərindən əlavə İlya Repinin iki əsəri yüksək qiymətə satılıb - “Ağ ağaclarla mənzərə” 40 milyon rubla, “Fars qadını” adlı eskiz isə 50 milyon rubla.