Azad edilmiş ərazilərə necə gedə bilərik?

18:17 06.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar tez-tez işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq keçmək istəyən vətəndaşlarla bağlı xəbərlər eşidirik.

Minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş həmin ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Lakin, hazırda ərazilərin bir qismi minadan təmizlənib. Belə olan halda, görəsən qanuni olaraq azad olunmuş rayonlara getmək üçün hara müraciət olunmalıdır? Ümumiyyətlə belə təcrübə varmı?

Məsələ ilə bağlı hafta.az-a danışan millət vəkili, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, azad olunmuş ərazilərə gediş-gəliş müəyyən təlimatlar əsasında həyata keçirilməlidir. Üstəlik hazırda bu işə ciddi nəzarət də lazımdır. Qanunsuz şəkildə bu rayonlara getməyə imkan verilməməlidir:

"Bəzən ora heyvanların daşınmasını əks etdirən kadrlar göstərilir. Hətta insanlar da hansısa qanunsuz yollarla gedib-gələ bilirlər. Dövlətin müvafiq qurumlarının razılığı olmadan bu işi görmək olmaz. Təəssüf ki burada da özbaşınalıq var, tanışlıq, dostluq və qohumluq əlaqələri ilə qanunsuz olaraq bu ərazilərə girə bilən vətəndaşlar olur. Hər halda bütün bunlar nəzər alınaraq elə addım atmaq lazımdır ki, digər insanlar da narazı qalmasınlar. Çünki hamı torpaqların həsrətindədir və gedib görmək istəyir".

Millət vəkilinin sözlərinə görə xüsusi hallarda müvafiq qurumlara müraciət etməklə rəsmi icazə almaq mümkündür:

"Xüsusi məsələ varsa, bu zaman müvafiq qurumlara müraciət etməklə azad olunmuş ərazilərə getmək olar. Hazırda məsələ ilə bağlı anlaşılmazlıqlar var. Ancaq, ərazidən asılı olaraq, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə yaxud da Sərhəd qoşunlarına müraciət etməklə bu işi təşkil etmək olar".

Mövzuya qanunvericilik tərəfinə mövqeyini bildirən vəkil Turan Abdullazadə isə söyləyir ki, 29.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmişdir.

Həmin fərmanla Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alınmışdır.
"Qeyd olunan fərmanda göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqini təmin etməlidirlər. Əgər prezident fərmanı ilə tətbiq olunan xüsusi giriş-çıxış rejimi qüvvədədirsə deməli hələ də işğaldan azad olunmuş ərazilərə vətəndaşların getməsi məqsədə müvafiq deyil".

T.Abdullazadə vətəndaşları hələ bir müddət də səbrli olmağa çağırır:

"Bildiyimiz kimi bir neçə gün əvvəl Ermənistan Füzuli və Zəngilanda basdırdığı 92 minlik mina xəritələrini Azərbaycana təhvil vermişdi. Ondan daha əvvəl isə Ağdam rayonunda basdırılan 97 minlik tank və piyada əleyhinə olan mina xəritələrini Azərbaycana təhvil vermişdi. Lakin mənfur düşmənin həmin xəritələri təqdim etməsi hələ vətəndaşların artıq işğaldan azad olunmuş ərazilərə sərbəst şəkildə gedə biləcəyi anlamına gəlmir. İnsanların vətən həsrəti anlaşılandır. Lakin ehtiyatsızlıq bədbəxt hadisələrə səbəb ola bilər".

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olan vətəndaşlar üçün konkret olaraq hər hansı sanksiya nəzərdə tutulmamışdır. Lakin bu hal dəfələrlə baş verərsə hüquq mühafizə orqanları tərəfindən həmin vətəndaşlar barəsində analoji hallarla bağlı qanuni ölçü götürə bilər. İlkin olaraq profilaktik söhbət aparılaraq və xəbərdarlıq olunaraq vətəndaş sərbəst də buraxıla bilər:

"Hazırki vəziyyətdə bütün məhdudiyyətlərə baxmadan təkidlə işğaldan azad olunmuş ərazilərə getmək istəyən vətəndaşlar rəsmi şəkildə ölkə prezidentinə, Prezident Administrasiyasına, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara rəsmi müraciət edərək onlara həmin ərazilərə səyahət üçün şərait yaradılmasını xahiş edə bilərlər. Hər bir halda vətəndaşların müvafiq dövlət orqanlarına müraciət etmək hüququ vardır.

“Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır".