Azərbaycan həqiqətləri Misirin dövlət televiziyasında

12:48 24.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında canlı yayımda "Bütün dillərdə" proqramının qonağı olub.

Hafta.az yazır ki, proqramın əsas mövzüsü, Azərbaycanla Misir arasında tarixi əlaqələri özündə ehtiva edən Seymur Nəsirovun “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri” mövzusunda doktorluq dissertasiyası olub.

Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açan S.Nəsirov, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin Azərbaycana köçdüyünü qeyd edib. Azərbaycanda insana Misir adı qoyulduğunu qeyd edən diaspor sədrinin bu sözləri qarşı tərəfin böyük marağına səbəb olub. Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd olunmasını, Azərbaycanda çox sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözlərin mövcudluğunu iki xalq arasında qədimdən bəri möhkəm əlaqələrə bariz nümunə kimi dəyərləndirib.

337 səhifədən ibarət dissertasiya işi 146 mötəbər ərəb mənbəyinə istinad edərək 150-dən çox azərbaycanlı alim haqqında yazılıb. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqları haqqında ətraflı şəkildə qeyd olunub.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söhbət açan Nəsirov bildirib ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib. O, eyni zamanda, ölkəmizdəki multikultural dəyərlərdən, tolerantlıq ənənələrindən söhbət açıb, Azərbaycanın turizm potensialının böyük olduğunu və son illər çox sayda ərəb turistin Bakıya səyahət etdiyini bildirib.

45 dəqiqə davam edən proqramın əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

Sosial rubrikasından digər xəbərlər