Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı 

11:10 13.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə hafta.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçmışlar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülmüşdür.

 

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.