Azərbaycan startapları Vışeqrad investorlarının diqqətini çəkmək üçün yarışır (FOTO)

14:52 02.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda Polşanın təşəbbüsü ilə 2022-ci ilin əvvəlindən Azərbaycanda həyata keçirilən çoxtərəfli "V4-Azerbaijan Tech Bridge" (V4ATB) proqramının Böyük Final tədbiri keçirilib.

Hafta.az-ın yazdığına görə, layihə Çexiya, Macarıstan, Polşa, Slovakiya ("V4" adlanır) və Azərbaycan tərəfdaşlarından ibarət güclü, ilk belə konsorsium qurub. Layihə Beynəlxalq Vışeqrad Fondu tərəfindən maliyyələşdirilir və bütün V4 ölkələrinin səfirlikləri, həmçinin Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev tədbirin açılışı zamanı vurğulayıb ki, sitat: Şadıq ki, memorandumun imzalanmasından cəmi yarım il sonra KOBİA və Startup Hub Poland arasında əməkdaşlıq çərçivəsində biz Bakıda yenidən görüşə və Azərbaycanla əlaqələri və tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olan Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan tərəfdaşları qəbul edə bilirik.

Açılış mərasimində V4-ün Azərbaycandakı Səfirliklərinin başçıları - Macarıstan səfiri Tamas Torma, Polşa səfiri Rafal Poborski, Slovakiya səfiri Milan Layçak və Çexiya səfirinin müavini Martin Lubojacki iştirak ediblər. Səfirlər 18 aylıq proqramda iştirak edən investorların diqqətini cəlb etmək üçün yarışan azərbaycanlı startaplara uğurlar arzulayıblar.

Bütün proqramın təşəbbüskarı olan Polşanın ölkəmizdəki səfiri Rafal Poborski bildirib ki, startaplara investisiyaların sayına görə Avropa liderlərindən olan Polşa, azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın dinamikləşdirilməsinə yönəlmiş oxşar layihələrin həyata keçirilməsini davam etdirməkdə maraqlıdır.

Slovakiya səfiri Milan Layçak da bildirib ki, polşalı həmkarların təşəbbüsü ilə icra olunan “Tech Bridge” layihəsi Slovakiyanın V4-də sədrliyi dövründə uğurla həyata keçirilib. "Bu, gənc istedadların potensialından istifadə etmək və V4 ilə Azərbaycandan olan tərəfdaşlar arasında yeni əməkdaşlıq imkanlarının açılmasında faydalıdır”, - səfir Layçak deyib.

Çexiya səfirinin müavini Martin Lubojacki əlavə edib ki, innovasiyalar və gənc sahibkarlar, həm də ekspertlər arasında daha sıx əlaqələr V4-ün ənənəvi prioritetidir. "Gənclərin innovativ texnologiyalar sahəsində əməkdaşlığa marağı bizə əməkdaşlığın forma və istiqamətini göstərir, gələcək illər üçün əməkdaşlığı biz birlikdə dəstəkləməyə davam edəcəyik”, - diplomat qeyd edib.

Qeyd edək ki, bu gün "Demo Day"in Polşa Səfirliyinin təşəbbüsü ilə 2022-ci ildə Startup Hub Poland Foundation tərəfindən həyata keçirilən V4ATB layihəsinin yekun mərhələsidir.

Startup Hub Poland (SHP) şirkətinin baş-direktoru Paulina Brym-Ciuba bildirib ki, SHP üçün Azərbaycanın bütün texnoloji və innovativ potensialını daha dərindən araşdırmaq intuitiv addım idi. "Son 11 il ərzində təşkilatımız regionumuzu qlobal investorların gözündə daha cəlbedici etmək üçün 16 Mərkəzi-Şərqi Avropa ölkələrindən və Vışeqrad Qrupunun dörd AB-nə üzv-dövlətindən olan təsisçilərə və investorlara dəstək verir. Demo Day hər biri 20 müxtəlif startap iştirakçısına həsr olunmuş 8 regional bölmənin nəticəsidir. Belə güclü ekosistemdən 10-nu qısa siyahıya salmaq asan məsələ deyildi” – Brym-Ciuba əlavə edib.

Proqramın beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilmiş 160-dan çox müraciət arasından seçilən 10 yüksək səviyyəli Azərbaycan startapı Bakıya gəlmiş Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan investorlar, VC fondları, akseleratorlar, biznes mələklər, bankirlər, mentorlar və ekspertlərdən ibarət auditoriyaya təqdim olunub. Proqramın finalçıları və bütün məruzəçilərin və tədbirin qonaqlarının siyahısı proqramın saytında yerləşdirilib.

Bakı tədbiri həmçinin sürətli tanışlıqdan ibarət idi - Azərbaycan startapları, icma liderləri və V4 mələkləri, VC-lər və əsas korporativ oyunçular arasında birbaşa B2B danışıqları aparılıb.

Rəsmi hissədən sonra panellər və əsas çıxışlar olub, bu müddət ərzində V4 qonaqları azərbaycanlı tərəfdaşları ilə startapların inkişafındakı təcrübələrini, investorların gözləntilərini, mövcud dəstək alətlərini müzakirə ediblər.

İdealHub-ın təsisçisi və V4ATB-nin azərbaycanlı tərəfdaşı Tural Kərimli bildirib ki, Bakının innovativ ekosistemi ətrafında bu qədər böyük marağı görməkdən məmnundurlar.  “Ölkəmdən olan istedadların və səriştələrin, həmçinin Vışeqrad regionundan olan nou-hau şəbəkəsinin birləşməsi yüksək enerji qarışığıdır. Ümid edirəm ki, bu, daha uzun səyahətdə ilk addımdır”, – deyə Kərimli çıxışını yekunlaşdırıb.

Tədbirin sonunda layihənin beynəlxalq münsiflər heyəti bütün proqramın qalibini seçib (Demo Day səhnəsində yarışan 10 ən yaxşı Azərbaycan startapı, lakin ümumilikdə - bütün proqram üzrə yoxlanılan 160-dan çox startap arasından). Qalib startap "Mur Mur" Polşa səfirliyi tərəfindən maliyyələşdirilən xüsusi mükafat - 2023-cü ilin noyabrında Varşavada keçiriləcək nüfuzlu "Deep Tech CEE Challenge" tədbirinə səyahət əldə edib.

V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramı 2022-ci ildə Vışeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) ilə Azərbaycan arasında innovasiya mərkəzləri, özəl investorlar kimi startap ekosistem oyunçularını birləşdirərək innovasiyalar sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi üçün istifadəyə verilib. Proqram bir tərəfdən Vışeqrad Qrupundan olan tərəfdaşlar (investorlar, akseleratorlar, mələklər, mentorlar və sair), digər tərəfdən isə Azərbaycandan olan startaplar və innovatorlar arasında yeni şəbəkə platforması yaradıb. Layihə bir sıra görüşlər, təlimlər, mükəmməllik proqramı, demodeylər, şəbəkələşmə, post-akselerasiya və nəhayət - iyunun ikisində Bakıda keçirilən Böyük Finaldan ibarət idi.

Layihə Polşa səfirliyinin təşəbbüsü ilə həyata keçirilib və Beynəlxalq Vışeqrad (V4) Fondundan maliyyə alıb. Təşəbbüs Vışeqrad Qrupunun 4 Tərəfdaşından ibarət Konsorsium tərəfindən həyata keçirilib: Startup Hub Poland Foundation (Polşa, layihə rəhbəri), Look AI Ventures (Çexiya), StartITup Győr (Macarıstan), CIVITTA (Slovakiya) ilə birgə Azərbaycanın IdealHub İnnovasiya və Texnologiya Mərkəzi. Proqram Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən istifadə edib, bir sıra icma tərəfdaşlarına malikdir (məsələn, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, Sosial İnnovasiyalar Laboratoriyası, Youth Inc., Gamepons) və bütün Vışeqrad ölkələrinin Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənib.