Azərbaycan üçün mühüm layihə - Aktual

10:51 23.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu ilin mart ayında Bakıda Orta Dəhliz ölkələrinin imzaladığı protokola uyğun olaraq "Çərçivə sazişi" hazırlanıb və aidiyyəti ölkələrə imzalanması üçün göndəriləcək. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gömrük orqanlarının qarşısında duran mühüm vəzifələrdən biri ölkənin tranzit potensialını artırmaqla onu regionun tranzit qovşağına çevirməkdir: “Əsas beynəlxalq konvensiyaların üzvü olan Azərbaycan bu istiqamətdə "Tranzit Konvensiyası", "Mallar və Ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyası" kimi önəmli sazişlərə qoşulmaq prosesini sürətləndirib. Tranzit potensialının artırılması üçün atılan ən mühüm addımlardan biri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin imzalanması olub. Dəhliz üzərindən təchizat zəncirinin artırılmasını asanlaşdıran gömrük prosedurlarının tətbiqi qaçaqmalçılığın, narkotik vasitələrinin tranzit daşımasının qarşısının alınmasına dair tədbirləri zəruri edir və bu məqsədlə dəhliz ölkələrinin gömrük xidmətlərinin beynəlxalq əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Bu baxımdan gömrük orqanlarının dəhliz boyu ticarətin genişləndirilməsinə ən böyük töhfəsi tranzit daşımalarına aid məlumatların öncədən mübadiləsini təmin edilməsi və elektron gömrük qeydiyyat portalının yaradılması olacaq".

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Müharibə başlayandan Orta dəhlizin yükdaşıma və nəqliyyat-logistika həcmində ciddi artım baş verib. Belə ki, 2022-ci ildə Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb. Təkcə Azərbaycan seqmenti üzrə bu ilin 6 ayı ərzində Orta Dəhlizdə yükdaşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.

Bu il martın 15-də isə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib. Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Sonda iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edib və iclasın yekun Protokolu imzalanıb.

Bəs, görəsən, Orta Dəhliz ölkələri arasında "Çərçivə sazişi"nin imzalanmasının hansı əhəmiyyəti var? Bu sənəd Azərbaycana hansı dvidentləri qazandıracaq?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, bu sənəd ümumi istiqamətləri müəyyənləşdirir:  “Çərçivə sazişi”nin tərkibində sonrakı razılaşmaların olmasına ehtiyac var. Yəni, bu başlanğıc bir sənəd olacaq. Bunun çərçivəsində də konkret razılaşmalar olmalıdır. Təbii ki, Orta Dəhlizin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bu Dəhlizin tam işlək vəziyyətə düşməsi üçün iştirakçılar arasında sadələşdirilmiş tranzit, sadələşdirilmiş gömrük prosedurları olmalıdır. Eyni zamanda, Orta Dəhliz quru və su yollarından keçdiyi üçün və mürəkkəb yükdaşıma yolu olduğuna görə burada iştirak edən bütün ölkələrin infrastrukturunun bu tələblərə cavab verməsi mütləqdir. Bu ölkələrin quru sərhədlərini keçən zaman hər birindən ayrıca şərtlər tələb olunduğuna görə, tranzit şərtlərin güzəşti ilə bağlı razılıq lazımdır. Orta Dəhlizin tam işə düşməsi üçün bu ölkələrdən keçən dəmiryolu, dəniz limanlarının hər birinin yükgötürmə tutumu olmalıdır ki, yükləri ötürə bilsin. Bundan başqa, Orta Dəhlizdə iştirak edən ölkələrə razılaşdırılmış, güzəştli vahid idarəetmə sistemi olan tranzit imkanlarının təklif edilməsi lazımdır. Məsələn, yük hər hansı ölkəyə daxil olduqda ayrı şərtlər tələb edilməsin və hər bir ölkə əlavə şərt qoyaraq Orta Dəhlizin effektivliyini aşağı salmasın. Yəni, Orta Dəhlizin effektiv fəaliyyət göstərməsi üçün dövlətlərin öz nəqliyyat infrastrukturunu inkişaf etdirməsi, yükgötürmə qabiliyyətlərinin artırılması lazımdır. Həmçinin idarəetmə sisteminin və tələb olunan şərtlərin güzəştli şəkildə müəyyənləşdirilib, eyniləşdirilməsi vacibdir”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Ruslan Atakişiyev də bildirib ki, hazırda qlobal dünyada dəhlizlər uğrunda mübarizə gedir: “Bu gün dünyada müxtəlif ölkələrdən keçən dəhlizlər mövcuddur. Orta Dəhlizin marşrutu da Azərbaycan üzərindən keçir. Təbii ki, bu istiqamətdə “Çərçivə sazişi”nin imzalanması Azərbaycanın tranzit ölkə olaraq mövqeyini möhkəmləndirir. Orta Dəhliz təkcə Şərqlə Qərbi birləşdirən nəqliyyat körpüsü rolunu oynamır, eyni zamanda böyük bir bazarın birləşdirilməsində xüsusi əhəmiyyətə malik olur. Yəni, qarşılıqlı əlaqələrin, ticarətin və investisiyaların artmasından söhbət gedir ki, bu da kifayət qədər ciddi əhəmiyyətə malikdir. Bu istiqamətdə müvafiq sazişin imzalanması Azərbaycan üzərindən də yükdaşımaların ciddi şəkildə artmasına səbəb ola bilər. Nəticədə tranzit ölkə olaraq Azərbaycanın gəlirləri bu sahə üzrə əhəmiyyətli dərəcədə arta bilər”.

Oxunma sayı 228