“Napoleon deyir ki, ittifaqlar səhər şehi kimidir, günəşin ilk işığında yox olur. Və o haqlıdır. İstər müvəqqəti ittifaqlar, istərsə də institusional təşkilati strukturlar olsun, dövlətlər arasında birliklər maraqlar əsasında formalaşır və onlar toqquşduqda dostluq və qardaşlıq adlandırılan bir çox əlaqələr pozulur. Çünki dövlətlər alyansların vahid məqsədlərini deyil, öz milli maraqlarını üstün tuturlar”.
Hafta.az-ın yazdığına görə, bunu “Dunya” qəzetində yayımlanan məqaləsində Üsküdar Universitetinin professoru Dəniz Ülkə Kaynak Rusiya ilə Azərbaycan arasında son vaxtlar yaşanan gərginliyi şərh edərkən deyib. Xanım professor bildirib ki, xüsusən də qlobal güc balansında dəyişikliklər baş verəndə, yəni baş rol oynamaq qabiliyyətinə malik yeni aktyor sistemə daxil olduqda və ya köhnəsi gedəndə alyans arxitekturaları da sarsılır. Məsələn, keçmiş Varşava Müqaviləsi üzvü olan ölkələrin bəzilərinin hazırda NATO-ya üzv olması, bəzilərinin isə rəqib Şanxay Əməkdaşlıq Təşkilatına daxil olması və ya İngiltərənin Avropa İttifaqından çıxması kimi hadisələr bu sürüşkənliyin göstəriciləridir. Tarix bu cür istiqamət dəyişiklikləri ilə doludur.
Professor Kaynak qeyd edir ki, “Soyuq müharibə” illərinin şərq qütbü olan SSRİ-nin keçmiş üzvləri bu gün müxtəlif yollarla addımlayırlar. Bəziləri Qərb sisteminə inteqrasiya edərək NATO-ya üzv olsalar da, digərləri oxu dəyişmək istəyinin ağır bədəlini ödəyir. Bədəl ödəməli olanların siyahısında birinci yerdə Gürcüstan və Ukrayna dayanır. İndi isə Azərbaycanla Rusiya arasında artan gərginliyə şahidik.
“Məlumdur ki, Rusiya Cənubi Qafqazı (Gürcüstan, Ermənistan, Azərbaycan) özünün “arxa bağçası” və cənuba açılan qapısı kimi görür. Moskvanın bu regiondakı rolu hərbi təhlükəsizlik, enerji nəzarəti və diplomatik təzyiqə əsaslanır. Azərbaycan - Ermənistan müharibəsində əvvəlcə ermənilərin tərəfində olsalar da, sonradan fəaliyyətsiz qalmaq və Azərbaycanın əlini gücləndirmək onların ümumi strategiyasının tərkib hissəsidir. Görünür, onlar Azərbaycanı Gürcüstan və Ukrayna kimi düşmən edib, zorla nəzarətə götürmək istəmirlər - ən azından yaxın vaxtlara qədər istəmirlər. Bununla belə, qlobal təhlükəsizlik arxitekturasında dərin dəyişiklik var. İstər aparıcı oyunçular arasında yeni ticarət dəhlizləri üzərində inkişaf edən rəqabət, istər qlobal enerji tənliyindəki yeni inkişaflar, istərsə də yeni qurulan müttəfiqlik sistemləri əlaqələri fərqli bir istiqamətə sürükləyir”, - deyib xanım Kaynak.
Məqalədə xatırlatma olaraq qeyd edilir ki, iki ölkə arasında gərginlik ötən ilin dekabrında Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya səmasında raketlə vurulması ilə başlayıb. Ötən həftə baş verən hadisələrdə təxminən 50 Azərbaycan vətəndaşının saxlanılması və iki nəfərin şübhəli şəkildə ölməsi böhranı daha da qızışdırıb. Azərbaycan tərəfinin “Sputnik”in iki əməkdaşını həbs etməsi və rus mədəniyyət mərkəzini bağlaması münasibətlərin qırılma nöqtəsinə doğru getdiyini göstərir.
“Bu kəskin qırılmanın fonunda sadəcə bir sıra diplomatik səhvlər və ya ani reaksiyalar deyil. Əslində məsələ daha dərin və stratejidir. Azərbaycan uzun müddətdir ki, Moskvanın kölgəsindən çıxmaq və Qərb sisteminə yaxınlaşmaq üçün yeni təhlükəsizlik və müttəfiqlik yolları axtarır. Qarabağ müharibəsindəki hərbi uğurlar, Türkiyənin verdiyi dəstək və İsraildən alınan yüksək texnologiya milli özünəinamı artırsa da, risklər də gətirir. Çünki aydındır ki, Rusiya öz sərhədində alternativ marşruta qoşulan dövlətə dözməyəcək. Üstəlik, enerjiyə çıxışın kritik əhəmiyyəti İran-İsrail müharibəsi ilə aydın şəkildə bəlli oldu. Azərbaycanın Avropanın qaz təchizatında əsas aktyora çevrilməsi Rusiyanın Qərbə qarşı istifadə etdiyi ən faydalı təzyiq vasitələrindən birini əlindən ala bilər. Ticarət dəhlizləri uğrunda müharibə də xüsusi əhəmiyyət kəsb edir. Ermənistan və Türkiyə ilə birlikdə Zəngəzur dəhlizi ilə alternativ marşrut təklifi Azərbaycanı xarici siyasətdə fərqli oyuna salır. Əhəmiyyət və fəaliyyət artdıqca təbii şəkildə çətinliklər də artır. Hazırda klassik çoxtərəfli diplomatiya anlayışı (multilateralizm) əvəzinə “minilateralizm” anlayışından danışırıq. İndi dövlətlər böyük və sabit bloklara əsaslanan ittifaqlar əvəzinə, problemyönümlü, dar çərçivəli, lakin funksional koalisiyalar yaratmağa çalışırlar. Görünür, Azərbaycan da Hindistan, İsrail, Körfəz və ABŞ arasında formalaşan yeni marşrutla qərarlaşmaq niyyətindədir. Bu, rəsmi pakt olmasa da, funksional müttəfiqlik zəminini yaradır. Ən mühüm problem odur ki, geosiyasi mövqeyinə görə əvəzolunmaz keyfiyyətə malik Bakı Moskvanın qəzəbinə və Ukrayna kimi yeni böhrana məruz qalacaq” deyən xanım professor bildirib ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Türkiyə xətti çox qaynardır və onu alovlu kəmərə çevirmədən idarə etmək lazımdır.