Ermənistan iqtidarının 44 günlük Vətən müharibəsinin başa çatması ilə eyni vaxtda öz üzərinə götürdüyü öhdəliklərdən yayındığını, Rusiyanın sülh sazişinin ortağı olduğu üçün əl altından, İranın isə açıq-aşkar rəsmi İrəvanı bu öhdəlikləri yerinə yetirməməyə təşviq etdiyini görürük. Belə bir vaxtda Azərbaycan prezidentinin Cənubi Qafqazın üçüncü subyekti olan Gürcüstana səfər etməsi nədən xəbər erə bilər? İranın Ermənistanı öz tərəfinə çəkməyə çalışdığı bir vaxtda Azərbaycan da Gürcüstanın sədaqətini yoxlayırmı?
Hafta.az-a danışan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovun fikrincə, Azərbaycanla Gürcüstan iki əzəli dost ölkələr olduğu üçün dölət başçısı İlham Əliyevin Tiflisə səfərini hər hansı səbəbə bağlamaq düzgün deyil. “Gürcüstan azərbaycanlıları olaraq bizlər prezident İlham Əliyevin səfərinin İranla bağlı olması fikri ilə razı deyilik. Həm də, hesab edirik ki, Azərbaycan İrandan qorxub-çəkinən dövlət deyil. Eyni zamanda, Şuşa Bəyannamasini də unutmayaq. Azərbaycanın arxasında Türkiyə kimi qüdrətli ordusu olan böyük və qardaş dövlət dayanıb. İranın isə başı Suriyada, Yəməndə, İraqda və sair ölkələrdə törətdiyi təxribatlara qarışıb” deyən GAK sədri əlavə etdi ki, digər yandan, İranda daxili siyasi-ictimai vəziyyət nəzarətdən çıxmaqdadır.

H.Yusubov qeyd edib ki, bu gün İlham Əliyev Aropa miqyasında ən çox diqqət çəkən, çox cəsarətli liderdir. Bu gün Avropa ölkələrinin rəhbərləri məhz İlham Əliyevlə əlaqə qurmağa can atırlar. Bu da təbidir, çünki qışın soyuğundan qorunmaq üçün onlara dəstək olacaq ən real dövlət məhz Azərbaycandır. “Gürcüstanın baş naziri İrakli Qaribaşili ilə görüşə gəlincə, bu iki qardaş xalq arasında bütün sahələrdə əlaqələr dinamik inkişaf edir. Gürcüstan tərəfi bu dostluğa sadiqliyini 44 günlük Vətən müharibəsi dövründə isbat edib, Rusiyadan Ermənistana göndərilən silahların qarşısını almaq üçün həm hava, həm də yerüstü yolları Moskanın üzünə bağlayıb. Hesab edirəm ki, İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına stimul verəcək”, - deyib H.Yusubov.
Bu yaxınlarda Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilmiş birgə hərbi təlimlər başa çatıb. Maraqlıdır, vaxtaşırı bu cür hərbi təlimlər keçirən ölkələrimiz arasında müttəfiqliyə dair hər hansı saziş imzalana bilərmi? Müsahibimiz deyib ki, onsuz da Azərbaycan, Gürcüstan və Türkiyə hərbi müttəfiqliyə yaxın səiyyədə münasibətlərə malikdirlər. GAK sədri deyir ki, bu üç dost ölkədən heç biri digərinə qarşı nəinki ərazi iddiası irəli sürmür, əksinə, hər zaman bir-birinə yardım göstərir. “Azərbaycanı Türkiyəyə bağlayan bütün enerji xətləri və yol-nəqliyyat infrastrukturunun Gürcüstandan keçdiyini unutmamalıyıq. Rusiyanın Ukrayna ərazisində müharibə aparması dünyada yeni reallıqlar yaradıb. Bu üç qardaş ölkə də yeni reallıqlara hərbi-strateji planlarla cavab verməlidirlər. Bu gün Türkiyə dünyada öz sözünü deyə bilən, ən ciddi məsələlərə həll yolu tapan güclü dövlətdir. Avropa Birliyinin vahid ordusunun yaradılması təklifi, Türk dünyasının bütöləşməsi yolunda addımların atılması və sair göstərir ki, qlobal miqyasda yeni hərbi blokların yaranması qaçılmazdır”, - deyib H.Yusubov.
Bütün bunlar öz yerində, maraqlıdır, Gürcüstan ictimaiyyəti ölkələrimiz arasında yaxınlaşmanı istəyirmi, ikitərəfli əlaqələri necə qiymətləndirirlər? GAK sədrinin sözlərinə görə, əfsuslar olsun ki, ölkələrimiz arasında sürətlə genişlənən hərtərəfli əlaqələrə Gürcüstanda ictimaiyyəti arasında münasibət birmənalı deyil. “Azlıqda qalan Qərb tərəfdarları ölkənin daha çox Qərbə, digər azlıq olan Rusiyapərəstlər isə Rusiya ilə inteqrasiyasına üstünlük verirlər. Amma ümumilikdə gürcü xalqı ölkələrinin Azərbaycan və Türkiyə ilə münasibətlərdə əldə etdikləri qazancların fərqindədir. Şəxsən mən inanıram ki, gürcü xalqı məhz Azərbaycan və Türkiyə ilə dostluğa üstünlük verəcək”, - cənab Yusubov bildirib.