Hindistanın ölkəmizdəki səfirliyi, iki ölkə arasında turizm sektorunda işgüzar əməkdaşlıq potensialını araşdırmaq məqsədilə Azərbaycan və Hindistan tur operatorların və turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə hibrid rejimdə Hindistan-Azərbaycan İşgüzar Görüşünü təşkil edib. Azərbaycanda fəaliyyət göstərən tur operatorların və turizm agentliklərinin nümayəndələri, eləcə də, mətbuat nümayəndələri tədbirə qatılmaq üçün yerli otellərin birində toplaşmış, hindistanlı həmkarları isə tədbirə virtual rejimdə qoşulublar.

Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən Hindistan səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar qeyd edib ki, Bakı ilə Dehli arasında birbaşa uçuşlar həftədə üç dəfəyədək artırılmaqla, aprelin ilk həftəsindən bərpa olunur. O, iştirakçıları ecazkar Hindistanı kəşf etmək üçün bu fürsəti əldən verməməyə və Hindistana cəlbedici turizm paketləri təşkil etməyə çağırıb.

Hindistan səfirliyinin ikinci katibi Acay Kumar Pandey və hindistanlı iştirakçılar Hindistanın turizm potensialı, gözəl turistik məkanları və Hindistana gələn əcnəbi turistlər üçün yaradılan imkanlar barədə təqdimatlar ediblər. Tədbir zamanı, Azərbaycan Turizm Bürosunun, Cənubi Asiya turizm bazarları üzrə əməkdaşı Elman Məmmədov və Flame Tours & DMC şirkətinin satış və marketinq üzrə direktoru Fərid Hüseynov turizm sektorunda ikitərəfli əməkdaşlığa dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə çıxış edən Hindistanın STIC Travel və Air Charters Qrupunun sədri cənab Subhas Goyal bildirib ki, bugünkü B2B görüş iki ölkə arasında turizm axınının artırılması və ölkələrin bir-birinin mədəni irsi ilə tanışlığı baxımından çox faydalıdır. Daha sonar, tədbirin sual-cavab hissəsində Hindistan və Azərbaycan tur operatorları və turizm şirkətləri arasında turizmlə bağlı səmərəli müzakirələr aparılıb.

Hindistanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-dekabr aylarında ikitərəfli ticarət 2021-ci ilin analoji dövrü ilə müqayisədə illik 154,6 faiz artaraq 1,882 milyard dollara çatıb.
Hindistan hazırda Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.