Son günlər Avropa Kinder qalmaqalı ilə çalxalanır. Xatırlatma üçün deyək ki, bir müddət öncə Kinder şokoladında Salmonella bakteriyası aşkar edildi. Sürpriz yumurtanın ən kiçik qurbanı 3 yaşlı Bruklin-Mai oldu.
Ardınca bir çox ölkədə bu şirkətin məhsullarının istehsalı dayandırılıb, satışına qadağa qoyuldu. Azərbaycanda isə hələ də sözügedən şirkətin qidaları mağazaların vitrinlərini “bəzəyir”. Bu da o deməkdir ki, təhlükə qapının kandarındadır. Bəs görəsən buna kim və kimlər nəzarət edir? Məhsulların satışdan çıxarılması üçün hansı addımlar atılır?
Hafta.az ilk olaraq Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Agentlik məsələ ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Həmçinin ölkəyə gətirilən Kinder məhsullarının yoxlanışı zamanı heç bir bakteriya aşkarlanmayıb.
“Qida Təhlükəsizliyi Agentliyi öz səlahiyyətləri çərçivəsində bütün sahibkarlara məhsulların satışdan çıxarılması ilə bağlı xəbərdarlıq edib. Onu da deyək ki, Kinder məhsulları ölkəyə gətirilən zaman Agentlik tərəfindən yoxlama aparılıb. Sözügedən firmanın şokoladlarında heç bir bakteriya aşkar edilməyib”.
Problemin həlli yollarının izi ilə söhbətimizi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı ilə davam etdirdik. Məlahət xanım saytımıza açıqlamasında, Qida Təhlükəsizliyi Agentliyinin İctimayətə səhv məlumat verdiyini xüsusi vurğuladı:
“Neçə gündür bununla bağlı Türkiyə və digər xarici televiza kanallarında, kütləvi informasiya vasitələrində xəbərlərlə qarşılaşıram. Azərbaycanda isə təəssüf ki, problem lazımınca qabardılmır. Biz bu gün məsələni Milli Məclisdə də müzakirə etdik. Bildirdik ki, həmin qidalar tez bir zamanda satışdan çıxarılmalıdır.
Demək olar ki bütün dünyada Kinder məhsullarının satışına məhdudiyyətlər qoyulub. Ancaq ölkəmizdə buna qarşı heç bir addım atılmır. Qida Təhlükəsizliyi Agentliyi deyir ki, “biz, Kinder məhsulları ölkəyə gətirilən zaman onu yoxlamışıq, heç bir bakteriya aşkar etməmişik”. Mən isə sizin vasitəçiliyinizlə soruşmaq istərdim bu necə ola bilər? Bəyəm Kinder şirkəti Azərbaycan üçün xüsusi məhsul istehsal edir? Necə olur ki, bakteriya digər ölkələrdəki məhsullarda aşkar olunur, ancaq bizdə yox?”
Daha sonra deputat, sözügedən məhsulların təcili surətdə aşkarlanıb, məhv edilməli olduğunu söylədi. Bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin müvafiq olaraq bütün Kinder məhsullarını satışdan çıxarıb yandırmalıdır.
Qeyd edək ki, Kinder məhsullarındada Salmonella aşkar edildikdən sonra Belçikada Kinder sürpriz yumurtalarının istehsalı tamamilə dayandırılıb. Belçika hakimiyyəti bir sıra Avropa ölkəsi və ABŞ-da Salmonella virusuna yoluxma dalğasından sonra Kinder şokolad fabrikinin bağlanmasına göstəriş verib.
Yerli marketlərdə isə heç nə olmamış kimi ən öndəki sıralara yığılan və uşaqların sevimli əyləncəsinə çevrilən sürpriz yumurtalar təhlükə saçmağa davam edir. Kinder məhsulları istehsalçısı ilə AQTA-nın bir-birinə uymayan açıqlamaları da göz qabağındadır. Geriyə sadəcə ümid etmək qalır. Biz də ümid edirik ki, nöqsanlı məhsullar tezliklə aşkar edilər və satışına qadağa qoyular.