Azərbaycanın enerji dəhlizləri qlobal əhəmiyyət daşıyır  - Vüqar Bayramov

15:49 10.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Orta Dəhliz, Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinə töhfə verən ölkələrdəndir. O cümlədən,  Çin şirkəti ilə yaşıl enerji sahəsində əməkdaşlığımız güclənir”.

Bunu hafta.az-a deputat Vüqar Bayramov Prezident İlham Əliyevin ADA universitetində çıxışı fonunda Azərbaycanın enerji resurslarının və nəqliyyat dəhlizlərinin qlobal əhəmiyyəti, yaşıl enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlıq, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı yönündə açıqlamasında bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan tək Çinlə deyil, Körfəz ölkələri, bir sıra xarici şirkətlərlə də yaşıl enerji istehsalında əməkdaşlığı gücləndirir.

“Azərbaycanın enerji dəhlizləri artıq regional deyil, qlobal əhəmiyyət daşıyır. Azərbaycan özünün enerji resursları ilə enerji təhlükəsizliyinə töhfə verir. Digər tərəfdən, enerji kəmərləri və nəqliyyat dəhlizləri vasitəsi ilə daha çox enerji və yüklərin daşınması müşahidə olunur.

Azərbaycan yaşıl enerji məhsulları istehsal edir və dünya bazarına çıxarmaq niyyətindədir. Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycan üzərindən yükdaşımaların həcminin artmasına və ölkəmizin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq”.

V.Bayramov bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya və İrana qarşı sanksiyalar kontekstində Orta Dəhlizin imkanlarının genişlənməsini müşahidə edirik. Bu, təbii ki Orta Dəhliz vasitəsi ilə daha çox yüklərin daşınması anlamına gəlir.

“Şimal-Cənub  dəhlizi şimaldan Hindistana qədər uzanan nəqliyyat dəhlizidir. Bu dəhlizin kifayət qədər böyük potensialı var və Azərbaycan üzərindən reallaşdığı üçün bu, Azərbaycanın dövlət gəlirlərinə və beynəlxalq yükdaşımalara təsir göstərəcək”.