“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb 

16:42 24.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“AzerGold” QSC ixraca başladığı 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızıl göndərib.

Hafta.az xəbər verir ki, bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Z.İbrahimov bildirib ki, Azərbaycanda son kadr və struktur islahatları nəticəsində ölkədə iqtisadi inkişaf yeni bir mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və konkret tədbirlər iqtisadiyyatın şaxələndirilməsi, yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açır: “Bütün bu kimi müsbət meyillər ölkənin aparıcı mədən şirkəti olaraq bizim də öhdəliyimizə ciddi hədəflər qoyur. “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində əldə olunan gəlirlərlə yanaşı, ölkənin dayanıqlı inkişafı istiqamətində də töhfələr vermək bizim ali məqsədlərimiz sırasındadır”.

O diqqətə çatdırıb ki, “AzerGold” fəaliyyətə başladığı dövrdən etibarən istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib. Cəmiyyət hasilata başladığı ilk ildən mənfəətlə çalışır. Bu qısa müddətdə QSC nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkəmizin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib.

“İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızıl göndərib. Sevindirici haldır ki, bu göstəriciyə məhz “AzerGold” QSC-nin hesabına nail olunub. Belə ki, göndərilən qızılın 60,3 min unsiyası QSC tərəfindən ixrac edilib. Beləliklə QSC ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb. Ümumilikdə isə, “AzerGold” 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manatadək vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 milyon manatdan çox vergi və rüsumlar ödənilib”, - deyə Z.İbrahimov bildirib.

Vurğulanıb ki, ötən il QSC tam gücü ilə çalışaraq maksimal nailiyyətlər əldə edib. Hasilat, ixrac, geoloji kəşfiyyat və digər sahələrdə işlər plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq yerinə yetirilib. Keçən il 2018-ci il illə müqayisədə qızıl hasilatında 21,3 faiz, gümüş hasilatında isə 33,2 faiz artım qeydə alınıb. 2019-cu ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10,4 faiz çox olmaqla 55,2 min unsiya qızıl istehsal edilib. Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün hasilatı planlaşdırılıb, halbuki faktiki 17,9 faiz çox olmaqla 103 min unsiya gümüşün istahsalına nail olunub. 2019-cu ilin hasilat rəqəmləri “Çovdar” mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir. Eyni zamanda, 2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 milyon manat, gümüşün satışından isə 3 milyon manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 milyon manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33 faiz, gümüşün satışında isə 47 faiz artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair QSC-nin hədəfi 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür.

İdarə heyətinin sədri deyib ki, “AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi 2019-cu ildə bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, ötən il dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 AZN vəsait ödənilib. 2018-ci ildə isə bu məbləğ 12 milyon 644 min 465 AZN olub. 2019-cu ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 843 min 274 AZN, yəni 6,7 faiz artıb. Hasil edilən metalların dünya bazarlarına ixracı ilə yanaşı, ölkənin qızıl ehtiyatlarının Azərbaycan qızılı hesabına da formalaşması işinin təşkili istiqamətində QSC tərəfindən hasil olunan qızılın Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən alışı təşkil edilib. 2019-cu ildə 57 min unsiya saf qızılın ARDNF-ə satışı həyata keçirilib. Bu, satışın ümumi həcminin 95 faizini təşkil edir.

Qeyd edilib ki, 2021-ci ildə Çovdar yatağının cinahları, yəni “AzerGold”un geoloqları tərəfindən kəşf edilən “Ağyoxuş” və “Mərəh” sahələrinin istismara verilməsi planlaşdırılır. “Ağyoxuş” yatağının resurs potensialı 40 min unsiya qızıl hesablanıb. Hazırda yatağın açıq üsulla istismarı layihəsi çərçivəsində mədən dizaynı hazırlanır. “Mərəh” sahəsinin isə ilkin kəşfiyyat işləri müsbət nəticələnib və ehtiyatların dəqiqləşdirilməsi üçün əlavə kəşfiyyat işləri davam etdirilir. Növbəti mərhələdə ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi üzrə işlər davam etdiriləcək. Göygöl rayonunda yerləşən və potensial resursları 500 min unsiya qızıl olaraq qiymətləndirilən “Tülallar” yatağının şimal hissəsində hasilat işlərinə başlamaq üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri bu il də sürətlə davam etdiriləcək. “Tülallar” sahəsinin cənub hissəsində isə resursların artırılması üzrə əlavə buruq-qazma işləri sona çatdırılıb. Cari ilin ikinci rübündə yatağın resurlarının hesablanması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması işləri yekunlaşdırılacaq.

Diqqətə çatdırılıb ki, “Çovdar” yatağın 2024-cü ildə yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulub. Yatağın sulfid fazası üzrə təsdiqlənmiş resursları 350 min unsiya qızıl və 925 min unsiya gümüş təşkil edir. Hazırda resursların artırılması istiqamətində əlavə buruq-qazma işləri yekunlaşdırılıb, resursların hasilat səmərəliliyinin qiymətləndirilməsi həyata keçirilməkdədir. Cari ilin sonuna qədər yatağın sulfid fazası üzrə detallı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması gözlənilir.

Z.İbrahimov deyib: “Digər iri layihələrdən biri “Filizçay” yatağıdır. Balakən rayonunda yerləşən bu yataq filiz ehtiyyatlarının həcminə görə Avropanın ən iri yataqlarından biri hesab edilir və dünyada polimetal yataqlarının ilk onluğuna daxildir. Yatağın birinci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağı ümumi filiz ehtiyatlarının 120 milyon tonadək artırılması da gözlənilir. “Filizçay” yatağı ilə bağlı bütün məlumatlar sovet dövrünə aiddir. Bu məlumatların beynəlxalq standartlara uyğun yenilənməsi prosesi kifayət qədər vaxt tələb edir. Bununla yanaşı, hər bir yataq istismara verilinə qədər onun ehtiyyat həcmlərinə uyğun icra edilməsi tələb olunan mərhələləri var. Bu mərhələlərin müddəti yatağın həcmi ilə yanaşı, yerləşdiyi relyefdən, geoloji strukturdan və digər məsələlərdən asılı olaraq dəyişir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma, nəhayət, tikinti işlərinin aparılması kimi mərhələlərdən keçməlidir ki, buna da müvafiq olaraq illər tələb olunur. Bütün bu prosesləri nəzərə alaraq ilkin olaraq “Filizçay” yatağının aktiv istismarına 2027-ci ildən başlanılması planlaşdırılırdı. Lakin biz bütün qüvvələrimizi səfərbər etmişik ki, yatağın istismarına 2 il daha tez, yəni 2025-ci ildə başlayaq. Mart ayından etibarən ərazidə buruq-qazma işləri icra ediləcək, növbəti mərhələdə isə metallurji sınaqların aparılması planlaşdırılır. Yatağın istismara verilməsi yüzlərlə iş yerinin açılmasına imkan yaradacaq və ümumilikdə, yatağın yerləşdiyi ərazidə sosial-iqtisadi inkişafa böyük töhfələr vermiş olacaq”.

Bildirilib ki, 2019-cu il ərzində bütün sahələr üzrə ümumilikdə 47 min metrdən çox buruq-qazma işləri aparılıb. Bu rəqəm ölkə üzrə dağ-mədən sahəsi üzrə maksimal göstəricidir. Cari ildə yeni yataqlar üzrə ümumilikdə əlavə 50 min mətrədək dərinlikdə buruq-qazma işlərinin aparılması öhdəlik kimi qoyulub. Aparılan kəşfiyyat işləri nəticəsində QSC-nin əlvan metal ehtiyatları beynəlxalq standartlara əsasən 20 dəfədən çox artırılıb. Həmin ehtiyyatların hasil edilərək ixrac edilməsi ölkə iqtisadiyyatına milyardlarla manat həcmində vəsaitin daxil olması deməkdir.

“Lakin, hamıya məlum olduğu kimi, qeyd edilən iri layihələrin icrası müvafiq maliyyə vəsaiti tələb edir ki, bu məqsədlə biz həm yerli, həm də beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb edilməsi planlaşdırılır. Bunun üçün isə şirkətin öz nizamnamə kapitalı da müvafiq səviyyədə olmalıdır. “AzerGold” QSC isə fəaliyyətə 2 milyon manat ilkin kapitalla başlayıb. Qeyd etdiyim bu layihələrin işə salınması üçün nizamnamə kapitalı artırılaraq 37 milyon manata çatdırılıb”, - deyə o vurğulayıb.

Z.İbrahimovun sözlərinə görə, ötən il QSC-nin qısa və uzunmüddətli inkişaf strategiyasının hazırlanmasına başlanılıb. Bu məqsədlə prosesə nüfüzlu beynəlxalq məsləhətçi şirkət cəlb edilib. Məsləhətçilərlə birlikdə şirkətin potensial inkişaf mənbələrinin təyin edilməsi üzrə müvafiq işlərin görülməsinə başlanılıb. Bu sənədin hazırlanması, həmçinin dünya bazarında əlvan metallara olan tələbatı müəyyən etməyə və bu məlumat əsasında hasilat prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək ki, bu da layihələrin iqtisadi səmərəliliyini dəfələrlə artıracaq. Bu prosesdə 1000-dən çox beynəlxalq şirkətin təcrübəsindən yararlanılacaq. Məqsəd mədən şirkətindən sənaye şirkətinə çevrilmək, paralel olaraq yan sahələrin inkişafına nail olmaqdır. Bundan əlavə, QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə mövcud bütün qiymətli və əlvan metal filizi yataqları ilə bağlı məlumatlar arxivini yeniləyir: “Bu, bizə qiymətli və əlvan metal filizi yataqlarının tədqiq edilməsi, kəşfiyyatı və idarə olunmasında effektivliyin və iqtisadi səmərəliliyin artırılmasına kömək edəcək. Prosesin ilkin mərhələsində mövcud bütün arxiv sənədləri elektronlaşdırılacaq. Eloktronlaşma prosesi aprelin 1-dək tam yekunlaşdırılacaq. Daha sonra bu məlumatların vahid rəqəmsal bazası yaradılacaq. Növbəti mərhələ iqtisadi səmərəlilik nəzərə alınmaqla yataqların işlənmə prioritetləri müəyyənləşdiriləcək. QSC-nin gəlirlərinin 2025-ci ildən etibarən bir neçə dəfə artması proqnozlaşdırılır. Eyni zamanda, “AzerGold”un fəaliyyəti nəticəsində 2017-2018-ci illər ərzində Daşkəsən rayonu üzrə sənaye məhsulunun dəyəri 2016-cı ilə nisbətdə 70 dəfə artıb və Daşkəsən rayonu müvafiq göstərici üzrə respublikanın şəhər və rayonları arasında ilk onluğa daxil olub”.

“Ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi yerli bazarda da Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulların təqdim edilməsinin vacibliyini nəzərə alaraq, ötən il ölkənin pərakəndə bazarında müvafiq məhsulların satışına başlanılıb. Sözügedən məhsullar “Çovdar” mədənindən hasil edilən qızıl və gümüşdən hazırlanır, 999.9 əyarlı külçə və sikkələr 5, 10 və 20 qramlıq çəkilərdədir. Hazırda şəhərin 12 müxtəlif nöqtəsində, həmçinin onlayn platforma üzərindən satışı həyata keçirilir. “AzerGold” QSC-nin təyinatı qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi və tədqiqi, metalların hasilatı və beynəlxalq birjalarda satışının təşkilindən ibarətdir. Daxili bazara çıxarılan hazır məhsulların maliyyə baxımından dəyərini yuvarlaqlaşdırsaq, “AzerGold”un ümumi dövriyyəsinin 1 faizini əhatə etmir. Bunu deməkdə məqsədim odur ki, həyata keçirdiyimiz bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximiz, bir sözlə milli dəyərlərimizin təbliğinə yönəlib. Üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının Çələbi naxışı əks olunmuş məhsullar məhz bu məqsədə xidmət edir. Digər məqsədimiz isə, ilk növbədə, yerli istehsalın dəstəklənməsi və yerli məhsulun təşviq edilməsidir. Məhz buna görə də məhsullar minimal mənfəət nəzərə alınmaqla yerli bazara çıxarılıb”, - deyə idarə heyətinin sədri vurğulayıb.

“AzerGold” QSC-də insan amilinin inkişafına xüsusi diqqət yetirilir, əməkdaşların bilik və bacarıqlarının, peşə vərdişlərinin təkmilləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Bu, öz təsdiqini QSC-nin ötən il ISO beynəlxalq standartlarına dair 3 sertifikata layiq görülməsində də tapır. Beynəlxalq sertifikatlaşdırma orqanı tərəfindən cari ildə keçirilmiş sertifikatlaşma auditinin nəticələrinə əsasən, “AzerGold” QSC-yə Keyfiyyət, Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi və Ətraf Mühiti İdarəetmə Sistemi üzrə 3 beynəlxalq sertifikat təqdim edilib. QSC-nin fəaliyyət göstərdiyi zaman ərzində təhlükəsiz iş saatlarının sayı 1,5 milyon saat təşkil edib. Bu, 3 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün olduqca yüksək göstərici hesab olunur.

“Nəzərinizə çatdırım ki, ekoloji siyasət “AzerGold” QSC-nin fəaliyyətində əsas prioritetlərdəndir. Məsələn, mövcud ekoloji monitorinq proqramı çərçivəsində hava, su və torpaq nümunələri mütəmadi olaraq yoxlanılır. Mədən ərazisində formalaşan tullantıların idarə olunmasın mütəmadi nəzarət olunur. İl ərzində 660 kubmetr təhlükəli tullantı utilizasiya olunması üçün Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzə, 368 kubmetr bərk məişət tullantısı isə Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatına təhvil verilib. “Çovdar” mədəni ərazisində yaşıllıqların artırılması məqsədilə ümumilikdə 8 mindən çox ağac əkilib. Ötən ilin payız mövsümündə “Regional İnkişaf” İctimai Birliyi və “IDEA” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində yaşıllaşdırma layihəsinə start verilin, təqribən 100 min ədəd palıd toxumunun aqrotexniki qaydalara uyğun şəkildə mədən ərazisində əkilməsi yerinə yetirilib. Hesabat dövrü ərzində yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib”, - deyə o qeyd edib.

Bildirilib ki, ötən il istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində zəruri addımlar atılıb. İstehsalat prosesi zamanı tullantı qismində ayrılan civə dünya praktikasında ya torpağa basdırılır və ya təkrar istehsalda istifadə edilir. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin “AzerGold” QSC-nin prioritetlərindən olduğunu nəzərə alaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirib. Nəticədə istehsalat prosesində tullantı qismində ayrılan 1163 kiloqram həcmində civə partiyası çoxsaylı mürəkkəb prosesdurları keçərək Sinqapura uğurla ixrac olunub. Beləliklə, ölkədən civənin ixracı bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla ilk dəfə olaraq reallaşdırılıb.

Diqqətə çatdırılıb ki, hazırda QSC üzrə inzibati idarə də daxil olmaqla 342 nəfər çalışır, onlardan 78 nəfəri Daşkəsən, 66 nəfəri Gəncə və ətraf bölgələrin sakinləridir. Cəmiyyətin fəaliyyət göstərdiyi sahələrdə podratçılar üzrə 421 nəfər işçi fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, Göygöl rayonunda “Ağyoxuş” və “Tülallar” sahəsi, Daşkəsən rayonunda “Çovdar” yatağının yeraltı hissəsinin istismarı, Balakən rayonunda “Filizçay” layihəsinin işə salınması zamanı 3000 nəfərədək yeni iş yeri açılacaq. Cəmiyyətin fəaliyyəti nəticəsində Daşkəsən rayonu üzrə sənaye sahəsində işçilərin orta əməkhaqqında 100 faiz artıma nail olunub.

Ötən il QSC tərəfindən innovasiya layihələrinin icrası istiqamətində müəyyən işlər icra edilib. Bu işlər çərçivəsində sahələrarası innovasiyanın stimullaşdırılması üçün sənayenin inqilabi startaplarının bir araya gətirilməsi, sahə üzrə yeniliklərin stimullaşdırılması, proseslərin optimallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi ilə Akselerasiya proqramına başlanılmışdır və əməkdaşlıq davam edir. Bundan əlavə, “AzerGold”un fəaliyyət istiqamətləri üzrə innovativ həllərin mövcud durumunun təhlili və təkmilləşdirmə təkliflərinin irəli sürülməsi və QSC-də innovasiya auditinin həyata keçirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyi ilə əməkdaşlığa başlanılıb və nəticədə qarşı tərəfdən innovasiya auditi üzrə hesabat təqdim edilib. İnnovasiya auditi Azərbaycanda ilk dəfə olaraq məhz “AzerGold” QSC-də aparılıb.

Qeyd olunub ki, QSC əsas prioritet istiqamətlərdən biri - korporativ sosial məsuliyyət siyasəti çərçivəsində 2019-cu il ərzində də mühüm layihələrə imza atıb. Həmin layihələrdən biri “AzerGold” və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusunda Bakıda və Naxçıvanda təşkil edilmiş təlimlərdir. “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliklərinə adaptasiyası” mövzusundakı təlim layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərindən biri - İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə məqsədi əsas götürülərək “Milli KSM-2019” mükafatını qazanıb. “AzerGold” QSC “Milli KSM mükafatı”na layiq görülən ilk və yeganə dövlət şirkətidir.

Bildirilib ki, 2019-cu ilin fevralında “AzerGold” QSC tərəfindən 3-cü topaqələviləşdirmə sahəsinin tikintisi zamanı qədim məzarlar aşkar edilib. Vaxt itkisi və maliyyə baxımından əlavə risklər yaratmasına baxmayaraq, ərazidə tikinti işləri dərhal dayandırılıb. Müvafiq qurumlara faktla bağlı məlumat verilib və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əldə edilmiş razılığa əsasən, ötən ilin may ayından etibarən ərazidə arxeoloji qazıntılara başlayıb. Beş ay davam edən arxeoloji qazıntılar zamanı aşkarlanan 156 qəbirdən 6 mindən çox eksponat tapılıb. Maddi-mədəni nümunələr mütəxəssislər tərəfindən yüksək dəyərləndirildi və məlum olduğu kimi tapıntıların mühafizəsi və müvafiq tədqiqatların aparılması üçün QSC-nin gördüyü işlər ictimaiyyətə təqdim edilib. Bu mövzuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Qazıntılar zamanı aşkarlanmış maddi-mədəni irs nümunələrindən ibarət xüsusi ekspozisiya Daş Salnamə muzeyində hazırda da sərgilənir. Cari ildə də bu tapıntıların beynəlxalq ekspertlər tərəfindən öyrənilməsi məqsədilə müvafiq işlər görüləcək. “AzerGold”un Korporativ Sosial Məsuliyyət Komitəsi QSC-nin fəaliyyətinin ilk günlərindən fəaliyyət bölgələrinin əhalisi ilə sıx təmasda olaraq çalışır, əhalinin sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədilə sakinlərlə mütəmadi görüşlər keçirir. Görüşlərdə əhalinin sosial ehtiyacları öyrənilir və müvafiq olaraq yerli əhali və icmalarla iş prioritetləri çərçivəsində müəyyən işlər görülür.

“Qeyd edim ki, Azərbaycanın ən zəngin əlvan metal yataqları işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşir və bu yataqlarda hazırda qeyri-qanuni hasilat işləri aparılır. Digər ölkələrdə baş verən bu kimi situasiyalarda dünya ictimaiyyətinin mövqeyi qəti və birtərəfli olsa da, çox təəssüf ki, Dağlıq Qarabağda aparılan qeyri-qanuni hasilata dünyada ikili standartlarla yanaşılır. Lakin “AzerGold” QSC işğal edilmiş ərazilərində əlvan metalların qeyri-qanuni hasilatını təşkil edən və həyata keçirən bir sıra Ermənistan və Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə müvafiq addımlar atır. Belə ki, 2018-ci ildə “AzerGold” QSC tərəfindən məsələ ilə bağlı açıq mənbələrdən toplanan məlumatlar Baş Prokurorluğa təqdim edilib və cinayət iş aparılıb. Ötən il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlər və bu fəaliyyətlərin Avropa Şurası qarşısında götürülmüş öhdəliklər müstəvisində yaratdığı nəticələrə həsr olunmuş tədbirdə də tərəfimizdən məsələ ilə bağlı müfəssəl məlumatlar təqdim edilib. Bu məsələ ilə bağlı müəyyən edilmiş hədəflərin icrası məqsədilə yerli və xarici müstəvidə müvafiq işlərin həyata keçirilməsi davam etdirilir. “AzerGold” QSC daha böyük nailiyyətləri əldə etməyi və ölkə iqtisadiyyatının inkişafına daha böyük töhfələr verməyi hədəfləyir”, - deyə o vurğulayıb.

Sosial rubrikasından digər xəbərlər