Azərbaycanın qeyri-neft-qaz sektorunu təmsil edən əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüşün beynəlxalq bazarda satışı nəticəsində ölkə iqtisadiyyatına cəlb etdiyi ümumi vəsait 1 milyard 716 min 495 manata çatıb.
Hafta.az-ın yazdığına görə, QSC-nin icra etdiyi 79-cu ixrac əməliyyatı nəticəsində 3700 unsiya qızıl, 11400 unsiya gümüş beynəlxalq bazarda realizə edilib və 12,8 milyon manat satış gəliri əldə edilib. Bununla QSC tərəfindən bütün fəaliyyət dövrü ərzində ixrac edilən qızılın həcmi 361900 unsiya, gümüşün həcmi isə 723500 unsiyaya çatıb.
İxrac əməliyyatları ilə yanaşı, yerli zərgərlik bazarının inkişafı məqsədilə daxili bazarda pərakəndə və xammal formasında satışlarını davam etdirən QSC-nin ümumi satış gəlirləri 1 milyard 042 milyon manatı üstələyib. Belə ki, ötən dövr ərzində 11500 unsiya qızıl, 77 min unsiya gümüş daxili bazarda realizə edilib.
Qeyd edək ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işlərini davam etdirir.