Bağlanmış banklarda hüquqi pozuntuların yaranma səbəbləri müzakirə olunub

15:52 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev və bankların rəhbər şəxslərindən ibarət olan qrupun üzvləri iştirak edib.

ABA-dan hafta.az-a bildirilib ki, iclasda bağlanmış banklarda qarşıya çıxan hüquqi pozuntuların yaranma səbəbləri və belə halların bir daha baş verməməsi üçün görüləcək tədbirlər, uyğun sahədə bankları maraqlandıran sualların hazırlanaraq Əmanətlərin Sığortalanması Fonduna təqdim edilməsi, fors-major hallarının qanunvericilikdə tətbiqi ilə bağlı məqamların, həmçinin “Elektron məhkəmə” informasiya sistemində bəzi məlumatların sorğu əsasında mübadiləsinin təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxunma sayı 2389