Bakıda ən ucuz mənzillər hansı istiqamətlərdədir? - ARAŞDIRMA

13:15 18.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bu gün gənc ailələrin əsas problemi evsizlikdir. Hətta evi olmadığı üçün evlənə bilməyən yüzlərlə paytaxt sakini var. Məsələ isə Bakıdakı mənzillərin od qiymətinə olmasıdır.

Ekspertlərin dediklərinə inansaq, yaxın vaxtlarda paytaxtdakı mənzil bazarında nisbi qiymət düşməsi gözlənilir. Buna səbəb dövlətin sosial layihələrinin sayının atmasıdır. Sosial evlərin əsasən dövlət qulluğunda çalışan və imtiyazlı şəxslərə verilməsi işsiz və şəxsi kiçik bizneslə məşğul olanların dərdinə dərman olmasa da, müəyyən mənada yardımçı ola bilir.

Belə ki, özəl şirkətlər əllərindəki mənzilləri satmaq üçün rəqabət yarışına girməyə məcbur olur və evlərin kvadratını daha ucuz qiymətə təklif edir. Hər halda bu ekspertlərin fikridir.

Yeni tikilən mənzillərdə hansı problemlər var?

Yeni mənzil alan şəxslər və ekspertlərlə söhbətlərimizdən məlum oldu ki, yeni tikilən mənzillərdə əsas problemlərdən biri əsasən keyfiyyətsiz tikilməsi və təmirsiz satılmasıdır. Digər problemlər sırasında layihələrin qeyri-peşəkar hazırlanması, kommunal rahatlığın – işıq, su, qazın bir çox hallarda olmaması, yol infrostrukturunun bərbad vəziyyətidir. Hətta adi problemlərdən biri mətbəxtdə pəncərə qoyulmaması xanımlar üçün gələcəkdə problemlər yaradır. Hətta bəzi ucuz qiymətə təklif edilən binalarda eyvan qoyulmaması və liftlərin nasazlığı əsas problemlərdəndir.

Ucuz mənzillər Bakının hansı nöqtələrindədir?

Yeni Yasamal massivində özəl şirkətlər tərəfindən tikilmiş bir sıra binalar alıcısını gözləyir. Mənzillər isə demək olar ki, təmirsiz satılır. Orta statistik göstəricilərlə 1 otaq 56-64 kv m-dən, 2 otaq 78-88 kv m-dən, 3 otaq 118-125 kv m-dən başlayır. Nəğd 1 otaq təmirsiz kvm 1070-1090 manat, 2 otaq təmirsiz kvm 1050-1060 manat, 3 otaq təmirsiz 1040-dır.

Mənzilləri ilkin ödəniş 20% olmaqla, dövlət ipotekası 25 ilə illik 7 % dən ala bilərsiniz.  3 otaqlı (4 otaq etmək imkanı var-red. ) 128,6 kv.m-lik mənzillərin ilkin ödəniş 26 844 manat, aylıq isə 756 manat ödəməklə ipoteka ilə əldə etmək mümkündür.

Bakı-Sumqayıt yolunun üzərindəki və Xırdalan-Masazır istiqamətindəki binalar da qismən ucuz təsiri bağışlayır. Bu istiqamətdəki 1 otaqlı ən ucuz mənzillər aylıq 193 manatdan başlayır. 2 otaqlı mənzillər 309 manat, 3 otaqlı mənzillər 627 manatdan başlayan qiymətlərlə alıcılarla təklif olunur.

Bu istiqamətdə ən ucuz şərtlərlə ev satan şirkətlərdən əldə etdiyimiz məlumata görə 2 otaqlı mənzilin ilkin ödənişi üçün alıcılar 7455 manatından bəri başdan keçməlidirlər. 20 il müddətinə ipoteka ilə verilən ev üçün 348 manat aylıq ödəməlidirlər.

Sabunçu və Bakıxanov istiqamətində durum necədir?

Paytaxtın bu istiqamətində təmirli və təmirsiz evlər alıcılarını gözləyir. Qiymətlər isə münasib deyil. Belə ki, təmirsiz evlər 855 manatdan başlayaraq alıcılara təklif olunur. Qismən təmirli evlərdə durum isə bir az da bahalaşmaya gətirib çıxarır: 965 manatdan başlayan qiymətlər... Bir vaxt ucuz qiymətlərlə ilkin ödənişlə alınan evlərdən isə şikayətlər gəlir. Evlərin keyfiyyətsiz tikintisindən və kommunal xidmətlərin bərbad vəziyyətdə olmasından şikayətlər edilir. Əsasən 10, 15, 20 və 25 illik ipotekalarla alıcılara təklif olunan evlərin ortalama ilkin ödənişi 18-24 min manatı əhatə edir. Üstəlik, mənzillərin kvadratmetri daha aşağıdır: 18-41 kvadrat metr...

Hövsan qəsəbəsində ucuz evlər varmı?

Ev alqı-satqısı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumatlara görə, hazırda Hövsan qəsəbəsində ən çox təlabat 1 və 2 sot içərisində tikilmiş həyət evlərinədir. Orta təmirli mənzillərin qiyməti təqribən 50 min manatdan başlayır. 85-90 min manata da 2-3 otaqlı mənzil tapmaq mümkündür. Son illərdə bir çox yaşayış komplekslərinin tikildiyi qəsəbədə həmin layihələrin mənzillərinə təlabatın o qədər də çox olmadığı bildirilir. Paytaxta məsafənin uzaqlığı, qiymətlərin mərkəz və ətraf bölgələrlə eyni olması qiymətdə demək olar ki, fərq yaratmır. Alıcılar və ev alqı-satqısı ilə məşğul olanlar belə deyir. Buna baxmayaraq, Hövsan qəsəbəsində mənzillərin qiymətinin 1 kvadrat metri 780 manatdan başlayır.