Bakıda sexdə baş verən yanğın söndürülüb

15:28 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilən 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 5 kvadratmetr olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.