Mənşəyi məlum olmayan təhlükəli virus və mikroblar antisanitar şəraitdən, natəmizlikdən yaranır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin göstərişi əsasında ictimai yerlərdə, obyektlərdə,təhsil müəssisələrində, yaşayış binalarında dezinfeksiya işlərinin aparılması sürətlənib. Elə ərazilər var ki, illərlə ora süpürgə dəymir, baxımsızlıqdan natəmizlik baş alıb gedir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 12 saylı 5 mərtəbəli, Leninqrad tipli yaşayış binasının ərazisi neçə ildir ki, natəmizlik içindədir. Binanın daxili yolunun asfalt örtüyü dağıldığından, dərin çalalar əmələ gəlib. Baxmayaraq hava quraqlıq keçir, hələ də binanın yolu palçığın, natəmizliyin içində idi.
Mövlüd adlı sakin “Həftə içi”nə şikayətləndi ki, sözügedən binanın 44-cü mənzilində yaşayır: “Ərazi süpürülmədiyindən, külək zibili gətirib kirəcəyin içinə töküb. Atılacaq zibil girəcəkdən mənzillərə dolur. Binaya dövlət səviyyəsində su xətti çəkilməyib. Sakinlər bayırdan ana xətdən fərdi şəkildə nazik plastik kapilyar borularla mənzillərinə su xətti çəkiblər. Təzyiq olmadığından, özləri xəttə nasos alıb qoşublar. Nasoslar vasitəsilə mənzillərinə su vururlar. Bu da təzyiqə tab gətirə bilmir. Borular deşik olduğundan, içməli su binanın giriş hissəsinə axaraq natəmizlik, çirkab əmələ gətirir”.
Sakinlər dedilər ki, bina baxımsız qalıb. Onların sözlərinə görə, sovet dönəmindən tiklib istifadəyə verilən gündən binada bir dəfə də olsun təmir işləri aparılmayıb: “Binanın çöl pəncərələri və giriş qapıları sınıqdır, fasadları rənglənməyib. Binanın daxili yolu pisdir. Binanın təmizliyi ilə Sabunçu rayon MKTB 81 saylı Mənzil İstismar Sahəsi məşğul olur. İldə bir-iki dəfə sakinlər şikayət etdikdən sonra, MKİS-nin işçiləri gəlib ərazini süpürüb-gedirlər. İstər MKİS, istərsə də Bakıxanov Bələdiyyəsi ancaq gəlib vergi, zibil, təmir pulu yığmaqla məşğuldur”.