Bank sektorunda yeni mərhələ - Müzakirə

12:00 13.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının müstəqilliyi artırılır. Bu məsələ “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz. Layihəyə əsasən, artıq qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq də həyata keçirə bilməz.

Təklif edilən 6.2-ci maddəyə əsasən isə Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal (Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir) istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bəs, görəsən, Mərkəzi Bankın müstəqilliyinin artırılması nə vəd edir?

Məsələni qəzetimizə şərh edən iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, dünya təcrübəsində Mərkəzi Bankın müstəqilliyi çox uğurlu nümunədir:  “Qeyd edim ki, Mərkəzi Bankların ən böyük xüsusiyyətlərindən biri onun müstəqilliyidir. Dünya ölkələrində bu banklar dövlətə tabe deyil, tam fərqli bir qol kimi fəaliyyət göstərirlər. Xatırlayırsınızsa, ABŞ-də 2018-2020-ci illərdə Mərkəzi Bank prezident Trampın çağırışlarını dinləmir, müstəqillikləri çərçivəsində qərarlar qəbul edirdilər. Hətta prezident faiz dərəcələri ilə bağlı təzyiq etsə də, heç nəyə nail ola bilmirdi. Layihəyə görə, artıq Azərbaycan Mərkəzi Bankı da öz verdiyi qərarlara, aktivlərin üzərindəki sərəncamlara, götürəcəyi borclara, maliyyə bazarlarındakı əməliyyatlara özü cavabdeh olacaq. Bu dünyada çox yaxşı nümunədir və tətbiq edilir. Mərkəzi Bankın müstəqilliyinin nə vəd edəcəyinə gəldikdə isə hazırda bank rəhbərliyi maliyyə və qiymət stabilliyinə çalışırlar. Təklif edilən 6.2-ci maddəyə əsasən isə, Mərkəzi Bank iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və ya onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal (Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir) istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil. Mərkəzi Bankın yeni rəhbərliyi ilə görüşlərdə iştirak etdikdə, müşahidə etmişəm ki, bank kapital bazarını inkişaf etdirməyə, iqtisadiyyatda faiz dərəcələrinin rolunu artırmağa, maliyyə və qiymət stabilliyinə çalışır. Təbii ki, proses nə qədər uğurlu olacaq, bunu zaman göstərəcək”.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli isə vurğulayıb ki, bu addım ölkənin baş bankının iqtisadi imkanlarını genişləndirməyə şərait yaradacaq: “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliyə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər Mərkəzi Bankın fəaliyyəti üzərində monitorinq də həyata keçirə bilməz. Hesab edirəm ki, Mərkəzi Bankın iqtisadi imkanlarının genişləndirilməsi onun inkişafına imkan verəcək. Bundan sonra bank maliyyə kredit siyasətinin həyata keçirilməsində müstəqil qərarlar verəcək. Bu da Mərkəzi Bankın ölkənin maliyyə monetar siyasətini idarə etməsində daha çox beynəlxalq təcrübəni tətbiq etməsi və bundan yararlanmasına imkan verəcək. Həmçinin, Mərkəzi Bank gələcəkdə ölkəyə kreditlər və dünya maliyyə qurumlarından vəsaitlər cəlb edərək öz fəaliyyətini daha da təkmilləşdirə bilər”.

İqtisadçı deyib ki, yeni qaydalara əsasən, artıq heç bir dövlət orqanı və qurumu Mərkəzi Bankın fəaliyyətini yoxlaya bilməz: “Bu da Mərkəzi Bankın Maliyyə Nazirliyindən asılılığını aradan qaldıracaq. Bununla da bankın gələcəkdə məzənnənin tənzimlənməsində, manatın məzənnəsinin formalaşdırılmasında, işlək bazar mexanizmlərinin tətbiqində iqtisadi müstəqilliyi olacaq. Eyni zamanda, manatın dəyərinin düzgün tənizmlənməsində Mərkəzi Bankın da öz rolu olacaq".

Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov isə deyib ki, Mərkəzi Bankın müstəqilliyinin genişləndirilməsi müasir çağırışlara uyğun olaraq həyata keçirilirməlidir:

“Ümumiyyətlə, Mərkəzi Bank Azərbaycanda xüsusi statusa malik olan qurumlardandır. Mərkəzi Bankın müstəqil fəaliyyət göstərməsi bank sektorunda yeni alətlərin tətbiq edilməsinə imkanlar yaradır. Yeni qərarda Mərkəzi Bankın müstəqilliyinin daha da artırılması, eyni zamanda, bir sıra məsələlərdə banklara da müstəqilliyin verilməsi nəzərdə tutulur. Bank filiallarının açılması ilə bağlı qərarın banklar tərəfindən verilməsi asanlaşır. Dünya praktikasına nəzər salsaq, görərik ki, xüsusilə, inkişaf etmiş ölkələrdə Mərkəzi Banklar müstəqildirlər, bu səbəbdən də Azərbaycanda da müvafiq qanunvericiliyə dəyişiklik edildi. Fikrimcə, Azərbaycanda da Mərkəzi Bankın müstəqilliyinin genişləndirilməsi müasir çağırışlara uyğun olaraq  aparılmalıdır”.